HİDROSTÁT (hidro... + yun. στατός – dayanan, tәrpәnmәz) – 1) sualtı tәdqiqat aparmaq üçün baza gәmisindәn trosla suya endirilәn aparat. Havanı regenerasiya edәn sistemlә, su altında müşahidә aparan qurğularla, işıqlandırma vә elmi-tәdqiqat cihazları, kino vә foto aparatları ilә tәchiz olunur. Suya enmә dәrinliyi 300 m-әdәkdir. İş yerindә bәrkidilmәk üçün H. xüsusi quruluşla vә manipulyatorla tәchiz olunur. Daha dәrinә enmәk üçün batiskafdan istifadә edilir. 2) Havanın nәmliyi dәyişdikdә işә düşәn tәnzimlәyici cihaz; rütubәt relesi. Ventilyasiya vә iqlimyaratma sistemlәrindә tәtbiq edilir. 3) Metalların emalı texnologiyasında hidrostatik preslәmә qurğusu.










