HƏSƏNOV Əlağa Hacı Süleyman oğlu (1871, Bakı – 18.3.1933, Bakı) – Azәrb.-ın ictimai vә dövlәt xadimi. Bakı şәhәr gimnaziyasını vә kommersiya mәktәbini bitirmişdir. Bakı taciri olan H. şәhәr dumasının üzvü idi. O, “Nәşri-maarif” cәmiyyәtinin yaradılmasında vә fәaliyyәtindә yaxından iştirak etmiş, Bakıya Şollar su kәmәrinin çәkilmәsindә, şәhәr kanalizasiya şәbәkәsinin yaradılmasında, dәnizkәnarı parkın salınmasında böyük xidmәt göstәrmişdir. 1918 ilin martında Bakıda türk-müsәlman әhaliyә qarşı soyqırımının qarşısını almağa çalışmışdır. Müsәlman Milli Şurası Müvәqqәti İcraiyyә Komitәsinin üzvü idi. Azәrb. Milli Şurasının “Azәrbaycan Mәclisi-Mәbusanının tәsisi haqqında qanun”una (1918, 19 noyabr) әsasәn Bakı ş.-ndәn bitәrәf kimi AXC parlamentinin tәrkibinә daxil edilmişdi. AXC-nin 3-cü hökumәt kabinetindә maliyyә nazirinin müavini, 4-cü kabinetindә isә maliyyә naziri olmuşdur. 1919 il sentyabrın 30-da fәaliyyәtә başlayan Azәrb. Dövlәt Bankına H. rәhbәrlik etmişdir. AXC әsginasları üzәrindә baş nazirlә yanaşı maliyyә naziri H.-un da imzası var idi. Milli pulların qiymәtdәn düşmәmәsi, emissiya hәcminin artmaması, devalvasiyaya uğramaması üçün H. böyük sәy göstәrmişdir. H. sovet hakimiyyәti dövründә dә Azәrb. Dövlәt Bankına rәhbәrlik etmişdir. Fәal ictimai xadim olan H.-un dövrü mәtbuatda, o cümlәdәn “Füyuzat” jurnalında çoxlu mәqalәlәri dәrc edilmişdir. Rus yazıçısı L.N.Tolstoyla dostluq münasibәtlәri olmuşdur.










