HƏSƏN II, M ö v l a y H ә s ә n Ə l ә v i (9.7.1929, Rabat – 23.7.1999, Rabat) – Əlәvilәr sülalәsindәn Mәrakeş kralı [1961– 99]. V Mәhәmmәdin böyük oğludur, VI Mәhәmmәdin atasıdır. 1941 ildә Mәrakeşdә Saray mәktәbini, 1952 ildә Bordo Un-tinin hüquq fakültәsini bitirmişdir. 1955–56 illәrdә Mәrakeşә müstәqillik verilmәsinә dair Fransa ilә aparılan danışıqlarda iştirak etmişdir. 1956 ildә Mәrakeşin müstәqilliyi elan olunduqdan sonra silahlı qüvvәlәrin baş qәrargah rәisi tәyin edilmişdir. 1957, 1959, 1960 illәrdә V Mәhәmmәdin xarici sәfәrlәri zamanı dövlәt başçısı vәzifәsini icra etmişdir. 1960 ilin mayından baş nazirin müavini idi. Atasının ölümündәn sonra Mәrakeş kralı vә ölkә müsәlmanlarının dini başçısı elan edilmişdir (1961, 3 mart). 1970 ildә qәbul olunmuş konstitusiyaya әsasәn kral tәk başına baş nazirlәri tәyin edir vә hökümәti formalaşdırırdı. 1971 vә 1972 illәrdә II H.-ә qarşı sui-qәsd cәhdlәri olmuşdu. Kralın tәşәbbüsü ilә ölkәdә su anbarlarının genişmiqyaslı tikinti proqramının icrasına başlanılmışdı (hazırda da davam edir). Kemp-Devid danışıqlarının (1978) әrәfәsindә Misir prezidenti Ə.Sәdәtin İsrailin baş naziri M.Beginlә ilk görüşünü Mәrakeşdә tәşkil etmişdi.











