HİND YAZISI – Cәnubi vә Cәnub-Şәrqi Asiyanın (әvvәllәr hәmçinin Mәrkәzi Asiyanın) brahmi yazısından yaranan yazı qrupu. E.ә. 3 әsrdәn Hindistanda 2 yazı sistemindәn istifadә edilmişdir – kharoşthi vә brahmi. K h a r o ş t h i arami yazısından yaranmış, 3 әsrә qәdәr Hindistanın şm.-q.-indә, 7 әsrә qәdәr Mәrkәzi Asiyada istifadә olunmuş, bundan sonra brahmi tәrәfindәn sıxışdırılmışdır. B r a h m i n i n dәqiq mәnşәyi mәlum deyil. Onun xüsusi olaraq hökmdar Aşokanın fәrmanları, yaxud kharoşthidә istifadә olunmuş konsonant-heca sistemi әsasında oxşar yazılar üçün yaradıldığı ehtimal edilir. Hind vadisindә e.ә. 3–2-ci minilliklәrә aid Mohenco-Daro, Harappa vә başqa yerlәrdәn tapılan möhürlәrdәki yazı ilә brahmi arasında heç bir әlaqә izlәnilmir. Bütün digәr hind yazıları brahmidәn yaranmışdır; yazı istiqamәti, adәtәn, soldan sağadır. Brahminin inkişafında 3 dövr ayırd edilir. E r k ә n b r a h m i (e.ә. 3–1 әsrlәr) bütün Hindistan әrazisindә nisbәtәn unifikasiya edilmişdi. O r t a d ö v r (1–3 әsrlәr) brahminin şm. vә c. variantları arasındakı fәrq çoxalmışdı. Bu zaman Hindistanın şm.-ında maurya, şunqa, kuşan, kşatrap üslubları ardıcıl surәtdә bir-birini әvәzlәmişdir. Hindistanın c.-unda kalinqa (6 әsrә qәdәr mövcud olmuşdur), tamil brahmisi, bhattiprolu (indiki Andhra-Pradeş ştatı әrazisindә) kimi növlәr mәlumdur. S o n b r a h m i d ö v r ü n d ә (4–7 әsrlәr) artıq yazının ayrı-ayrı növlәri yaranmışdır. Hindistanın şm.-ında qupt yazısı (4–6 әsrlәr), Mәrkәzi Asiyada әn azı 3 növü – toxar, sak vә uyğur – mәlum olan maili brahmi (Mәrkәzi Asiya brahmisi) yayılmışdı. 6 әsrin ortalarından Hindistanın şm.-ında siddhamatrika (siddham, kutila) yazısı üstünlük tәşkil etmiş, 7–8 әsrlәrdә Tibet yazısı, şarada (Hindistanın şm.-q.-indә) vә naqari (mәrkәzdә vә ş.-dә) ondan ayrılmışdır. Tibet yazısı әsasında sonralar kvadrat monqol yazısı vә kiçik Himalay dillәri (limbu, lepça vә s.) üçün bir neçә yazı yaradılmışdır. Şaradadan Pәncab, Kәşmir, Sind vә qonşu rayonlarda geniş yayılmış, lakin 19 әsrdә әrәb yazısı vә devanaqari tәrәfindәn sıxışdırılmış, lakin Pәncabda saxlanılmış landa, qurmukhi, sindhi, takri vә kәşmiri yazıları, Hindistanın şm.-q.-indәki (Cammu vә Kәşmir, Himaçal-Pradeş ştatları) bәzi kiçik dillәr üçün yazılar, naqaridәn isә ardhanaqari, nandinaqari, nevar, devanaqari vә şәrqi naqari yazı növlәri intişar etmişdir. D e v a n a q a r i әsasında kursiv şәklindә bәzi әl yazısı formaları (Racәsthanda mahacani, Maharaştrada modi, Biharda kaythi, qucarati) yaradılsa da, sonralar onlar (qucaratidәn başqa) sıradan çıxmışdır. Devanaqari 20 әsr әrzindә bütün Şimali Hindistanda vә Nepalda geniş yayılmış, hind, sanskrit, marath, Nepal vә bir sıra digәr dillәr üçün işlәdilmişdir. Hind yazıları konsonant-hecavidir. Onların baza strukturu elә әvvәldәn qapalı hecaların olmaması ilә sәciyyәlәnәn orta hind fonoloji sistemlәri әsasında qurulmuşdur. Hәr işarә (akşara) ya ayrıca saiti, ya da “samit+baza saiti”ni ifadә edir. Sözün sonunda saitin olmaması sәtiraltı virama işarәsi ilә göstәrilir.
