HİLOZOİZM (yun. ύλη – meşә, materiya + ζωή – hәyat) – “canlı” ilә “cansız” arasında sәrhәddi inkar edәn, “hәyatı” ilkin materiyanın immanent xassәsi sayan naturfәlsәfi konsepsiyaları (әsasәn, qәdim yunan filosoflarının) bildirmәk üçün R.Kedvort tәrәfindәn 1678 ildә tәtbiq edilmiş termin. Universumun ümumi canlılığı haqqında tәlim kimi H. panpsixizmin sinonimidir, lakin onu “hәyat qüvvәsi”ni fiziki-kimyәvi materiyadan ayıran vitalizmlә eynilәşdirmәk olmaz. H. materiyanı “ölü”, hәrәkәtsiz sayan, hәrәkәt mәnbәyini xarici “qüvvә”dә görәn mexanisizmin әksidir. Erkәn elmi-fәlsәfi әnәnә H.-i öz köklәri ilә әn qәdim animist tәsәvvürlәrә söykәnir (bax Animizm). H. “canlı” ilә “mövcud olan”ı eynilәşdirir, varlığı “hәyat”, qeyri-varlığı isә “ölüm” kimi başa düşür. Ən sadә ontoloji mahiyyәtlәr (elementlәr) “köklәr” (Empedokl), yaxud “toxumlar” (Anaksaqor) adlandırılırdı. H. bu vә ya digәr şәkildә Fales Miletli (“hәr şey allahlarla doludur” ideyası), Anaksimen, Heraklit vә Diogen Apolloniyalıda üzә çıxır. Platonun “Timey”indәki aşkar H.-ә qarşı Aristoteldәki mötәdil hilozoist rudimentlәr (xüsusilә ay üstü dünya nәzәriyyәsindә) durur. Xalis H., bir qayda olaraq, ardıcıl monizmi tәlәb edir vә demiurqun zәruriliyini aradan qaldırır, H.-in çox vaxt panteizmә yaxınlığı da buradan irәli gәlir. Hilozoist düşüncәnin ilkin çıxış nöqtәlәrinin dәrin tәdqiqi ardıcıl olaraq mikrokosmos vә makrokosmos paralelizminin qurulması ilә nәticәlәnir (Anaksimen, Heraklit, Platonun “Timey”i, stoiklik); kosmik orqanizmin mәqsәdәuyğunluğu tәbiәtin teleoloji izahı üçün (Diogen Apolloniyalıdan başlayaraq) körpü rolunu oynayır. İlkin materiyanın şüura malik olması haqqında, yaxud Ksenofan, Heraklit, Diogen Apolloniyalı vә Empedoklda tәsdiqini tapan vә yeni Avropa panpsixizminә (Q.Fexner vә b.) xüsusilә yaxın olan universum-allah panesteziyası (“ümumhissiyatlılığ”ı) haqqında tәlim olan hilonoizmi (yun. νούς, νόος – “şüur, ruh, ağıl”; termini holland alimi V.Verdenius 1977 ildә tәklif etmişdir) H.-in son halı kimi qәbul etmәk mümkündür.










