HƏLLEDİCİLƏR – müxtәlif maddәlәri hәlledәn, onlarla iki vә ya daha çox komponentdәn ibarәt homogen sistemlәr (mәhlullar) әmәlә gәtirәn fәrdi kimyәvi birlәşmәlәr vә ya qarışıqlar. Adәtәn maye – qaz vә maye – bәrk cisim qarışıqları üçün H. maye, iki vә çox komponentli mәhlullar üçün isә H. miqdarı qalan komponentlәrin miqdarından xeyli çox olan komponent hesab edilir. H. çox vaxt onların kimyәvi quruluşu vә ya fiziki xassәlәrinә görә tәsnifatlandırılır. H. kimyәvi quruluşuna görә üzvi vә qeyri-üzvi H.-ә ayrılır. Üzvi H.-ә alifatik vә aromatik karbohidrogenlәr, onların halogenli vә nitrotörәmәlәri, spirtlәr, karbon turşuları, sadә vә mürәkkәb efirlәr, turşuların amidlәri, nitrillәr, aldehidlәr vә ketonlar, sulfoksidlәr vә s. aiddir. Su әn mühüm qeyri-üz vi H.-dir. Qeyri-üzvi H.-ә asanәriyәn halogenidlәr (mәs., BrF3), okso halogenidlәr (mәs., sulfurilxlorid, tionilxlorid), azotsaxlayan birlәşmәlәr (maye NH3, hidra zin, hidroksilamin vә s.), hәmçinin maye SO2, hidrogen-flüorid turşusu vә s. aiddir; bәzi hallarda asanәriyәn metallar (hallium, qalay vә s.) istifadә olunur. Elektrolit duzların әrintilәri duzlar vә metallar üçün әla H.-dir, hәmçinin üzvi reaksiyaları aparmaq üçün mühit kimi yararlıdır. Hәm asanәriyәn (nitratlar, asetatlar), hәm dә nisbәtәn çәtinәriyәn (halogenidlәr, boratlar, fosfatlar, molibdatlar, vanadatlar vә s.) duzların әrintilәri tәtbiq olunur. Oksidlәrin (PbO, Bi2O3, B2O3), hәmçinin qarışıqların (mәs., PbO vә PbF2) әrintilәri geniş tәtbiq olunur vә H.-in turşu-әsas xassәlәrinә görә tәsnifatından (turşu, әsasi vә neytral H. ) istifadә edilir. H.-in fiziki xassәlәrinә görә tәsnifatı onların qaynama temp-runa (aşağı vә ya yüksәk temp-rda qaynayan H.), uçuculuğuna (asanuçucu, ortauçucu vә çәtinuçucu H.), özlülüyünә (az, orta vә yüksәk özlülüklü H.), molekulunun dipol momentinin olmasına vә ya olmamasına, dielektrik keçiriciliyinin e qiymәtinә (polyar vә qeyri-polyar) әsaslanır. H.-in molekulları hәllolan maddәyә münasibәtdә protonların vә ya elektronların donoru (aksep toru) rolunu oynaya bilәr. Bu funksiya әsasında vә dielektrik keçiriciliyinin qiymәti nәzәrә alınmaqla H. dörd qrupa ayrılır: yaxşı proton donorları olan yüksәk dielektrik keçiriciliyinә (e>15) malik proton H. (su, spirtlәr, karbon turşuları vә s.); yüksәk dielektrik keçiriciliyi olan, lakin donor-akseptor xassәlәrinә malik olmayan aproton dipolyar H. (bәzi aproton amidlәr, ketonlar, sulfoksidlәr vә s.); elektron-donor H. (mәs., efirlәr); dielektrik keçiriciliyi aşağı (e<15) olan, nә protona, nә dә elektron cәhәtdәn donor-akseptor xassәlәrinә malik olmayan qeyri-polyar H. (karbon-sulfid, karbohidrogenlәr). H. hәm dә onların yanğın vә partlayış tәhlükәliliyindәn, toksikliliyindәn vә digәr xarakteristikalarından asılı olaraq tәsnifatlandırılır. Praktiki tәtbiq üçün optimal H.-in seçilmәsi müxtәlif amillәrin [fiziki xassәlәr (sıxlıq, özlülük, şüasındırma әmsalı, dielektrik keçiriciliyi vә s.), hәlletmә qabiliyyәti, hәll olan maddәyә vә aparata qarşı kimyәvi inertlik, xarici amillәrin (temp-r, işıq, rütubәt vә s.) tәsiri zamanı stabillik; qatışıqların olması, yanğın vә partlayış tәhlükәsi, toksiklik, asan әldәedilmә, qiymәt vә s.] mәcmusu ilә müәyyәn edilir. Kimyәvi reaksiyaların böyük әksәriyyәti mәhlulda getdiyinә görә reaksiya mühiti kimi H.-in rolu çox vacibdir (bax Mayelәrdә reaksiyalar). H. homogen mühit yaratmaqla, nәinki reaksiyaya girәn hissәciklәr (ionlar, molekullar) arasında kontaktı tәmin edir, hәtta ilkin vә aralıq maddәlәr, mәhsullar ilә qarşılıqlı tәsiri nәticәsindә kimyәvi reaksiyanın tәrtibinә, sürәtinә, kimyәvi tarazlığa tәsir vә bәzәn dә reaksiyanın istiqamәtini müәyyәn edә bilir. H.-in xassәlәri ilә kimyәvi reaksiyaların sürәti vә istiqamәti arasında bir sıra empirik asılılıqlar mövcuddur. Kimyәvi reaksiyaların aparılması üçün H.-in tәtbiqi onların mühit kimi istifadә edilmәsi ilә mәhdudlaşmır. H. lak-boya sәnayesindә plyonka әmәlәgәtirәn maddәlәrin hәllolmasını tәmin edәn lak-boya materiallarının komponentlәri (ksilol, toluol, skipidar, spirtlәr, ketonlar, asetatlar vә s) kimi; toxuculuq sәnayesindә boyama, hәmçinin paltarların kimyәvi tәmizlәnmәsi üçün kimya texnologiyasında vә laboratoriya praktikasında tәkrar kristallaşma vә ekstraksiya proseslәrindә, spektroskopiya vә xromatoqrafiyada, analitik kimyada vә s. istifadә olunur. H. metallar vә onların әrintilәrinin hәm soyuq tәmizlәmә şәraitindә yağsızlaşdırılmasında (metilenxlorid, spirtlәr), hәm dә buxar-maye yağsızlaşdırma prosesindә (trixloretilen, perxloretilen, benzin, kerosin vә s.) geniş tәtbiq edilir. H.-in utillәşmә problemi iqtisadi, sanitar-gigiyenik vә ekoloji nöqteyi-nәzәrdәn son dәrәcә mühüm әhәmiyyәt kәsb edir. H.-in iqtisadi cәhәtdәn әn sәrfәli utillәşmә prosesi onların rekuperasiya (H.-in buxarlarının kondenslәşmәsi vә onların maye, yaxud bәrk sorbentlәrlә udulması) vasitәsilә iştsiklinә qaytarılması vә regenerasiyasıdır (işlәnmiş mәhlulların distillәsi vә ya rektifikasiyası).










