HƏRBİ ENSİKLOPEDİYALAR – hәrbi biliklәrin müәyyәn vә ya bütün sahәlәrini әhatә edib sistemlәşdirәn elmi-mәlumat nәşri. Hәrb sәnәtinin xüsusiyyәtlәri ilә bağlı mәlumatlar (fәsillәr, başlıqlar vә paraqraflar şәklindә) hәlә orta әsrlәrdә tәrtib edilmiş kitablarda öz әksini tapmışdır. 16– 17 әsrlәrdә hәrb sәnәtinin nәzәri vә praktiki cәhәtdәn inkişafı xüsusi lüğәtlәrin – leksikonların yaranmasına gәtirib çıxardı. C.Polmenin “Bizim әsrdә bütün dünyada, hәm dәnizdә, hәm dә quruda baş vermiş mәşhur döyüşlәr” (1577) vә fransiz Giye de Sen-Jorjun “Hәrbi adamın biliklәri, yaxud Zadәganın lüğәti...” (c. 1–3, Paris, 1670) әsәrlәri ilk H.e.-lar hesab edilir. 17–18 әsrlәrdә İtaliya, Almaniya vә digәr Qәrbi Avropa ölkәlәrindә forma vә struktur cәhәtdәn çox cildlik ensiklopedik lüğәtlәrә bәnzәr hәrbi-ensiklopedik kitabların nәşrinә başlanıldı. 19 әsrdә hәrbi texnikanın sürәtlә tәkmillәşmәsi, hәrb sәnәtinin bütün sahәlәrindә böyük dәyişikliklәrin baş vermәsi müasir mәlumatları ümumilәşdirilmiş vә sistemlәşdirilmiş şәkildә әhatә edәn yenilәnmiş H.e.-ın yaradılmasına sәbәb oldu. Universal ensiklopediyalarla yanaşı müәyyәn hәrbi-tarixi dövrü әhatә edәn, ayrı-ayrı hәrbi silah vә texnika növlәrinә dair bir cildlik soraqçalar da nәşr olundu.










