HİCRİ TƏQVİM – müsәlman tәqvimi. Hicrәt ilindәn (622) hesablanan H.t. islam dünyasında 638 ildә tәtbiq olunmuşdur. Tәqvimin ilk günü kimi hicrәt gününün özü deyil, hәmin ilin mәhәrrәm ayının 1-i (16.7.622) götürülmüşdür. Ay tәqviminә әsaslanan H.t. hicri-qәmәri tәqvim adlanır. Bir ay 29,5305 gün (29 gün 12 saat 44'), bir il 354,367 gündür (354 gün 8 saat 48'3''). Ayın hәrәkәtindәn asılı olaraq aylar 29, yaxud 30 gün olur. Hicri-qәmәri tәqvim ilә miladi tәqvim arasında ildә 10 gün, 33 ildәn bir isә bir il fәrq var. İslam bayramları, xüsusәn Ramazan ayının orucu ilә әlaqәdar olaraq ayın әvvәli vә sonunun müәyyәnlәşdirilmәsi fiqh sahәsinә daxil olmuşdur. Hicri-qәmәri tәqvimin ayları: mәhәrrәm, sәfәr, rәbiülәvvәl, rәbiülaxir, cәmadiyülәvvәl, cәmadiyülaxir, rәcәb, şәban, ramazan, şәvval, zilqәdә, zilhiccә. H.t.-in digәr bir variantı İranda 1925 ildә qәbul edilmiş, hazırda hәm dә Əfqanıstanda istifadә olunan hicri-şәmsi tәqvimdir. Hicri-şәmsi tәqvim günәş tәqviminә әsaslanmaqla, hicrәt ilindәn hesablanır. Hicri-şәmsi il Novruz bayramı günü, miladi tәqvimlә martın 21-dә başlayır. Hicri-şәmsi aylarının adı avesta dilindәdir vә zәrdüşti tәqvimindәn götürülmüşdür: fәrvәrdin, ordibehişt, xordad, tir, әmordad, şәhrivәr, mehr, aban, azәr, dey, bәhmәn, esfәnd. İlk 6 ay 31 gün, 5 ay 30 gün, esfәnd isә 29 (uzun ildә 30) gündür. Hicri-qәmәri (h) tarix miladi (M) tarixә
miladi tarix isә hicri-qәmәri tarixә
düsturu ilә çevrilir. Hicri-qәmәri tәqvim dünya müsәlmanları arasında dini bayram vә anım günlәrinin qeyd edilmәsi, dini mәrasimlәrin keçirilmәsi mәqsәdilә alternativ tәqvim kimi istifadә olunur.










