HƏSƏN ƏL-MÜCTƏBA (
), Ə b ü l - Q a s ı m H ә s ә n i b n Ə l i (1.3.625, Mәdinә – 7.4.669, Mәdinә) – şiәlәrin 2-ci imamı (661 ildәn). Əli ibn Əbu Talibin vә Fatimәnin böyük oğlu. Hüseyn ibn Əlinin qardaşı. Cәmәl vuruşması (656) vә Siffin vuruşmasında (657) iştirak etmişdir. H. әl-M. atasının vәfatından (661, 29 yanvar) sonra Kufәdә (İraq) xәlifә seçildi. Bundan xәbәr tutan Müaviyә ibn Əbu Süfyan 60 minlik qoşunla İraqa yollandı. Ordusu ilә Mәdaindә düşәrgә salan H. әl-M. Müaviyәyә qarşı Übeydullah ibn Abbasın başçılığı ilә 12 minlik qoşun göndәrdi. Müaviyәnin Übeydullahı pulla әlә alması, üstәlik casuslar vasitәsilә orduda dezinformasiya aparması nәticәsindә ordunun döyüş әzmi sarsıldı. Ordudakı pәrakәndәliyi, ölkәnin daxili vәziyyәtini vә Bizans tәrәfdәn gözlәnilәn tәhlükәni nәzәrә alan H. әl-M. әbәs qan tökülmәsinin qarşısını almaq mәqsәdilә Müaviyәnin sülh tәklifi ilә razılaşdı. 661 il iyulun 29-da bağlanmış müqavilәyә görә, H. әl-M. öz tәrәfdarlarının tәqib olunmayacağı, Müaviyәnin dövlәti şәriәt qaydalarına uyğun idarә edәcәyi, özündәn sonra canişin tәyin etmәyәcәyi şәrtlәri ilә hakimiyyәti ona tәhvil verәrәk Mәdinәyә köçdü. Bir çox mәnbәyә görә, H. әl-M. Müaviyәnin tәhriki ilә öz arvadı tәrәfindәn zәhәrlәnәrәk öldürülmüşdür. Mәzarı Cәnnәtül-bәqidәdir. Öz dövründә birmәnalı qarşılanmayan sülh sazişi H. әl-M.-nın tәrәfdarları arasında fikir ayrılığına sәbәb olmuş, uzun müddәt müzakirә vә mübahisә predmetinә, hәtta kәlam elminin problemlәrindәn birinә çevrilmişdi. Müqavilәnin mahiyyәti, sosial-fәlsәfi vә dini tәrәflәri vә şәrtlәri barәdә bir sıra müstәqil әsәrlәr yazılmışdır. Sonralar Müaviyәnin sülhün şәrtlәrinә әmәl etmәmәsi xalqın narazılığına vә etirazçı kütlәlәrin Hüseyn ibn Əlinin әtrafında toplaşaraq qiyam qaldırmasına sәbәb olmuşdur. H. әl-M. mәnbәlәrdә son dәrәcә dözümlü, mülayim vә sәxavәtli şәxs kimi sәciyyәlәndirilir. Dәfәlәrlә bütün var-dövlәtini kasıblara paylaması, qulları alaraq azad etmәsi, imkansızların yerinә diyә ödәmәsi vә s. xeyriyyә işlәri ilә mәşhurdur. H. әl-M.-nın nәslindәn olan “şәriflәr” bir çox sülalәlәr yaratmışlar: İdrisilәr, Sәәdilәr, Rәssilәr, Haşimilәr, Filalilәr.










