HƏRBİ BAYTARLIQ, 1) baytarlığın bölmәsi, xüsusi hәrbi xidmәt şәraitindә silahlı qüvvәlәrin şәxsi heyәtinin insanlar vә heyvanlar üçün ümumi olan yoluxucu xәstәliklәrdәn, heyvan mәnşәli qidaların tәsirindәn baş verәn qida zәhәrlәnmәlәri vә zәdәlәnmәlәrindәn qorunmasını tәmin etmәyә, hәmçinin qoşunların epizootik rifahını, hәrbi heyvanların iş qabiliyyәtini vә әrzaq heyvanlarının mәhsuldarlığını saxlamağa imkan verәn üsul vә vasitәlәri işlәyib hazırlayır. 2) Silahlı qüvvәlәrdә baytarlıq xidmәti üzrә әksәr ölkәlәrdә hәyata keçirilәn praktiki fәaliyyәt. Silahlı qüvvәlәrin baytarlıq mütәxәssislәrindәn ibarәt olan xüsusi baytarlıq-sanitar xidmәti qida, әrzaq, xammal, yem mәhsulları üzәrindә nәzarәti, şәxsi heyәtin insan vә heyvanlar üçün ümumi olan yoluxucu xәstәliklәrdәn qorunması üzrә tәdbirlәri, hәmçinin qoşunda vә onun yerlәşdiyi rayonlarda epizootiya әleyhinә tәdbirlәri, hәrbi vә yem heyvanlarına baytarlıq xidmәtlәrini hәyata keçirir. Uyğun xidmәtlәr adәtәn sәrhәd xidmәti, daxili qoşunlar, mühafizә xidmәti vә cәzaçәkmәnin baş idarәlәrindә dә olur. Bu xidmәtlәrin mәqsәdi, vәzifәlәri vә hüquqları, hәmçinin onların dövlәt baytarlıq xidmәti ilә qarşılıqlı fәaliyyәti baytarlıq qanunvericiliyi ilә müәyyәn olunur. Bәzi ölkәlәrdә (B. Britaniya, Fransa, Türkiyә, Azәrbaycan vә s.) hәrbi-baytarlıq xidmәti bilavasitә silahlı qüvvәlәrin komandanlığına tabe olur, digәr ölkәlәrdә isә hәrbi-tibbi xidmәtin tәrkibinә (ABŞ, Almaniya vә s.) daxildir. AXC-indә 1919 ilin әvvәlindә qoşun hissәlәrindә istifadә olunan atlar vә qoşqu heyvanlarının bәslәnmәsi, mühafizәsi, müalicәsi vә bunun üçün müәyyәn edilmiş xidmәtlәrin icrasını tәşkil edәn orqan kimi Hәrbi Baytar İdarәsi yaradılmışdır. Hәrbi Baytarlıq İdarәsi qoşun hissәlәrindә baytar xidmәti göstәrirdi. Bu xidmәtdәn әsasәn, süvari vә topçu hissәlәrindә, hәmçinin piyada vә tәchizat bölmәlәrindә istifadә olunurdu. Hazırda Azәrbaycan Respublikasının Müdafiә Nazirliyinin nәzdindә Mәrkәzi Hәrbi Baytarlıq Laboratoriyası fәaliyyәt göstәrir. Bu laboratoriyada Azәrbaycan Ordusunun şәxsi heyәti üçün tәdarük edilәn bitki, heyvan vә qeyri-üzvi mәnşәli әrzaq mәsullarının müayinәsi aparılır, qida mәhsullarının fiziki-kimyәvi, bakterioloji, radioloji vә toksikoloji müayinәsi hәyata keçirilir, әrzağın tam yararlı olmasına vә keyfiyyәt standartlarına uyğun gәlmәsinә nәzarәt edilir.










