HƏŞŞAŞİLƏR, h ә ş i ş i y y ә (
) – nizari-ismaili fәdailәrinә verilәn şәrti ad. Hәsәn Sәbbah İsmaililәr dövlәtini qurduqdan sonra Sәlcuqilәr dövlәtinә qarşı mübarizәdә könüllülәrdәn ibarәt “fidaiyan” adlı silahlı qruplaşma yaratmışdı (bax hәmçinin Fәdai). Nizari-ismaililәrin tәlimlәrinin vә fәdailәrin fәaliyyәtinin gizliliyi, elәcә dә Abbasilәr, Sәlcuqilәr vә hәmin dövrdә müstәli-ismaililәri tәmsil edәn Fatimilәr dövlәtlәrinin nizarilәrә qarşı antitәbliğatı islam dünyasında nizarilәr, xüsusilә dә fәdailәrlә bağlı qorxunc tәsәvvürlәrin yaranmasına, bütün qәtllәrin onların adı ilә bağlanmasına sәbәb olmuşdu. İlk dәfә “hәşişiyyә” sözü 1122 ildә Fatimi xәlifәsi Amirin göstәrişilә yazılmış qısa risalәdә Suriya nizarilәrinә şamil edilmişdir. Sәlcuqi tarixçilәri İmadәddin İsfәhani (“Nüsrәtül-fәtrәt” әsәri, 1183), İbn Müyәssәr vә İbn Şamә dә Suriya nizarilәrini hәşişilәr kimi tәqdim etmiş, bir sıra mәnbәlәrdә onlar batinilәr, mülhidlәr (allahsızlar) kimi dә xatırlanmışlar. Nizarilәrin hәşişdәn istifadә etmәsi barәdә heç bir qeydin olmadığı bu mәnbәlәrdә bu cür adlandırma yalnız alçaldıcı mәzmun daşımışdır. İran nizarilәri barәdә әn mötәbәr әsәrlәrin müәlliflәri olmuş Əlaәddin Cüveyni, Fәzlullah Rәşidәddin vә Abdullah Kaşani bu addan istifadә etmәmişlәr. 12 әsrin әvvәllәrindә sәlibçilәr ilә Suriya nizarilәri arasında toqquşmalar başlamışdı. Onların regionda artan siyasi nüfuzu nizarilәrin rәhbәri Raşidәddin Sinanın (ö. 1193) dövründә әn yüksәk hәddә çatmışdı. Digәr müsәlman firqәlәri arasında nizarilәrin tәlimi vә fәaliyyәti haqqında yayılmış qarışıq tәsәvvürlәri sәlibçilәr әxz etmişdilәr. Fәdailәrin yüksәk peşәkarlığı sәlibçilәr arasında “muzdlu qatillәr” haqqında әfsanәlәrin yaranmasına sәbәb olmuşdu. “Hәşşaşi” sözü tәhrif olunaraq “assasin” şәklindә Qәrb dillәrinә keçmişdir. Sәlibçilәr vasitәsilә bütün Avropaya yayılmış әfsanәlәri italyan sәyyahı Marko Polo öz sәyahәtnamәsindә “süni cәnnәt” haqqında hekayәdә yekunlaşdırmış vә bunu Əlәmut nizarilәrinә aid etmişdir. Bununla belә, M.Polo da hәşişdәn istifadә barәdә heç bir mәlumat vermәmişdir.










