HƏRBİ İQTİSADİYYAT – dövlәtin hәrbi gücünün yaranması vә saxlanmasını maddi cәhәtdәn tәmin edәn hәrbi tәsәrrüfat sistemi; bu tәminatın qanunauyğunluqlarına dair elm. H.i. hәrbi tәsәrrüfat sistemi kimi ictimai istehsal vә silahlı qüvvәlәr (SQ) ilә birbaşa әlaqәlidir. O, material-texniki baza, әmәk resursları vә dövlәtin öz hәrbi tәlәbatlarının iqtisadi tәminatı üçün ayırdığı maliyyәdәn ibarәtdir. H.i.-ın mülki iqtisadiyyat vә SQ ilә sistemlәrarası әlaqәlәri nöqteyi-nәzәrindәn onun strukturuna 2 blok daxildir: müdafiә-sәnaye kompleksi vә SQ iqtisadiyyatı. Müdafiә-sәnaye kompleksi dövlәt iqtisadiyyatının hәrbiyә yönlәndirilmiş hissәsini, әsasәn, sәnayenin hәrbi sahәlәrini әhatә edir. Sәnayenin baza sahәlәri, k.t., nәql. vә rabitә dövlәtin hәrbi tәlәbatlarının ödәnilmәsinә xidmәt baxımından H.i.-a aid olunur. SQ iqtisadiyyatı hәrbi mәhsulların bölüşdürülmәsi, tәdavülü (dövriyyәsi) vә istehlakını tәmin edir. Bura material-texniki tәminat vә SQ-in tәsәrrüfat xidmәti strukturları daxildir. 19 әsr müharibәlәrindә döyüşәn ölkәlәrin milli gәlirlәrinin 8–14%i, Birinci dünya müharibәsindә – 33%-әdәk, İkinci dünya müharibәsindә – 50%-i H.i.-a sәrf olunmuşdur. Hәrbi bloka daxil olan dövlәtlәrin hәrbi sәnaye korporasiyaları uzunmüddәtli hәrbi-elmi tәdqiqat proqramları işlәyib hazırlayır vә reallaşdırır, SQ-ni daha müasir silah-sursat ilә tәmin edirdilәr. Dünyanın yeni geosiyasi mәnzәrәsi ilә әlaqәdar 21 әsrdә dövlәtlәrin tәhlükә sizliyininiqtisadi tәminatı sahәsindә dәyişikliklәr baş verir. 2016 ildә ABŞ-ın hәrbi büdcәsi 611 mlrd. dollar, Çinin 215 mlrd. dollar, Rusiyanın 70,2 mlrd. dollar, Sәudiyyә Ərәbistanının 63,7 mlrd. dollar, Hindistanın 55,9 mlrd. dollar, Fransanın 55,7 mlrd. dollar, B.Britaniyanın 48,3 mlrd. dollar, Yaponiyanın 46,1 mlrd. dollar, Almaniyanın 41,1 mlrd. dollar, Koreya Resp.-nın 36,8 mlrd. dollar, Azәrb. Resp.-nın 1,838 mlrd. dollar tәkil etmişdir. Müasir şәraitdә H.i.-ın hәrbi tәsәrrüfat sistemi vә elm kimi inkişafı dövlәtin hәrbi-iqtisadi siyasәtinin formalaşmasında vә ölkәnin hәrbi gücünün artmasında mühüm rol oynayır.










