HİDROZOYLAR (Hydrozoa) – su onurğasızlarının knidariya tipindәn olan sinfi. Qazıntı halında olan formaları Vend dövründәn mәlumdur. H. üçün qeyri-cinsi (polip) vә cinsi (meduza) mәrhәlәlәrin növbәlәşmәsi sәciyyәvidir. Poliplәrin bağırsaq boşluğunda arakәsmәlәr (septlәr) yoxdur. Əksәr növlәrdә çoxsaylı poliplәr tumurcuqlanma nәticәsindә öz әsası ilә hәr hansı bir bәrk substrata yapışan koloniyalar әmәlә gәtirir. Hәr bir fәrdin ağız dәliyi dalayıcı kapsulaları olan barmaqcıqlarla (birdәn bir neçә yüzәdәk) әhatә olunmuşdur. Az hallarda H. passiv (mәs., velella) vә ya aktiv (hidralar) yerdәyişmә edirlәr. Tumurcuqların bir hissәsindәn ayrıcınsiyyәtli, öz ektodermasında cinsiyyәt hüceyrәlәri әmәlәgәtirәn meduzalar inkişaf edir. Bәzi hidrozoyların meduzaları koloniyadan ayrılaraq sәrbәst üzür, digәrlәrindә isә ona birlәşmiş halda qalırlar (meduzoidlәr). Mayalanmış yumurtadan sürfә – planula, ondan isә yeni polip inkişaf edir. H.-ın bәzilәrinin hәyat tsiklindә meduza vә ya polip mәrhәlәsi olmur. 2 yarımsinfi var: hidroidlәr vә sifonoforlar; 2700-ә yaxın növü var. H. әsasәn dәnizlәrdә yayılmışdır; Afrikanın göllәrindә, Şm. Amerika vә Avrasiyanın çaylarında (o cümlәdәn Cordylophora caspia, Craspeda custa sowerbi), hәmçinin Xәzәr dәnizindәn bәzi çaylara keçәn Pallas meriziyası (Moerisia pallasi) kolonial hidroidi müstәsnalıq tәşkil edir. Əsasәn, litoral zonada yayılıb, nadir hallarda dәrinlik formalarına (mәs., Branchiocerianthus imperator) rast gәlinir. Yırtıcıdırlar (barmaqcıqları ilә plankton xәrçәnglәrini, cücülәrin sürfәlәrini vә balıq körpәlәrini tuturlar); nadir hallarda detritlә qidalanırlar. Bәzi meduzalar (mәs., qonionema) insan üçün tәhlükәli ola bilәr, onlar dәridә güclü “yanıqlar” törәdә bilirlәr. H.-in örtüyündә kalsium duzları toplana bilir; çoxlu belә H.-in toplanmasından әhәng riflәri әmәlә gәlir.

Obeliya sifonoforu (Obelia longissima).










