HƏMİDOV Əjdәr Qüdrәt oğlu (28.8.1953, Şabran r-nunun Aygünlü k. – 24.11.2020, Bakı ş.) – Azәrb. teatr vә kino aktyoru. Azәrb. Resp. xalq artisti (2018). Azәrb. Dövlәt İncәsәnәt İn-tunun dram vә kino aktyorluğu fakültәsini bitirmişdir (1979). 1979–90 illәrdә H.Ərәblinski ad. Sumqayıt Dövlәt Dram Teatrında çalışmışdır. Rolları: Vәzir (“Lәnkәran xanının vәziri”, M.F.Axundzadә), Milis (“Bәxt üzüyü”, V.Sәmәd oğlu), Mәlik (“Adamın adamı”, Anar), Sәrsәri (“Bütün Şәrq bilsin”, N.Hәsәnzadә), Dursunәli (“Dursunәli vә ballıbadı”, S.M.Qәnizadә) vә s. 1990 ildәn Azәrb. Akademik Milli Dram Teatrının aktyorudur. Əsas rolları: Şeytan (“Özümüzü kәsәn qılınc”, B.Vahabzadә), 1-ci kafir (“Burla Xatun”, N.Xәzri), Daşdәmir (“Bu dünyanın adamları”, Hidayәt), Vanya Koxa (“Hökmdar vә qızı”, İ.Əfәndiyev), Mәşәdi Oruc (“Ölülәr”, C.Mәmmәdquluzadә), Dito (“Nә qәdәrki araba aşmamışdır”, O.İoseliani), Polis (“Generalın son әmri”, V.Sәmәdoğlu), Balarza (“Almaz”, C.Cabbarlı) vә s. H. “Azәrbaycanfilm”in istehsal etdiyi “Kişi sözü” (1987, rej. C.Mehdiyev), “Lәtifә” (1989, rej. H.Musayev), “Mәnim ağşәhәrim” (1994, rej. M.Fәrzәlibәyov), “Şirin bülbül” (2000, rej. Ə.Kazımovski), “Hacı Qara” (2002, rej.-lar C.Mehdiyev vә E.Mehdiyev), “Milli bomba” (2004, rej. V.Mustafayev), “Tәlatüm” (2006, rej. M.Bәdirzadә) filmlәrindә çәkilmişdir. “Yoxlama” (2006, rej. V.Mustafayev) çox seriyalı televiziya filmindәki Müfәttiş obrazı ona böyük uğur gәtirmişdir. “Aramızda qalsın”, “Canavar balası” vә s. televiziya filmlәrinә çәkilmişdir.











