HİDROMEXANİKLƏŞDİRMƏ – torpaq vә mәdәn işlәrindәki texnoloji proseslәrin hamısı vә ya әsas hissәsi hәrәkәt edәn su axınının enerjisindәn istifadә etmәklә aparılan üsul. Su enerjisindәn hәlә 2 min il bundan әvvәl tikintidә vә mәdәn işlәrindә istifadә edilmişdir. Belә ki, e.ә. 1 әsrdә qızıl vә qalaylı mineral sәpintilәr su ilә işlәnilmişdir. Sonralar su axını enerjisindәn arx çәkilmәsindә vә xәndәk qazılmasında, suvarma sistemlәri yaradılmasında istifadә edilmişdir. H.-dә işlәdilәn әsas avadanlıqlar: nasos, yüklәmә aparatları, torpaqsoran maşın, boru kәmәri, nasos st., hidroelevator, erlift, hidromonitor. Hidroqurğular üçün su çay vә ya göllәrdәn, yaxud da su anbarlarından gәtirilir. H.-dan sәmәrәli istifadә iqlim şәraitindәn (qış vaxtı şaxtalardan), süxurların xassәlәrindәn (çәtinyuyulan süxurlar hidroqurğuların mәhsuldarlığını xeyli aşağı salır), su ehtiyatlarının mövcudluğundan asılıdır. H.-dәn yataqların açılışında (bir çox faydalı qazıntının açıq üsulla, kömürün yeraltı üsulla hasilatında), hidrotexniki vә irriqasiya tikintisindә (tökmә ada, bәnd, damba, suvarma sistemi vә s. yaradılmasında), k.t.-n da (kanal, su hövzәsi tikintisindә vә s.), balıq sәnayesindә (tordan balığı boşaltmaq üçün) vә s. istifadә edilir.










