HİÇKOK (Hitchcock) Alfred (Alfred Cozef) (13.8.1899, London – 29.4.1980, Los-Anceles) – B.Britaniya vә Amerika rejissoru. 1910-cu illәrin 1-ci yarısında mühәndis-naviqasiya mәktәbindә oxumuş, un-tdә (London) sәnәtşünaslıq üzrә mühazirәlәri dinlәmişdir. Kinoya 1920 ildәn gәlmiş, “Zövq bağı” (1925) vә “Dağ qartalı” (1926) filmlәri rej. kimi debütü olmuşdur. “Kirayәnişin”, “Şantaj” (1929), “Çox şeyi bilәn adam” (1934, 1956), “39 addım” (1935) filmlәrindә H. yaradıcılığının fәrdi xüsusiyyәtlәri (kәskin detektiv süjet, spesifik atmosferin yaradılması vә s.) meydana çıxmışdır. “Ledi yoxa çıxır” (1938), “Xarici müxbir” (1940), “Xilasedici qayıq” (1943), “Pis ad” (1946) filmlәrindә anti faşist motivlәr sәslәnir. “Yamayka aşxanası” (1939) tarixi filmindәn sonra Hollivuda köçmüş vә “Rebekka” (1940, “Oskar” mükafatı) filmini çәkmişdir. “Şübhә” (1941), “Şübhә kölgәsi” (1943) vә “Paradaynın işi” (1947) filmlәrindә psixoloji nüanslar diqqәti cәlb edir. “Ovsunlanmış” (1945), “Kәndir” (1948, H.-un ilk rәngli filmi), “Psixoz” (1960), “Marni” (1964) filmlәrindә psixoanaliz elementlәrindәn istifadә olunmuşdur. H. 1930-cu illәrin sonu–1960-cı illәrin әn böyük rej.-larından biridir. Triller janrının tәsdiqi onun yaradıcılığı ilә bağlıdır. “Yunona vә Pavlin” (1930), “Gәnc vә bakir” (1937), “Mister vә missis Smit” (1941), “Sәhnә qorxusu” (1950), “Qatarda yad adamlar” (1951), “Mәn tövbә edirәm” (1952), “Qәtl baş verәrsә , “M”!-ya zәng vurun” (1953), “Hәyәtә açılan pәncәrә” (1954), “Başgicәllәnmә” (1958), “Oğrunu yaxalamaq”, “Harri ilә bağlı xoşagәlmәz hadisә” (hәr ikisi 1955), “Şimal-qәrbdәn şimala” (1959), “Quşlar” (1963), “Azğınlıq” (1971), “Ailәvi qәsd” (1975) vә s. filmlәrin rej.-dur. Ritsar rütbәsinә layiq görülmüşdür (1980).











