HƏSƏN CƏLAL (? – 1261, Qәzvin) – Mehranilәr nәslindәn Arsax-Xaçın knyazlığının banisi vә ilk hökmdarı [1215–61]. Eldәnizlәr dövlәtindә tәnәzzülün güclәndiyi bir zamanda müstәqil qurum yaratmışdı. Atabәy Özbәk dövlәtin xәzinәsinә vergi ödәmәkdәn imtina etmiş yerli hakimlәri cәzalandırmaq mәqsәdilә 1214/15 ildә Xaçına yürüş etsә dә, H.C. vergi ödәmәk müqabilindә öz mülklәrini qoruyub saxlamışdı. Dövrün mәnbәlәrindә “knyazlar knyazı”, “Xaçın vә Arsax ölkәlәrinin әzәmәtli knyazı”, “Albaniya hökmdarı”, “Albaniyanın sәrhәd bölgәlәrinin әzәmәtli sahibi” vә s. titullarla qeyd edilmişdir. H.C.-ın dövründә әdәbiyyatda, memarlıqda, tikintidә yüksәliş müşahidә olunmuşdur. Alban katolikosu Nersesin xahişi vә H.C.-ın göstәrişi ilә 1216–38 illәrdә qәdim monastırın yerindә “Albaniyanın baş kilsәsi” adlandırılan Qanzasar monastır kompleksi tikilmişdi. Kirakos Gәncәli özünün “Tarix” әsәrini mәhz bu dövrdә yazmışdı. Alban hökmdarlarının hakimiyyәtlәrinin arasıkәsilmәzliyini xüsusi qeyd etmәyә, özünün Mehranilәrin vәrәsәsi olduğunu göstәrmәyә çalışan H.C.-ın tәkidilә Musa Kalankatlı “Alban tarixi” әsәrinә H.C.-ın hakimiyyәt dövrünü әks etdirәn yeni 4 fәsil әlavә etmişdi. H.C. özünün çevik siyasәti sayәsindә monqolların Azәrb.-a hücumu dövründә vә ondan sonra da hakimiyyәtini saxlaya bilmişdi. 1227 ildә Cәlalәddin Mәnqburnunun vәziri Şәrәf әl-Mülk Xaçın qalasına yaxınlaşarkәn H.C. 20 min dinar ödәmәk vә әsirlәri azad etmәklә yaxasını qurtarmışdı. 1236 ildә monqollara itaәtini bildirmişdi. İtaәt edәcәklәrini bildirmiş hakimlәrin mülklәrinә toxunulmamış, onlardan vergi alınmamışdı. Lakin bir müddәt sonra monqolların Xaçına yürüşü başlamışdı. Bu zaman H.C. vilayәtin sakinlәri ilә birlikdә Koxanaberd qalasına sığınmışdı. Monqollar qalanı mühasirәyә alsalar da, qalanın çәtinliklә әlә keçirilәciyini anlayaraq onlarla danışıqlara başlamışdılar. H.C. da vergi ödәmәyin labüdlüyünü anlayaraq danışıqlara getmiş vә öz qızını Cormoğonun oğluna әrә vermәklә mülklәrini qoruyub saxlamışdı. Cormoğonun ölümündәn sonra vәziyyәti ağırlaşan H.C. 1246 ildә hәbs olunmuş, bir çox qalası vә xәzinәsi talan olunduqdan sonra azad edilmişdi. 1261 ildә yenidәn hәbs olunmuş vә öldürülmüşdür. Qanzasar monastırında dәfn edilmişdir.










