HƏMZƏYEV İbrahim Tağı oğlu (15.12.1908, Gәncә – 5.2.1982, Naxçıvan) – Azәrb. aktyoru vә rejissoru. Azәrb. SSR xalq artisti (1965). Bakı Teatr Texnikumunu bitirmişdir (1933). Sәhnә fәaliyyәtinә 1924 ildә Gәncә fәhlә klubunda başlamış, Bakı Türk İşçi Teatrında (1930–32), Gәncә Dram Teatrında (1933–37) işlәmişdir. 1937 ildәn Naxçıvan Dövlәt Musiqili Dram Teatrının aktyoru olmuş, Abbas (“Hәyat”, M.İbrahimov), Balaş, Elxan, Aydın (“Sevil”, Od gәlini”, “Aydın”, C.Cabbarlı), Heydәr bәy (“Hacı Qara”, M.F.Axundzadә), İsgәndәr, Fazil (“Ölülәr”, “Dәli yığıncağı”, C.Mәmmәd quluzadә), Vaqif (“Vaqif”, S.Vurğun), Fәxrәddin, N.Vәzirov), Altay (“Sәyavuş”, H.Cavid), Filbert (“Mәzәli hadisә”, K.Qoldoni) vә s. obrazlar yaratmışdır. O, hәr bir surәtin daxili alәmini qabarıq şәkildә göstәrmәk mәharәtinә malik idi. H. 1940 ildәn rej. kimi fәaliyyәt göstәrmiş (1941–67 illәr dә baş rej.), teatrda bir çox sәhnә әsәrinә (“Pәri-cadu” Ə.Haqverdiyev; “Gözhәkimi”, İ.Sәfәrli; “Fәrhad vә Şirin”, S.Vurğun; “Sәyavuş”, H.Cavid; “Nadir şah”, N.Nәrimanov; “Solğun çiçәklәr”, C.Cabbarlı; “Mәkr vә mәhәbbәt”, F.Şiller vә s.) quruluş vermişdir.

Əd.: Q a z ı b ә y o v R., V ә z i r o v C. İbrahim Hәmzәyev, B., 1982.










