HƏRBİ-HAVA QÜVVƏLƏRİ (HHQ) – silahlı qüvvәlәrin (SQ) bir növü. Hava-kosmik sferasında hücumların dәf edilmәsi, inzibati-siyasi mәrkәzlәrin, sәnaye-iqtisadi rayonlarının, ölkәnin mühüm obyektlәrinin vә hәrbi birlәşmәlәrinin hava zәrbәlәrindәn müdafiәsi, elәcә dә adi, hәmçinin nüvә vasitәlәrindәn istifadә etmәklә düşmәn obyektlәrinin vә qoşunlarının mәhvi, SQ-nin digәr növ qoşunlarının hәrbi әmәliyyatlarının tәmin edilmәsi üçün nәzәrdә tutulur. Hәrbi mәqsәdlә istifadә üçün ilk tәyyarәlәr 20 әsrin әvvәllәrindә meydana gәlmişdir. 1911 ildә İtaliya ilk dәfә kәşfiyyat vә düşmәn qoşunlarının bombardman edilmәsi üçün aviasiya tәtbiq etmişdir. Döyüş şәraitindә Rusiya tәyyarәlәri ilk dәfә Birinci Balkan müharibәsi (1912–13) zamanı Bolqarıstanın tәrәfindә iştirak etmişdir. Birinci dünya müharibәsinin әvvәlindә Almaniyada 230-dәn çox, Rusiyada 200-dәn çox, Fransada tәqr. 160, Avstriya-Macarıstanda 60-dan çox, B.Britaniyada 50-dәn çox, ABŞ vә İtaliyada hәr birindә 30 hәrbi tәyyarә var idi. Onlar 120 km/saat-dәk sürәt yığa, 4000 m yüksәkliyә qalxa bilir, әsasәn, kәşfiyyat vә artilleriya atәşinin tәnzimlәnmәsi mәqsәdilә istifadә olunurdu. Müharibәdә kәşfiyyatçı vә bombardmançı tәyyarәlәrin tәtbiq edilmәsi onlarla mübarizә vasitәlәrinin – zenit-artilleriya qurğularının vә qırıcı tәyyarәlәrin intensiv inkişafına tәkan verdi, hava hücumundan müdafiә qoşunları vә qırıcı aviasiya meydana gәldi. Birinci dünya müharibәsi illәrindә döyüşәn ölkәlәrin tәyyarәlәrinin ümumi sayı xeyli artdı. Aviasiyanın kәşfiyyat, qırıcı, bombardmançı növlәri ayrıldı. Aviasiya texnikasının kәmiyyәt vә keyfiyyәt baxımından inkişafı aviasiyanın döyüşdә, әmәliyyatda vә ümumiyyәtlә müharibәdә rolunu güclәndirdi. Birinci dünya müharibәsindәn sonra bütün dövlәtlәrdә HHQ-nin inkişafı davam etdi. Xüsusilә 1930-cu illәrdә qızğın silahlanma vә yeni müharibәyә hazırlıq şәraitindә hava qüvvәlәri sürәtlә inkişaf etdirildi. İkinci dünya müharibәsi әrәfәsindә Almaniyanın tәqr. 4,1 min, İtaliyanın 2,8 mindәn çox, Yaponiyanın tәqr. 3,8 min, B.Britaniyanın tәqr. 3,9 min, Fransanın 3,3 mindәn çox, ABŞ-ın tәqr. 1,6 min döyüş tәyyarәsi var idi. Bir sıra ölkәnin HHQ-si tәrkibindә әmәliyyat-strateji tapşırıqları yerinә yetirmәk qabiliyyәtinә malik aviasiya birliklәri yaradılmışdı. Müharibә illәrindә HHQ-nin tәtbiqinin prinsiplәri, forma vә üsulları tәkmillәşdirilmişdi. Müharibәdәn sonrakı dövrdә Qәrbin aparıcı dövlәtlәrinin (ABŞ, B.Britaniya, Fransa, Almaniya) HHQ lokal müharibәlәrdә aktiv şәkildә tәtbiq olunan reaktiv aviasiya texnikası, müxtәlif növ vә tәyinatlı raketlәr vә bombalarla tәchiz edilirdi. Əksәr Qәrb ölkәlәrinin HHQ quruculuğunda әmәliyyat-taktiki nüvә döyüş sursatlarının daşınması vә qoşunların