HƏYAT DÖVRÜ (ing. Life cycle) – 1) b i o l o g i y a d a: yumurtahüceyrәnin mayalanmasından növbәti nәsil vermәyә hazır olduğu yetkinlik mәrhәlәsinә kimi orqanizmin bütün inkişaf mәrhәlәlәrinin mәcmusu. Ən sadә halda H.d.-nә ziqotadan yetkin orqanizmә qәdәr yalnız bir nәsil (mәs., әksәr onurğalılarda), mürәkkәb hallarda isә bir neçә nәsil (bax. Nәsllәrin növbәlәşmәsi) daxildir. Bu zaman H.d. müddәtindә çoxalmanın müxtәlif formalarının әvәzlәnmәsi baş verir: mәs., adi cinsi çoxalma partenogenezlә (trematodlarda, bir sıra hәlqәvi qurdlarda, rotatorlarda, mәnә nәlәrdә vә s.), yaxud hüceyrәlәrin eninә bölünmәsi vә ya çoxhüceyrәli vegetativ cisimlәrin әmәlәgәlmәsi yolu ilә (o cümlәdәn bağırsaqboşluqlularda – qәdәhvarı vә hidroid poliplәrdә, tunikalılarda – assidilәrdә, salplarda) qeyri-cinsi çoxalma ilә әvәz olunur. H.d.-nün müddәti uyğun olaraq bir nәslin mövcudluq müddәti (mәs., birillik, iki illik vә çoxillik bitkilәr) vә ya bir H.d.-ndәki nәsillәrin sayı ilә müәyyәn edilir. Fәal faza ilә yanaşı, H.d. müddәtinә sükunәt dövrü vә ya diapaza da daxildir. Sadә H.d. (orqanizmlәrin tam inkişafı; mәs., әksәr onurğalılarda, hörümçәklәrdә) vә mürәkkәb H.d. (metomorfoz vә ya nәsil növbәlәşmәsi ilә) fәrqlәndirilir. Metamorfozla inkişaf zamanı fәrd öz xarici görünüşünü, daxili quruluşunu vә hәyat tәrzini dәyişir. Mәs., may böcәyindә bu proses yumurta – sürfә – pup – imaqo, qurbağalarda yumurta – çömçәquyruq – yetkin fәrd kimi gedir. Nәsillәrin növbәlәşmәsi ilә sәciyyәlәnәn H.d.-ndә müxtәlif çoxalma formalarına malik fәrdlәr bir-birini әvәz edir. Mәs., qәdәhvarılarda: yumurta – planula – qәdәhvarı polip (eninә bölünmә ilә çoxalır) – efira – yumurta verәn meduza; mәnәnәlәrdә: yumurta – bünövrәçi dişi – qanadsız fәrdlәr (partenogenetik yolla çoxalır) – qanadlı miqrant fәrdlәr – erkәklәr vә yumurta qoyan dişilәr. İbtidailәrdәn sporlularda, o cümlәdәn hemosporidilәrdә H.d. әn mürәkkәbdir. Parazit göbәlәklәrin H.d. öz mürәkkәbliyinә görә sahib dәyişmәklә inkişaf edәn parazit qurdların H.d.-nә oxşardır; mәs., pas göbәlәklәrinin H.d.-ndә müxtәlif növ sporların: haploid piknos porlar, ikinüvәli esidiosporlar, uredosporlar vә teleytosporların, hәmçinin haploid bazidio sporların inkişaf mәrhәlәlәri olur. Ekoloji cәhәtdәn H.d. yaşama, böyümә vә çoxalma üçün enerji sәrfiyyatı fәrqli nisbәtdә olan inkişaf mәrhәlәlәrinin mәcmusudur. Mәs., cinsi yetkinliyә çatmamış cavan fәrdlәr enerjinin әhәmiyyәtli hissәsini böyümәyә, yetkin fәrdlәr isә çoxalmaya sәrf edir. Orqanizmin bu vә ya digәr mәrhәlәdә yaşama müddәti (mәs.: cinsi