Cәnub-Şәrqi Asiyada hind mәnşәli yazılar. Hind mәnşәli müasir Cәnub-Şәrqi Asiya әlifbalarını hind әlifbasından samit vә sait fonemlәrin yazısını sırf qrafik әsasda unifikasiya etmәk cәhdi fәrqlәndirir. Bütün Cәnub-Şәrqi Asiyanın erkәn yazısı müәyyәn eyniliyi ilә xarakterizә olunur. Onunla yazılan ilk geniş mәtnli Vokan kitabәsi (indiki Cәnubi Vyetnamda Nyaçanqa r-nu; 3 әsr) işarәlәrin forması baxımından ikşvaklar sülalәsinin cәnubi hind kitabәlәrinә yaxındır. 4–7 әsrin әvvәllәri Cәnub-Şәrqi Asiya epiqrafikası erkәn pallava yazısı ilә yerinә yetirilmişdir. 7 әsrin ortalarından 8 әsrin ortaları vә ya sonuna qәdәr son dövr pallava yazısı mövcud olmuşdur. Buddizm mәtnlәrindә vә sikkә üzәrindә yazılarda müasir әlifbalara tәsir göstәrmәyәn erkәn naqaridәn (siddhamatrika) istifadә edilmişdir. 8 әsrin ortalarından brahminin bilavasitә hind prototiplәri olmayan Cәnub-Şәrqi Asiya modifikasiyaları yaranır [ilk abidәsi Mәrkәzi Yavadakı Plumpunqan (Hampran) kitabәsi; 750], yeni diakritik işarәlәr tәtbiq edilir, qrafikanın gәlәcәkdә saxlanılacaq xüsusiyyәtlәri formalaşır, lakin yazı prinsipinin sanskrit fonetikasına uyğunluğu davam edirdi. Müasir dillәr üçün xarakterik olan yazı sistemlәrinin tәşәkkülü son orta әsrlәr dövrünә aid edilir. 15 әsrdәn gec olmayaraq Yavada samitlәrlә analogiya üzrә sait inisialların lal ha-akşarası ilә tәrtib edilir. Bu tendensiya qәti olaraq bugi-makasar yazısı vә tay dillәrinin bәzi yazılarında hәyata keçirilmişdir. Khmer dilindә vә tay dillәrinin çoxunda yazıda eyni mәnşәli kar vә cingiltili partlayan samitlәr arasındakı fәrqin saxlanılması iki “seriya”nın (birinci – etimoloji kar samitlәr vә ikinci – etimoloji cingiltili samitlәr) yaranmasına gәtirib çıxarmışdır; bu sistem sanskritdәkindәn daha zәngin olan vokalizmin, yaxud tonların yazıda göstәrilmәsi üçün istifadә edilmişdir. Hind sistemi sait işarәlәrindәn istifadә etmәklә tam şәkildә çam dilindә (bax Çam dillәri) saxlanılmışdır, bәzi digәr müasir dillәrdә isә (khmer dili, Yava dili vә s.) sanskrit, pali mәtnlәrinin vә xüsusi qәdim mәtnlәrin yazılmasında istifadә olunur.











