HİND-ARİ XALQLARI, h i n d - a r i l ә r – hind-ari dillәrindә danışan xalqlar qrupu. Cәnubi Asiyanın әsas әhalisini tәşkil edirlәr: Şimali vә Mәrkәzi Hindistanda 74%, Pakistanda 80%-dәn çox, Banqladeşdә 99% (әsasәn, benqallar), Nepalda 80%, Şri-Lankada 82% (sinqallar). H.-a.x. Cәnubi Asiyadan gәlmәlәrin arasında üstünlük tәşkil edirlәr – B.Britaniyada 2,2 mln. nәfәr (2001), Kanadada tәqr. 2 mln. nәfәr (2005), ABŞ-da tәqr. 2 mln. nәfәr (2001), Cәnubi Afrikada tәqr. 2 mln. nәfәr (2007), Mavriki a.-nda tәqr. 1,5 mln. nәfәr, Fici a-rında tәqr. 1 mln. nәfәr vә s. Hindistanda H.-a.x.-nın sayları tәqr. 830 mln. nәfәrdir, onlar Uttar-Pradeş, Madhya-Pradeş, Haryana, Bihar, Racәsthan, Pәncab, Qucarat, Maharaştra, Assam, Qәrbi Benqaliya, Orissa, Cammu vә Kәşmir ştatlarının, hәmçinin Dehli milli paytaxt әrazisinin әsas әhalisini tәşkil edәrәk ölkәnin, әsasәn, şm.-ında vә mәrkәzindә mәskunlaşmışlar. H.-a.x. arasında konsolidasiya olunmuş iri xalqlar var: hindustanlılar, marathalar, benqallar, qucaratlılar, pәncablılar, oriyalar, biharlılar (maythililәr, bhocpurilәr, maqadhalılar vә s.), racәstanlılar, assamlılar, konkanilәr, hәmçinin “qeydiyyata alınmış tayfalar” (adivasilәr), Şimali vә Qәrbi Hindistandakı kastalar (bhillәr, paharilәr, qucarlar vә s.). Pakistanda H.-a.x.-nın sayları 130 mln. nәfәrdәn çoxdur. Əhalinin әksәriyyәtini sindhilәr vә pәncablılar (catlar, racputlar, qucarlar etnokasta birliklәri daxil olmaqla), hәmçinin paharilәr, urdudilli birliklәr vә s. tәşkil edirlәr. Banqladeşdә H.-a.x.-nın (әsasәn, şәrqi benqallar, hәmçinin dini sәbәblәrә görә Hindistandan köçmüş biharlılar, oriyalar, hindustanlılar vә onların nәsillәri) sayları 140 mln. nәfәrdәn çoxdur. Şәrqi benqallar islam dininә etiqad edirlәr vә bununla qәrbi benqallardan fәrqlәnirlәr. Nepalda H.-a.x.-nın sayları 25 mln. nәfәrdәn çoxdur (әsas әhalini monqol irqinә mәxsus tibetdilli buddistlәrin qarşılığı olan hinduist mәdәniyyәtinin daşıyıcıları nepallılar, hәmçinin tharular vә Hindistandan gәlmәlәr – biharlılar, hindustanlılar, benqallar vә b. tәşkil edirlәr). Şri-Lankada H.-a.x.-nın sayları 14,7 mln. nәfәrdir (әsasәn sinqallar; onların hind-ari әcdadları e.ә. 1-ci minillikdәn başlayaraq Şimal-Qәrbi vә Şimal-Şәrqi Hindistandan bir neçә axın nәticәsindә adaya gәlәrәk yerli әhali olan veddalarla vә buraya köçmüş dravidlәrlә qaynayıb-qarışmışlar). H.-a.x. e.ә. 2-ci minilliyinin ikinci yarısında Hindistana köçmüş ari tayfalarının hind-ari dillәrini mәnimsәyәn Cәnubi Asiyanın avtoxtonları olan munda tayfaları, dravidlәrlә vә Tibet-Birma xalqları ilә әlaqәlәr vә qarşılıqlı assimilyasiya nәticәsindә formalaşmışlar. H.-a.x.-nın Cәnubi Asiyada mәskunlaşması Hind mәdәniyyәti ilә birbaşa әlaqәdardır. Onların Hindistanda mәskunlaşması uzunmüddәtli vә çox mәrhәlәli proses idi. Çevik maldarlar olan H.-a.x.-nın özlәrinin mәişәt qabları istehsal etmәsi, yerli әhalinin keramikasından faydalanması sәbәbindәn onların miqrasiyalarını arxeoloji cәhәtdәn izlәmәk çәtindir. Arxeoloqların әksәriyyәti Qanq vadisinin şm. hissәsindә yayılmış boz (boyalı) keramika mәdәniyyәtini “Veda hind-arilәri” ilә әlaqәlәndirirlәr. Hindistanın q.-indә vә c.-unda ari miqrasiyasının digәr dalğası, ehtimal ki, Şimali İrandakı bәzi mәdәniyyәtlәrә yaxın olan meqalit mәdәniyyәtinin abidәlәri (әn erkәnlәri e.ә. 12 әsrә aiddir) ilә tәmsil olunur. Meqalit mәdәniyyәtinin daşıyıcıları müәyyәn müddәtdәn sonra, güman ki, dillәrini itirәrәk dravid әhalisi ilә qarışmışlar. “Qeyri-Veda” hind-arilәri hәmçinin Pәncabda vә Qanq çayı vadisinin c.-unda mәskunlaşmışlar; mәhz bu şәrqi hind-arilәrdә Qәdim Hindistanın әsas qeyri-Veda dini tәlimlәri – buddizm vә caynizm formalaşmışdır. Erkәn tarixi dövrdә bir çox “qeyri-Veda” hind-ari tayfalarında idarәçilik formasını “kşatrilәr respublikaları”, yaxud “oliqarxiyalar” tәşkil edirdi. “Veda” hind-arilәrdәki nәsli kahin (purohita) tәrәfindәn idarә olunan çarın irsi hakimiyyәtindәn fәrqli olaraq bu qurumlarda hakimiyyәt çar-başçı (racәn) seçәn vә ya nәcib klanlarını növbә ilә idarәçiliyә gәtirәn hәrbi әyanlara (kşatrilәr) mәxsus idi. Müәyyәn müddәt әrzindә bütün “qeyri-Veda” tayfaları (Şri-Lanka a-na köçmüş sinqallar istisna olmaqla) Veda-hinduizm mәdәniyyәtinin nüfuz dairәsinә cәlb olunmuşdular. 1980-ci illәrdәn bәzi hind alimlәri arasında arilәr miqrasiyasının tarixiliyindәn imtina vә hind-arilәrin Hindistanda avtoxton olmasının tәsdiqlәmә tendensiyası yayılmışdır. Bu tendensiya dil ailәlәri haqqında tәlimlә yanaşı, bütün müqayisәli dilçiliyin “müstәmlәkәçi yalançı elm” kimi inkarında, yaxud bütün hind-Avropa dillәrinin Hindistanda yaranmasına dair fәrziyyәlәrdә (hәtta sanskrit vә dravid dillәri üçün ümumi ulu dilin rekonstruksiyası kimi cәhdlәrdә) әksini tapır.