yetkinliyә çatma yaşı) xüsusilә diqqәtçәkәndir. Enerji sәrfiyyatı nisbәtlәri biotik vә abiotik şәraitdәn, hәmçinin bundan әvvәlki tәkamüli inkişafın doğurduğu mәhdudiyyәtlәrdәn vә bütün növ hәyati fәaliyyәtlәrin eyni vaxtda enerji tәminatının qeyri-mümkün olmasından asılıdır. Genetik baxımdan H.d. inkişafın diploid vә haploid fazalarının növbәlәşmәsidir. Bütün çoxhüceyrәli heyvanların, әksәr ali bitkilәrin (mamırlar istisna olmaqla) vә bәzi digәr orqanizmlәrin (mәs., qonur yosun laminariya) H.d.-ndә diploid mәrhәlә üstünlük tәşkil edir; çoxhüceyrәli heyvanlarda yalnız qametlәr haploiddir. Mamırlarda haploid mәrhәlә (qametofit) diploid mәrhәlәdәn üstündür vә yarpaqlı-gövdәli bitki kimi ola bilir (sfaqnum, quşmamırı). Haploid mәrhәlәnin üstünlüyünә digәr misal göbәlәklәr vә bәzi yosunlardır (kutleriya). Bir sıra yosunlarda (mәs., ulvada) diploid vә haploid mәrhәlәlәri eyni dәrәcәdә inkişaf etmişdir.
2) S o s i o l o g i y a d a vә p s i x o l o g i y a d a: insanın hәyat yolunun әsas mәrhәlәlәri. H.d.-nә doğulma, körpәlik, uşaqlıq, yeniyetmәlik, gәnclik, yetkinlik, yaşlılıq, qocalıq vә ölüm mәrhәlәlәri daxildir. Cәmiyyәtdә nәsillәrin növbәlәşmәsi dә müәyyәn mәrhәlәlәrә tabedir. H.d.-nün bir mәrhәlәsindәn digәrinә keçid fәrdin sadәcә bioloji yetkinliyi deyil, onun sosial yetkinliyi vә qocalığıdır. Belәliklә, yaş müxtәlif mәdәni vә gender birliklәrindә dәqiq ifadә olunmuş xüsusiyyәtlәrә malik sosial konstruktdur. Müasir yanaşmada H.d. fәrdin bütün hәyatı boyunca özü nüreallaşdırma prosesi kimi, öz aralarında qarşılıqlı әlaqәdә olan kifayәt qәdәr müstәqil mәrhәlәlәr mәcmusu kimi nәzәrdәn keçirilir; belә ki, son vaxtlaradәk uşaqlıq yetkinliyә hazırlıq mәrhәlәsi hesab edilirdisә, indi müstәqil dәyәr kәsb edәn mәrhәlә kimi izah olunur. Fәrdi inkişafın “mәrhәlәli” xüsusiyyәtinә ilk diqqәt yetirәnlәrdәn biri amerikan psixoloqu E.Erikson olmuşdur. İnsanın psixososial inkişafının sәkkiz ardıcıl mәrhәlәsini ehtiva edәn vә bu gün artıq klassik hesab olunan H.d. modeli ona mәxsusdur. Bu modeldә H.d. mәrhәlәlәrinin әvәzlәnmәsi orqanizmdә fizioloji dәyişikliklәrlә şәrtlәnәn yaş böhranı nәticәsindә baş verir. H.d. problemlәri digәr psixoloqların (J.Piaje, M.Montessori) әsәrlәrindә dә nәzәrdәn keçirilmişdir. “H.d.” anlayışı daha geniş mәnada sosial-iqtisadi proseslәrә nisbәtdә dә istifadә olunur. Tәşkilatların H.d. onların öz fәaliyyәtlәri boyu keçdiklәri mәrhәlәlәrin mәcmusudur. İnnovasiyaların H.d. 5 mәrhәlәdәn ibarәtdir: mәhsulun yaradılması, aprobasiyası, adaptasiyası, inteqrasiyası vә utilizasiyası.










