HİDRODİNAMİKA (hidro vә dinamika) – maye ve qaz mexanikasının bölmәsi; zәif sıxılan mayelәrin vә ya onların qatışıqlarının bәrk cisimlәrlә, digәr maye vә ya qaz mühitlәri vә qüvvә (qravitasiya, elektromaqnit vә s.) sahәlәri ilә qarşılıqlı tәsiri zamanı hәrәkәti vә vәziyyәtinin dәyişmәsi öyrәnilir. H. tarixi olaraq gәmilәrin dәnizçilik keyfiyyәtini yüksәltmәk üçün aparılan tәdqiqatlarla vә hәmçinin yelkәnin, vintin, pәrin, nasosun vә b. qurğuların öyrәnilmәsi ilә bağlı meydana gәlmişdir. H.-nın әsasları 18 әsrdә D.Bernullinin, J.L.Dalamberin, L.Eylerin әsәrlәrindә qoyulmuşdur. “H”. termini Bernulliyә mәxsusdur. H.-nın әn sadә modeli ilk dәfә 18 әsrdә L.Eyler tәrәfindәn verilәn (Nyutonun mexanika qanunlarından vә Paskal qanunundan istifadә etmәklә) sıxılmayan bircins mayenin hәrәkәt tәnliklәri sistemidir (bax Eyler tәnliklәri). 19 әsrdә mayenin özlülük xassәlәrinin tәsirini nәzәrә alan model (bax Nauye – Stoks tәnliklәri) – sıxılmayan bircins özlü mayenin modeli yaradıldı. Daha sonra, yәni 19–20 әsrlәrdә H.- nın bir çox nәzәriyyәlәri, o cümlәdәn sәth vә daxili dalğalar nәzәriyyәsi, müstәvi, oxasimmetrik vә vintvarı axınların nәzәriyyәsi, özlü mayelәrin yavaş axınlarının nәzәriyyәsi, sәrhәd tәbәqәsinin nәzәriyyәsi vә b. yaradıldı. Hazırda H.-nın qarşısında duran әsas mәsәlә müxtәlif praktiki mәsәlәlәrin hәllinә yönәldilmiş böyük hesablama proqramları paketi yaratmaqdır. Müasir H.-nın praktiki tәtbiqlәri hәddindәn artıq müxtәlifdir. H. gәmilәrin vә tәyyarәlәrin layihәlәşdirilmәsindә vә yaradılmasında, boru kәmәrlәrinin vә nasosların, hidroturbinlәrin vә suaşıran bәndlәrin hesablanmasında, dәniz vә hava axınının öyrәnilmәsindә, atm-dә kütlә vә istilik mübadilәsinin hesablanmasında, hava proqnozunda, metallurgiya vә kimya sәnayesinin bir çox texnoloji proseslәrindә vә b. sahәlәrdә istifadә olunur.










