HİLL Alfred Frensis (16.11.1870, Melburn – 30.10.1960, Sidney) – Avstraliya bәstәkarı, dirijor, violinçalan vә pedaqoq. 1887–91 illәrdә Leypsiq konservatoriyasında violin sinfindә oxumuş, 2 il әrzindә Gevandhauz ork.-ndә (o cümlәdәn İ.Brams, E.Qriq, P.İ.Çaykovski, M.Bruxun rәhbәrliyi altında) violin çalmışdır. Sonralar Yeni Zelandiyada yaşamış, burada maori musiqi mәdәniyyәtini öyrәnmişdir. Yeni Zelandiya musiqi folklorunun bilicisi olan H. öz operaları, kantataları vә proqramlı simfonik әsәrlәrindә maori xalq mahnılarının melodiyalarından istifadә etmişdir. 1908 ildәn Sidneydә işlәmişdir. H. Avstraliya musiqisinin inkişafına böyük töhfәlәr vermişdir. 1916–34 illәrdә Yeni Cәnubi Uels konservatoriyasında (onu yaradanlardan biri olmuşdur) musiqi nәzәriyyәsi fәnlәrindәn vә kompozisiyadan dәrs demişdir, konservatoriya ork.-nin vә xorunun 2-ci dirijoru olmuşdur. 1926 ildә dirijor vә mühazirәçi kimi İngiltәrә vә ABŞ-a sәfәr etmişdir. 1947–60 illәrdә Astraliya bәstәkarlar gildiyasının prezidenti olmuşdur. H. “Ledi Dolli” (1900), “Tapu” (1903), “Mavritaniyalı qız” (1905), “Sәma gәmisi” (1933), “Cәnub ölkәsi” (1935) vә s. operaların, 10-dan artıq simfoniyanın, kamera-instrumental әsәrlәrin (sonata, kvartet, kvintet) müәllifidir. H.-in әsәrlәrinin (500-dәn artıq) çox hissәsi nәşr olunmamışdır.











