HİDROGEN-FLÜORİD – flüorun hidrogenlә birlәşmәsi, HF; havada tüstülәnәn, rәngsiz qaz vә ya mütәhәrrik maye; tәr. – 83,36ºC, tqayn. 19,52ºC. Suda flüorid turşusu әmәlә gәtirmәklә qeyri-mәhdud hәll olur. H.-f. bir çox bәsit maddәlәrlә flüoridlәr; oksidlәrlә oksiflüoridlәr vә ya flüoridlәr; qәlәvi vә digәr birvalentli metalların flüoridlәri ilә hidro flüoridlәr; çoxlu sayda elementlәrin flüoridlәri vә oksiflüoridlәri ilә suyun iştirakıyla flüor tәrkibli turşular (mәs., H2SiF6, HBF4) әmәlә gәtirir. H.-f. metalların halogenidlәrindә halogeni әvәz edir. Flüorit CaF2 ilә sulfat turşusunun H2SO4 qarşılıqlı tәsir reaksiyası H.-f.-in әsas alınma üsuludur. H.-f. xladonların vә flüorplastların istehsalında, üzvi kimyada hidrogenlәşmә, dehidrogenlәşmә, alkillәşmә katalizatoru, F2 vә flüorsulfon turşusunun alınmasında ilkin maddә kimi istifadә olunur. H.-f. tәnәffüs yollarını qıcıqlandırır, çox güclü suuducudur vә dәriyә düşdükdә uzun müddәt sağalmayan yaralar törәdir.










