HİDROBİOLOGİYA – ekologiyanın bir hissәsi; su orqanizmlәrinin (hidrobiontların) hәyatını, onların dәnizdә vә quruda olan su hövzәlәrindәki ekosistemlәrdә biotik komponentlәr kimi qruplaşmalarını öyrәnir. İlk dәfә “H.” termini 19 әsrin sonunda alman bioloqlarının әsәrlәrindә meydana çıxmış vә 20 әsrin әvvәllәrindә “Archiv für Hydrobiologie und Planktonkunde” (1906) vә “İnternationale Revue der gesamten Hydrobiologie und Hydroqraphie” (1908) jurnallarının nәşrinin tәşkili vә buraxılmasından sonra geniş yayılmışdır. Ənәnәvi fәnlәr (elmlәr) olan botanika, zoologiya, fiziologiya çәrçivәsindә su orqanizmlәri biologiyasının geniş tәdqiqatları bundan әvvәl aparılmışdı. H.-nın bir elm kimi tәşәkkül tapmasında biol. st.-ların әvvәlcә dәnizdә, o cümlәdәn Messinada (İtaliya, 1868), Sevastopolda (Rusiya, 1871), Neapolda (İtaliya, 1874), Nyuportda (B.Britaniya (1876), sonralar isә şirin sularda mәs., Böyük Plön gölündә (Almaniya, 1890), Qlubokaya gölündә (Rusiya,1891), Volqa da (Saratov, 1900) yaradılması böyük rol oynadı. 19 әsrin 2-ci qurudaki su hövzәlәrindә vә sahil sularında balıq ehtiyatının xüsusilә nәzәrә çarpan azalması hidrobioloji tәdqiqatların inkişafına ciddi stimul oldu. Balıq ovunun azalması sәbәblәrinin axtarışı xüsusi hidrobioloji ekspedisiyaların aparılmasını tәlәb edirdi. Bu ekspedisiyaların әn birincilәri K.M.Berq vә N.Y.Danilevski tәrәfindәn 1850 illәrin ortalarında Volqa çayında vә Xәzәr dәnizindә, sonra isә alman zooloqu V.Genzen tәrәfindәn Baltika (1871) vә Şimal dәnizlәrindә (1872) tәşkil edildi. Belә ekspedisiyaların nәticәlәri mәhsuldarlıq üzrә tәdqiqat adlandırılmış ekoloji istiqamәtә başlanğıc verdi vә ekoloji elm kimi müasir H.-nın xarakterini müәyyәnlәşdirdi. Rus bioloqu Q.Q.Vinberqin (1932) vә Amerika alimi Q.Raylinin (1935) hidrobioloji tәdqiqatları ekoloji sistemlәrin funksional tәşkilinin әsası kimi trofik zәncirlәrә dair fundamental tәsәvvürlәrin işlәnib hazırlanması üçün әsas oldu. 20 әsrin 1-ci yarısında hidrobioloji tәdqiqatlar okeanoqrafiya vә limnologiya kimi elmlәrin çәrçivәsindә aparılırdı. Biol. mәhsuldarlığın vә biosferә antropogen tәsirin qlobal qiymәtlәndirilmәsi zәrurәti yalnız Beynәlxalq Bioloji Proqramın (1964 – 1974) hәyata keçirilmәsi nәticәsindә aydın oldu; tәbii-biol. proseslәrin ekoloji mövqedәn öyrәnilmәsinә dair tәdqiqat metodlarının vә nәzәri yanaşmaların müәyyәn unifikasiyası baş verdi. Su hövzәlәrinin biol. mәhsuldarlığına dair çoxillik tәdqiqatlar, Dünya okeanında plankton vә bentosun mәkani paylanmasının öyrәnilmәsi onun mәhsudarlığının kifayәt qәdәr etibarlı qiymәtlәndirilmәsinә imkan verdi. Kontinental su hövzәlәrinin tipologiyası yaradıldı, onların evtrofikasiyasina sәbәb olan amillәr öyrәnildi. H.-nın “ekologiyalaşdırılmasının” mühüm sәbәbi tәbii suların sәnaye vә k.t. istehsalatı tullantıları, böyük şәhәrlәrin çirkabları ilә çirklәnmә sәviyyәsinin katastrofik yüksәlmәsi oldu. Nәticәdә indiyәdәk sanitariya H.-sı vә su toksikologiyası kimi istiqamәtlәr üçün әsas olan tәmiz su problemi meydana çıxdı. Onların әsas vәzifәlәri müntәzәm hidrobioloji müşahidәlәrә (monitorinqә) әsaslanaraq tәbii suların keyfiyyәtinin vә su ekosistemlәrinin vәziyyәtinin qiymәtlәndirilmәsi hәmçinin su ekosistemlәrinә antropogen tәsirin normallaşdırılması mәqsәdilә çirklәndirici maddәlәrin orqanizmә vә hidrobiontlar qrupuna tәsirinin kompleks qiymәtlәndirilmәsi metodlarının işlәnib hazırlanmasıdır.