müdafiәsi üçün başlıca vasitә kimi taktiki aviasiyanın inkişafına xüsusi diqqәt ayrılır. Taktiki aviasiyanın tәyyarә parkının әsasını F-15, F-16, F-111, F-117, A-6, A-10 (ABŞ), “Tornado”, “Yaquar”, “Harrier”, “Laytinq” (B.Britaniya), “Miraj” V, “Miraj” 2000, “Miraj” F1.C (Fransa) qırıcıları tәşkil edir. Strateji aviasiya B-1B, B-2A, B-52H (ABŞ), “Vulkan”, “Viktor” (B.Britaniya), “Miraj” (Fransa) vә s. reaktiv strateji bombardmançıları ilә tәchiz edilmişdir. Azәrb.-ın HHQ Azәrbaycan Xalq Cümhuriyyәti (AXC) dövründә yaradılmışdır. AXC hәrbi naziri S.Mehmandarov 1919 il sentyabrın 14-dә Aviasiya dәstәsinin yaradılması haqqında sәrәncam vermiş, podporuçik T.Əfşarı hәmin dәstәnin rәis müavini tәyin etmişdi. Lakin Aprel işğalı (1920) HHQ-nin möhkәmlәndirilmәsi sahәsindәki işlәri yarımçıq qoymuşdur. Azәrb. Resp.-nın HHQ tarixi 1992 ildәn başlanır. Azәrb. HHQ-nin ilk qırıcı tәyyarәsi azәrb. tәyyarәçi Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçırdığı Su-25 döyüş tәyyarәsi olmuşdur. Bir müddәt sonra “Nasosnı” (indiki Hacı Zeynalabdin Tağıyev) hәrbi aviasiya alayının komandiri, polkovnik V.Kravtsovun (Azәrb. HHQ-nin ilk komandanı) vә Dәllәr aerodromunda xidmәt edәn A.Pleşin sәylәri nәticәsindә bu bazalardakı sovet aviasiyasına mәxsus tәyyarәlәr Azәrb. ordusunun tabeliyinә verilmişdir. 1992 ildәn HHQ ilә bağlı islahatlar aparılmış, qurumun strukturu millilәşdirilmiş, R.Rzayev HHQ-nin komandanı tәyin edilmişdir. Bir müddәt sonra HHQ Hava Hücumundan Müdafiә Qoşunları (HHMQ) ilә birlәşdirilmişdir. HHQ-nin tәrkibinә aviasiya alayı, qırıcı-bombardmançı eskadrilya, hәmçinin qırıcı, kәşfiyyat vә tәlim aviaeskadrilyaları daxildir. HHMQ 4 zenit-raket briqadası, 1 zenit-raket alayı, 2 әlahiddә radiotexnika batalyonundan ibarәtdir. 1997 ildә Azәrb.-ın Ali Hәrbi Tәyyarәçilik Mәktәbindә ilk milli hәrbi tәyyarәçilәri buraxılışı olmuşdur. 2008–2010 illәr әrzindә HHQ-nin aviaparkı modernlәşdirilmiş, müasir döyüş tәyyarәlәri hesabına yenilәşdirilmişdir. Hazırda Azәrb. HHQ-nin arsenalına tәqr. 200 döyüş tәyyarәsi, tәqr. 160 zәrbә helikopteri, hәmçinin 46 әdәd yardımçı tәyyarә vә helikopter daxildir. HHQ arsenalında Aero L-29, Aero L-39, MiQ-21, MiQ-25, MiQ-29, Su-17, Su-24, Su-25, İl-76, An-12, An-24, Tu-16, Tu-134A, Mi-2, Mi-6, Mi-8, Mi-24, Mi-35M markalı tәyyarә vә helikopterlәr, hәmçinin dünyanın tanınmış şirkәtlәrinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçuş aparatları var. Bundan başqa, Azәrb. Dövlәt Sәrhәd Xidmәtinin, әsasәn, dağlıq әrazilәrdә әmәliyyat zonalarına desant atmaq, qüvvәlәri tәxliyә etmәk vә digәr mәqsәdlәr üçün istifadә edilәn Yak markalı tәyyarәlәr, hәmçinin müxtәlif helikopterlәrlә tәchiz edilmiş aviadәstәsi var.










