HİDROGEOLOJİ RAYONLAŞDIRMA – hidrogeoloji göstәricilәrinә vә xüsusiyyәtinә görә bir-birindәn fәrqlәnәn әrazi vahidlәrinin ayrılması. H.r. zamanı tәsnifat әlamәtlәri kimi әrazinin fiziki-coğrafi xüsusiyyәti, geol. quruluşu, hidrogeoloji şәraiti әsas götürülür. Tәyinatından asılı olaraq, H.r. ümumi vә xüsusi növlәrә ayrılır. Ü m u m i H.r. yeraltı suların formalaşma vә yayılma göstәricilәrinin mәcmusuna görә bir-birindәn fәrqlәnәn hidrogeoloji regionları ayırmaq mәqsәdilә, x ü s u s i H.r. isә konkret әmәli mәsәlәlәrin (su tәchizatı, meliorasiya, balneologiya vә b.) hәlli üçün aparılır. H.r.-nın taksonomik vahid bölgüsü (kiçikdәn iriyә doğru) belәdir: sahә, yarımrayon, rayon, vilayәt, әyalәt.










