HƏSƏN BƏY – Azәrb. diplomatı. Şirvanşah Fәrrux Yasarın tapşırığı ilә 1465 ildә dostluq vә ticarәt münasibәtlәri yaratmaq mәqsәdilә hәdiyyәlәrlә Moskvaya gedib III İvanla [1462–1505] danışıqlar aparmışdı. Danışıqları müvәffәqiyyәtlә başa çatdıran H.b. 1466 ildә bir qrup Tver vә Moskva taciri ilә birlikdә vәtәnә qayıtmışdı. Rus sәyyahı Afanasi Nikitin dә onların arasında idi. H.b.-in sәfirliyinә cavab olaraq 1466 ildә Vasili Papinin başçılığı ilә rus elçilәri Şirvana göndәrilmişdi. Sәfәrin mәqsәdi ticarәtlә yanaşı, Moskva ilә Şirvan arasında Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi. Diplomatik münasibәtlәrin yaranması nәticәsindә 15 әsrdә Şirvan–Rusiya qarşılıqlı әlaqәlәri genişlәnmişdi.










