HİDROSEFÁLİYA (hidro ... + yun. χεφαλή – baş), b e y n i n h i d r o p s u, b a ş h i d r o p s u – kәllә boşluğunda onurğa beyni mayesinin artıq toplanması. Sәbәblәri: beyin mәdәciklәrindә onurğa beyni mayesinin әmәlә gәlmәsinin güclәnmәsi, onun oradan axıb getmәsinin pozulması (okklüzion, yaxud qapalı H.), onurğa beyni mayesinin baş beynin hörümçәktorunabәnzәr qişa tәrәfindәn sorulmasının pislәşmәsi (keçici H.), baş beyin toxuması kütlәsinin vә hәcminin azalması (ex vacuo H.). Okklüzion H. beyin mәdәciklәri dәliklәrinin şiş, iltihabi proseslәr, qanaxma vә ya beynin inkişaf anomaliyaları nәticәsindә bağlanması ilә әlaqәdar inkişaf edir. Keçici H. meningit, subaraxnoidal qanaxma, kәllә-beyin travmaları vә onların nәticәlәri ilә törәnir. H. tez-tez onurğa beyni mayesi tәzyiqinin artması vә onun nәticәsi kimi kәllәdaxili tәzyiqin yüksәlmәsi ilә müşayiәt olunur. Yeni doğulmuşlarda H. beynin inkişaf anomaliyaları, baş beynin doğumdan qabaq vә uşaq hәyatının ilk aylarında olan infeksion, travmatik vә digәr zәdәlәnmәlәrindә baş verir. Daha böyük uşaqlarda vә yaşlılarda H. çox vaxt baş vә onurğa beynin inkişaf anomaliyaları, şişlәri, meningit, kәllә daxili qanaxmaları, travmaları zamanı inkişaf edir. Uşaqlarda H. başın ölçülәrinin böyümәsi, kәllә tikişlәrinin aralanması, kәllә sümüklәrinin naziklәşmәsi, baş venalarının genişlәnmәsi ilә meydana çıxır. Gözün hәrәkәtlәrinin pozulması, çәpgözlük, nistaqm, görmәnin zәiflәmәsi, hәrәki vә psixi inkişafdan geri qalma müşahidә oluna bilәr. Yaşlılarda çox vaxt okklüzion H., ex vacuo H. (baş beynin sonrakı yaşlarda atrofik proseslәri zamanı) vә onurğa beyni mayesi tәzyiqinin artmadığı halda qeyd olunan normotenziv H. baş verir. Normotenziv H. intellektin demensiyaya qәdәr artan pozuntusu ilә meydana çıxır. H.-nın әn dәqiq diaqnostikası üsulları mәdәciklәrin xeyli böyümәsini vә çox vaxt baş-beyin qabığının naziklәşmәsini aşkar edәn başın rentgen kompüter tomoqrafiyası vә maqnit-rezonans tomoqrafiyasıdır. H.-nın әsas m ü a l i c ә s i – cәrrahi üsulladır. Üsulun prinsipi onurğa beyni mayesinin baş-beyin mәdәciklәrindәn axmasına olan maneәni aradan qaldırmaq, onun xüsusi uyğunlaşdırma ilә qarın vә ya döş boşluğuna çıxarılmasını (ventrikuloperitoneal vә ventrikulo plevral şuntlama) tәmin etmәkdir. Dәrman müalicәsinә onurğa beyni mayesinin әmәlә gәlmәsini azaldan asetazolamidin vә laziksin istifadәsi daxil edilir.










