HİDROAKÚSTİKA (hidro… + akustika) – akustikanın bölmәsi; akustik dalğaların tәbii su mühitindә yayılması vә hәmçinin onların sualtı tәtbiqlәrinin müxtәlif sahәlәri vә üsulları öyrәnilir. Sәs yeganә növ şüadır ki, mayedә kifayәt qәdәr uzağa yayılır. Ona görә dә sәs dalğaları sualtı yolla naviqasiya, sualtı rabitә, hәrbi vә s. mәqsәdlәrlә informasiya verәn vә alan yeganә vasitәdir. H.-nın әsas mәsәlәsi akustik dalğaların real su mühitlәrindә (okeanlarda, dәnizlәrdә, göllәrdә vә s.) yayılması xüsusiyyәtlәrinin öyrәnilmәsidir. Sualtı sәslәrin yayılmasının uzaqlığı mühitdә sәsin udulması vә әlavә olaraq su qatlarının qeyri-bircinsliyindәn, hәyәcanlanmış sәthindәn, dibinin qeyri-hamarlığından sәpilmәsinin sәbәb olduğu sәsin sönmәsi ilә müәyyәn olunur. Yüksәktezlikli sәsin udulmasına vә sәpilmәsinә kiçik ölçülü qeyri-bircinsliklәr (turbulentlik, qaz qabarcıqları vә s.) tәsir göstәrir. Suyun sәthinә yaxın tәbәqәdә qeyri-bircinslik böyük olduğuna görә bu effekt orada xüsusilә güclüdür. H.-nın elmi-texniki mәsәlәsi, tәbii hovuzlarda (hövzәlәrdә) sәsin yayılmasından istifadә edilmәsinә әsaslanan h i d r o a k u s t i k v a s i t ә l ә r deyilәn texniki vasitәlәrin yaradılmasıdır. Onların mәqsәdi: sualtı obyektlәrin aşkara çıxarılması, tәsnifatı vә izlәnmәsi (bax Hidrolokasiya), su altı vә suüstü gәmilәr arasında әlaqә yaratmaq, gәmiçilik elminin tәhlükәsizliyini tәmin etmәk; okeanoqrafik tәdqiqatların aparılması; balıqçılığın vә dәniz heyvanları ovunun tәmin edilmәsi, sәthdә vә dәnizin dәrinliklәrindәki süxurlarda faydalı qazıntıların axtarışı vә kәşfiyyatı, sualtı qazma işlәrinin müşayiәt edilmәsi vә s. Göndәrilәn vә qәbul edilәn siqnalın müәyyәn bir qaydaya salınması üçün elektron qurğularının yaradılması da H.-nın elmi-texniki mәsәlәlәrinә aiddir. Alınan informasiyanın emalı üçün hidroakustik mәsәlәlәrin xüsusiyyәtinә uyğunlaşdırılmış elektron hesablama texnikası tәtbiq edilir.










