HİDROTEXNİKİ QURĞULAR – tәbii su ehtiyatlarından istifadә, yaxud selin dağıdıcı tәsirlәri ilә mübarizә vә s. su tәsәrrüfatı tәdbirlәrini hәyata keçirmәk üçün tikilәn mühәndis qurğuları. Yerlәşmә yerindәn asılı olaraq dәniz, çay, göl H.q.-ı ola bilәr. H.q. vasitәsilә suları vә axınları idarә etmәk – suyun sәviyyәsini vә sәrfini tәnzimlәmәk, onun miqdarını, sürәtini, istiqamәtini, rejimini vә s.-ni tәlәbata uyğun dәyişmәk olur. H.q. ümumi tәyinatlı vә xüsusi qurğulara ayrılır. Ü m u m i t ә y i n a t l ı qurğulara suyun qarşısını saxlayan vә sәviyyә düşgüsü yaradan qurğular, tәnzimlәmә qurğuları, su ötürәn, suburaxan, sugötürәn qurğular vә s. daxildir. Suyun qarşısını saxlayan vә sәviyyә düşgüsü yaradan qurğular su axınının hidroloji rejiminә ciddi tәsir göstәrir (dәrinliyi, axın sürәti, su sәrfi vә s. dәyişir). Bura bәnd vә dambalar daxildir. Bәnd (әn mühüm vә geniş yayılmış H.q.) çay mәcrasını hüdudlayır, basqı, yaxud yuxarı vә aşağı byefdә su sәviyyәsi fәrqi (hidravlik enerji) yaradır, suyun suvarma vә tәchizat üçün axıdılmasını asanlaşdırır. Dambalar bәndlәrdәn fәrqli olaraq basqı yaradılması mәqsәdilә deyil, quru sahәsinin vә ya portlarda әrazilәrin vә akvatoriyaların mühafizәsi (dәniz suyunun yüksәlmәsindәn – qabarmasından, külәk vasitәsilә suyun gәtirilmәsindәn qorumaq üçün) mәqsәdilә tikilir. Tәnzimlәmә qurğuları yerli axım rejimini dәyişir. Bu qurğular lazımi dәrinliyi, gәmiçilik vә taxta-şalban axıtmaq üçün lazımi axın sürәtini vә mәcra formasını tәmin etmәk, suyun eroziya fәaliyyәtini tәnzimlәmәk, mәcra vә sahillәri yuyulmadan, gәlmә çöküntülәrdәn, buzdan qorumaq mәqsәdilә qurulur. Su ötürәn qurğular süni su axınları yaradır; suyun lazımi mәntәqәlәrә ötürülmәsi üçün istifadә edilir. Buraya kanallar, basqısız boru kәmәrlәri, akveduklar, hidrotexniki tunellәr aiddir. Bu qurğular gәmiçilik yollarını tәşkil edir, su tәchizatı vә suvarma sisteminә, SES turbinlәrinә su ötürür. Suburaxan qurğular, әsasәn, yazda vә ya yağışlar dövründә hidroqovşaqların istismarının tәhlükәsizliyi mәqsәdilә artıq suların su obyektlәrindәn (su anbarı, kanal, basqılı hovuz vә s.) axıdılması mәqsәdilә qurulur. Bu qurğular istismar әlamәtlәrinә görә tәnzimlәnәn vә tәnzimlәnmәyәn; hidravlik rejiminә görә basqılı vә basqısız qurğulara ayrılır. Sutoplayan (sugötürәn) qurğular suyu mәnbәdәn götürmәk vә suötürәn, yaxud sutullayan qurğulara vermәk, istehlakçıları tәlәb edilәn müddәtdә lazımi miqdarda su ilә tәmin etmәk vә s. üçündür. X ü s u s i H.q.-a su enerjisindәn istifadә qurğuları (SES binası vә s.), su nәqliyyatı qurğuları, hidromeliorasiya komplekslәri, su tәchizatı vә kanalizasiya üçün qurğular, hәmçinin balıq tәsәrrüfatı qurğuları daxildir; bu qurğular bir çox fәrdi xüsusiyyәtlәri ilә xarakterizә olunur. Müxtәlif tәyinatlı H.q. vahid hidravlik qovşağın (hidroqovşaq) tәrkibindә birlәşdirilir. Digәr mühәndis qurğularından fәrqli olaraq H.q. mütәmadi olaraq su axınının mexaniki (statik vә hidrodinamik yüklәr, qruntların suffoziyası vә s.), fiziki-kimyәvi (sәthlәrin yeyilmәsi, metalların korroziyası, betonun yuyulması), bioloji (taxta konstruksiyaların çürümәsi) tәsirlәrinә mәruz qalır. H.q.-ın tikintisi üçün inşaat işlәrinin güclü mexaniklәşdirilmәsi lazım gәlir. Tikinti zamanı tәbii (topoqrafik, geoloji, hidroloji vә hidrogeoloji) şәraitlәri nәzәrә almaqla, әsasәn, monolit vә yığma-monolit konstruksiyalardan istifadә olunur. H.q.-ın әtraf әrazilәrә tәsiri geniş olduğundan (H.q.-da baş verәn qәzalar ağır nәticәlәrә, maddi vә insan itkilәrinә sәbәb ola bilәr) bu qurğuların tikintisinin yüksәkkeyfiyyәtli, konstruksiyaların çox etibarlı olmasını tәlәb edilir.










