HİDRATLAŞMA (yun. ϋδωρ – su ) – su molekullarının molekul, ion vә ya atomlarla qarşılıqlı tәsir prosesi. Mәhlullarda, bәrk vә (nadir hallarda) qaz fazalarda hәyata keçirilir. H. yeni kimyәvi birlәşmәlәrin (hidroksidlәr, bәrk hidratlar vә s.), yaxud maddә hissәciklәri suyun dipolmo lekullarla әhatә olunmuş sabit vә ya dәyişәn tәrkibli assosiatların (mәs., qaz hidratları, sulu mәhlullarda akvakomplekslәr, hidratlaşmış ionlar) әmәlә gәlmәsinә sәbәb olur. Suda hәll olma zamanı H. solvatlaşmanın xüsusi halıdır. Hәmçinin hidroksid qrupun vә hidrogenin üzvi birlәşmә molekulunun çoxqat rabitәlәrinә vә ya tsiklik fraqmentdә qırılmış rabitәnin uclarına birlәşmә reaksiyaları H. adlanır. H. donor-akseptor, dipol-dipol, ion-dipol vә digәr növ qarşılıqlı tәsirlәrin, hidrogen vә ya koordinasiya rabitәlәrinin yaranması ilә şәrtlәnir. Mәs., ionların H.-sı ion-dipol qarşılıqlı tәsir nәticәsindә baş verir vә H. enerjisi ionun radiusu kiçildikcә vә yükü artıqca çoxalır. Sulu mәhlullarda hәll olan maddәnin parçalandığı ionların H.-sı, onun elektrolitik dissosiasiya qabiliyyәtini әhәmiyyәtli dәrәcәdә müәyyәn edir. Əksәr ion birlәşmәlәrin suda hәll olması zamanı ionların H.-sı kristal qәfәsin dağılmasına sәrf olunan enerjini kompensasiya edir. İon quruluşlu birlәşmәlәrin mәhlulları kristallaşdıqda çox vaxt tәrkibindә hidratlaşmış ionlar olan kristalhidratlar ayrılır. Əksәr qüvvәtli turşuların protonlarının H.-sından hidroksonium H3O+ ionu әmәlә gәlir. H3O+-in H.-dan H5O , H7O , H9O kationları әmәlә gәlir. H. prosesi sәnayedә vә laboratoriya praktikasında (mәs., oksidlәrdәn oksigenli turşuların, alkenlәrdәn spirtlәrin, CaCl2, CaO, P2O5 vә b. quruduculardan istifadә edilmәklә qaz vә maye halda olan maddәlәrin qurudulması üçün), hidrometallurgiyada vә s. tәtbiq edilir. H. sulu mәhlullarda, hәmçinin bir sıra bioloji proseslәrdә (fermentlәrin aktivliyi, ionların hüceyrә membranından nәqli, maddәlәr mübadilәsi vә s.) baş verәn fiziki-kimyәvi proseslәrә tәsir göstәrir. Bax hәmçinin Su.










