HİKSOSLAR (yun. Ύκσώς ) – e.ә. 2-ci minilliyin ikinci rübündә Qәdim Misiri işğal etmiş asiyalı tayfa birliyi. Misir tarixçisi vә kahini Manefonun (e.ә. 4 әsrin sonu – e.ә. 3 әsrin birinci yarısı) “Misir tarixi” әsәrinә әsasәn Misirә soxulan “namәlum mәnşәli” Asiya xalqı Deltanın ş. Hissәsindәki Avaris ş.-ndә (Misir dilindә Hat-Uar vә ya Hut-Uaret, indiki Tәll әz-Zәb’әdә) möhkәmlәnәrәk uzun müddәt hakimiyyәti әlindә saxlamış vә misirlilәrә zülm etmişdir; lakin üzunmüddәtli müharibәdәn sonra Fivanın yerli hakimlәri tәrәfindәn H. Misirdәn qovulmuş vә ölkәnin müstәqilliyi bәrpa olunmuşdur (Manetho, Fr. 42–52). Manefona görә, misirlilәr istilaçıları yunan transkripsiyasında “hiksos” kimi sәslәnәn “çoban-hakimlәr” adlandırırdılar. Bu termin, ola bilsin ki, Misir dilindәki “hekau şasu”– köçәri hökmdarlar vә ya hakim-şasular (şasular Misir mәnbәlәrinә görә, ehtimal ki, әmaliqlәrlә eynilәşdirilәn vә Sina y-a-ndan gәlәn köçәrilәr idilәr; Manefonun dövründә isә “şasu” sözü yalnız “köçәrilәr, çobanlar” mәnasında saxlanılmışdı) ifadәsinә әsaslanırdı. Lakin alimlәrin bir çoxu bu transkripsiyanın arxasında Misirin “hekau hasut” (“әcnәbi ölkәlәrin hökmdarları”) ifadәsinin dayandığını qeyd edirlәr; bu termin e.ә. 2-ci minilliyә aid Misir hökmdarları siyahılarında Avarisin hiksoslardan olan hökmdarlarının sülalәsini (Manefonun siyahısında XV sülalә) bildirirdi; bundan әlavә, bәzәn bu sülalәnin hökmdarları özlәrini belә adlandırırdılar. E.ә. 17–16 әsrlәrә aid Misir yazılı mәnbәlәri vә arxeoloji qazıntılar bu dövrdә Deltanın şm.-ş.-indә paytaxtı Avaris ş. (1966 ildәn M. Bitakın rәhbәrlik etdiyi Avstriya ekspedisiyası tәrәfindәn öyrәnilir) olan vә müxtәlif vaxtlarda nәzarәtini bütün Misir, Cәnubi Fәlәstin vә hәtta Nubiyaya yayan Suriya-Fәlәstin (qәrbi sami) mәnşәli sülalәnin idarә etdiyi dövlәtin mövcudluğunu tәsdiqlәyir. Bu dövlәtin hansı şәraitdә vә nә zaman yaranması dәqiq mәlum deyil; ehtimal ki, H. birliyinin özәyini e.ә. 18 әsrin sonunda (hurrilәrin Fәlәstinә sürәtli axını zamanı) qonşu köçәrilәri vә Cәnubi Fәlәstin dә mәskunlaşmış oturaq kәnanilәri öz әtrafında birlәşdirmiş vә e.ә. 17 әsrin birinciyarısında Misirә soxulmuş Sina y-a-dan olan әmaliq-şasular tәşkil etmişlәr. H.-ın sayәsindә Misirdә yeni silah növlәri (qurma kaman, qılınc), döyüş arabaları vә atlar (H. tәrәfindәn hurrilәr vasitәsilә mәnimsәnilmişdi) yayılmışdır. H.-ın әsas sitayiş obyekti Misir allahı Setlә (Suteh) eynilәşdirilәn Asiya mәnşәli allah olmuşdur. Avarisin hiksos hökmdarları e.ә. 17 әsrin ikinci yarısından Misir hökmdarlarının titullarını tam olaraq qәbul etmişdilәr; Misir hökmdarlarının rәsmi siyahısında ilk 6 hökmdar qanuni hekau-hasut sülalәsi kimi qeyd olunmuşdur. Kritdә, Nubiyada vә Mesopotamiyada onların adı qeyd edilmiş abidәlәr tapılmışdır. H. dövlәtinin әn qüdrәtli dövrü Hayan (Hiyane) vә II Apopi Aakenenranın (tәqr. e.ә. 1600) hakimiyyәt illәri idi; bununla belә artıq hәmin dövrdә Avaris öz vassalı olan Fiva hökmdarı Sekenenradan (Apopi vә Sekenenra haqqında Misir nağılı mәlumdur) ehtiyat edirdi. III Apopi Aauserranın dövründә (e.ә. 16 әsrin ortaları) Sekenenranın varislәri Kamos vә onun xәlәfi I Yahmos H.-a qarşı uğurlu müharibәlәr aparmışlar. Kamos, demәk olar ki, bütün Misiri birlәşdirmiş vә Avarisi mühasirәyә almışdı, Yeni çarlığın qurucusu olan Yahmos isә şәhәri tutmuş vә düşmәni tәqib edәrәk 3 illik mühasirәdәn sonra H.-ın Fәlәstindәki son mәrkәzi olan Şaruheni әlә keçirmişdi. E.ә. 16 әsrә aid Misir mәnbәlәrindә (Karnarvon lövhәsi vә firon Kamosun kitabәsi) H.-ın qovulmasından bәhs olunur. H. dövlәtinin süqutundan sonra әmaliq-şasu tayfaları әrәblәr tәrәfindәn assimilyasiya olunanadәk ilkin yayılma arealında (әmaliqlәr adı ilә Bibliyada qeyd olunan әrazilәrdә) yaşamaqda davam edirdilәr.










