HİMYƏRİ PADŞAHLIĞI – e.ә. 2 әsrin sonunda Cәnubi Ərәbistanın c.-q.-indә yaranmış dövlәt. Əsasını indiki Yәmәnin c.-q. rayonu, Mәafir vil. tәşkil edirdi. Paytaxtı Reydan saray qalası ilә birlikdә Zәfar şәhәri, digәr әn mühüm şәhәrlәri Rada’, Zәmar vә Hәkir idi. Kitabәlәrdә “Amm övladları” (qәtәbanlılar da özlәrini belә adlandırırdılar) adlandırılan himyәrilәr özlәrini Qәtәban (K a t a b a n) dövlәtinin xәlәflәri hesab edirdilәr. Varislik әlaqәlәri sikkә zәrbindә dә izlәnilir, H.p.-nın ilk hakimlәrinin zәrb etdirdiklәri sikkәlәr tipoloji baxımdan Qәtәbanın son hakimlәrinin sikkәlәri ilә eyniyyәt tәşkil edir. H.p.-nın yaranması e.ә. 110 ilә aid edilir. Cәnubi Ərәbistan kitabәlәrindә vә antik mәnbәlәrdә (Böyük Plini) himyәrilәr yalnız eramızın 1 әsrindә qeyd olunur. Bu dövrәdәk iri liman şәhәrlәri Muza vә Ədәnlә birlikdә Ərәbistan y-a-nın c.-q.-indәki geniş әrazilәr, hәmçinin Sәba padşahlığının bir hissәsi himyәrilәrin hakimiyyәtinә keçmişdi. Ehtimal ki, onlar Sәba padşahlığının paytaxtı Mәribә dә nәzarәt etmiş, H.p.-nın ilk hakimlәri “Sәba vә zu-Reydan hökmdarı” titulunu daşımış vә bununla Sәbada hakimiyyәtә iddialarını bәyan etmişlәr. E.ә. 1 әsr – eramızın 1 әsrini bәzәn “Birinci Himyәri dövlәti dövrü” adlandırırlar. Eramızın 2 әsri – 3 әsrinin ortalarında müstәqil Sәba dövlәtinin dirçәlişi ilә әlaqәdar H.p. xeyli zәiflәmiş vә әrazisinin bir hissәsini itirmişdi. “Sәba vә zu-Reydan” titulundan çox vaxt hәm Sәba, hәm dә Himyәri hakimlәri eyni vaxtda istifadә etmişlәr. H.p.-nın zәiflәmәsi Aksum çarlığı (Efiopiya) hakimlәrinin Yәmәnin Qırmızı dәniz sahillәrini ilhaqı üçün şәrait yaratmışdı. 3 әsrin ikinci yarısı – 4 әsrin әvvәllәrindә himyәrilәr ardıcıl olaraq Cәnubi Ərәbistanın digәr dövlәtlәrinin әrazilәrini özlәrinә tabe etmiş (onların hakimlәri “Sәba vә zu-Reydan, Hәzrәmaut vә Yamanata hökmdarı” titulunu götürmüşdülәr), Qırmızıdәniz sahillәrindәn işğalçı efiopları qovmuş, Mәrkәzi Ərәbistana istilaçı yürüşlәr etmişdilәr. 5 әsrin sonunda Himyәri hökmdarları vә elitasının әsas hissәsi iudaizmi qәbul etdi. Kiçik xristian icmaları isә tәqiblәrә mәruz qaldı. Himyәri hakimi Yusif Asar (müsәlman әnәnәsindә As’ar Zunuvas) tәrәfindәn xristianlara qarşı tәqr. 523 ildә tәşkil olunmuş Nәcran qırğını böyük әks-sәda doğurdu. Buna cavab olaraq, nequs Ella Esbahanın 525 ildә Ərәbistana yeridilmiş çoxsaylı Aksum qoşunu vә onlarla birlәşmiş müxalif Cәnubi Ərәbistan tayfaları Yusif Asarı devirdilәr vә o, sonuncu döyüş zamanı hәlak oldu. Xristianlığı qәbul edәn sonuncu Himyәri hakimlәrindәn olan Sumayfa Zu Yazan (digәr әnәnәyә görә, Seyf ibn
Zuyәzәn) Efiopiya nequsunun ali hakimiyyәtini tanısa da, tәqr. 535 ildә özünü hökmdar elan edәn Aksum sәrkәrdәsi Əbrәhә tәrәfindәn devrildi. Əbrәhә Mәrib sәddindә sonuncu dәfә iri tәmir işlәri aparması vә Mәrkәzi Ərәbistana işğalçı yürüşlәri, o cümlәdәn Kәbәni dağıtmaq mәqsәdilә Mәkkәyә qarşı fillәrlә yürüşü (bu yürüş Quranın Fil surәsindә qeyd olunur) ilә mәşhurlaşmışdır. H.p.-na 597 ildә Sasanilәr tәrәfindәn son qoyulmuşdur.










