HİCAB (әr.
– pәrdә, örtük) – 1) islam dinindә qadının namәhrәm qarşısında örtünmәsini ifadә edәn geyim forması. Quranın “Nur” surәsinin (24) 31-ci ayәsinә әsaslanan bu hökm namәhrәm hesab edilәn şәxslәr qarşısında qadının, әllәri vә üzü istisna olmaqla, bütün bәdәnini örtmәsini şәrtlәndirir. H. hökmü islam tarixindә ilk dәfә 627 ildә “pәrdә arxasından danışmaq” anlamında yalnız Mәhәmmәd peyğәmbәrin arvadlarına (Quran, 33:53) şamil olunmuş, 33:59 ayәsi ilә yaşınmaq hökmü nisbәtәn konkretlәşdirilmiş, 24:31 ayәsi ilә bütün müsәlman qadınlar üçün qәti olaraq tәsbit edilmişdir. Qadının örtünmәsi anlamında nisbәtәn yeni olan (tәqr. son 1 әsr) “H.” termini köhnә fiqh mәnbәlәrindә “sitr” sözü ilә ifadә olunurdu. Müsәlman hüquq mәnbәlәrindә H. mövzusu üçün ayrıca fәsil nәzәrdә tutulmur. 2) İslam irfanında ilahi substansiyanın (“zat”) aşkar olması üçün hәr cür maneә vә ya vasitәni ifadә edәn termin. İbn Ərәbinin tәsvir etdiyi “izzәt H.-ı” Allahın zatının transsendentliyini şәrtlәndirәn vә onu varlıqlara nisbәtdә pәrdәlәyәn ilahi әzәmәtdir (“kibriya”). İlahi adlar (bax Əsmai-hüsna) zatın hәr bir ada mәxsus müvafiq ilahi sifәtlә birlikdә tәzahürü qismindә onun H.-ları, hәr ad isә öz növbәsindә növbәti adın H.-ıdır. Varlıqların bilavasitә qәbul etmәyә qabil olmadığı ilahi nurun yayılmasını müxtәlif dәrәcәlәrdә әngәllәyәn nur vә zülmәt H.-ları varlıq alәminin fiziki mövcudluğunun şәrti kimi hәm dә ilahi әdalәtin nişanәsidir. İdrak prosesindә maneә kimi yalnız insana nisbәtdә әhәmiyyәt kәsb edәn H. ilahi tәcәllanın insan qәlbi tәrәfindәn qәbuluna әngәl olan maddi obrazların qәlbә inikas etmәsidir (Feyz Kaşani). Bistami, Əbu Sәid Əbülxeyr, Hәllac vә b.-larına görә, insanla Allah arasında әn qalın H. insanın öz “mәn”i dir (“nәfs”). İnsanın qarşısında ali vәzifә olan ilahi idraka çatma yolunda H.-ların mahiyyәti vә onların tәsirlәri irfan vә tәsәvvüf fәlsәfәsindә sistemli tәhlil edilmiş, H.-ların aradan qaldırılması problemi әmәli tәlimlәrdә әsasәn fәnaya nailolma (bax Fәna vә bәqa) nәzәriyyәsi ilә hәllini tapmışdır.










