HİDROGEOLÓGİYA (hidro... + geologiya) – yeraltı sular haqqında elm; geologiyanın bir sahәsi. Yeraltı suların әmәlә gәlmәsini, tәrkibini, xüsusiyyәtini, yatım şәraitini vә yayılmasını, geol. struktur vә süxurlarla әlaqәsini, qidalanmasını, hәrәkәt qanunlarını, rejimini, ehtiyatını, atm. vә yerüstü sularla qarşılıqlı әlaqәsini, müxtәlif tip yeraltı sulardan istifadәni, onların tükәnmә vә antropogen çirklәnmәdәn qorunması problemlәrini vә s.-ni öyrәnir. H.-da: ümumi H. (yeraltı suların әmәlә gәlmәsi, onların fiziki vә kimyәvi xassәlәri, yerlәşdirici süxurlarla qarşılıqlı tәsiri vә s.-dәn bәhs edir); yeraltı suların dinamikası, axtarışı vә kәşfi (su tәchizatı, suvarma vә s. mәqsәdlәr üçün yeraltı su yataqlarının aşkar edilmәsi, mühәndisi qurğuların tikintisindә, qurutma tәdbirlәri vә irriqasiyada meydana çıxan mәsәlәlәrin hәlli ilә mәşğul olur); faydalı qazıntı yataqlarının H.-sı (yataqların hidrogeoloji xüsusiyyәtindәn, sulaşmasından vә onlarla mübarizә tәdbirlәrindәn vә s. bәhs edir), regional H. (geol. strukturlarla әlaqәdar müxtәlif tәbii şәraitdә yeraltı suların yayılması qanunauyğunluqlarını tәdqiq edir), mineral suların H.-sı (mineral suların әmәlә gәlmәsi, tәsnifatı vә s. mәsәlәlәrin tәdqiqi vә onların praktiki istifadәsi problemlәrinin hәlli ilә mәşğul olur), meliorativ H. (suvarılan vә qurudulan әrazilәrin k.t. mәnimsәnilmәsini daha da sәmәrәlәşdirmәk mәqsәdi ilә onların hidrogeoloji şәraitinin yaxşılaşdırılması metodlarını hazırlayır), hidrogeokimya (yeraltı suların kimyәvi tәrkibinin әmәlәgәlmә proseslәrini vә onların kimyәvi elementlәrinin miqrasiyası qanunauyğunluqlarını vә s. öyrәnir) vә s. bölmәlәrini ayırırlar. H. geologiya, geokimya, geokriologiya, hidrologiya, meteorologiya vә d. Yer elmlәri ilә, hәmçinin fizika vә kimya ilә sıx әlaqәdardır. Yeraltı sular barәdә mәlumatlar e.ә. 3-cü minillikdәn mәlumdur; onların әmәlә gәlmәsi vә toplanma şәraiti haqqında ilkin işlәrә e.ә. 1-ci minillikdә Fales, Platon, Aristotel vә Lukretsinin işlәrindә rast gәlinir. Vitruvi, Biruni vә M.Karadinin әsәrlәrindәki fikirlәr yeraltı suların formalaşmasının müasir anlayışına daha yaxındır. 16–17 әsrlәrdә Avropa alimlәrinin (G.Aqrikola, B.Palissi, R.Dekart, İ.Kepler, A.Kirxer) işlәrindә Yeraltı suların әmәlә gәlmәsi vә onların Yer qabığında hәrәkәti barәdә mәsәlәlәr öz әksini tapmışdır. H.-nın tәşәkkülü fransız alimlәrindәn E.Mariott, A.Darsi, J.Düpyüinin, Avstriya geoloqu E.Züssün, rus alimlәrindәn M.V.Lomonosov, V.M. Severgin, A.P.Pavlov, V.V.Dokuçayev, N.İ.Andrusov, V.İ.Vernadski vә b.-nın adı ilә bağlıdır. Azәrb.-da H.-nın inkişaf tarixi barәdә bax Azәrbaycan xüsusi cildinin Geologiya bölmәsinә.










