HİND-AVROPALILAR – qәdim etnik birlik, hind-Avropa dillәrinin әcdadı olan hind-Avropa ulu dilinin daşıyıcıları. H.-a. birliyinin xronoloji çәrçivәsi vә mәskunlaşma arealı hind-avropaşünaslığının әn mühüm mәsәlәlәrindәn biridir. Müasir tәsәvvürlәrә görә, birliyin parçalanması e.ә. 4-cü minillikdәn gec olmayaraq baş vermişdir. H.-a.-ın mәskunlaşma arealı haqqında mәsәlә arxeoloji mәlumatların cәlb edilmәsilә linqvistik rekonstruksiyalar әsasında hәll oluna bilәr. H.-a.-ın ulu vәtәnindә, şübhәsiz ki, canavar (rus. волк, toxarca B walkwe vә s.) vә ayı [yun. ἄρκτος, hett dilindә hart(ag)ga- vә s.], ehtimal ki, qızılbalıq (rus. лосось, toxarca B laks – balıq vә s.), küknar, yaxud ağşam ağacı (qәdim yuxarı alman dilindә tanna, hett dilindә tanau), yemişan [qәdim irland dilindә aide –yemişan, hett dilindә hat(t)-alkísnas –tikanlı kol], ehtimal ki, ağcaqayın (lat. acer, hett dilindә hikkar-) yayılmışdı. Bu qәbildәn olan etibarlı mәlumatların azlığı sәbәbindәn H.-a.-ın ehtimal olunan ulu vәtәnlәri haqqında çoxlu fәrziyyә mövcuddur. Son H.-a.-ın ulu vәtәnlәri haqqında hett-Luviya qolu vә ehtimal ki, toxar qolu ayrıldıqdan sonra mәlumatlar daha çoxdur. Onun üçün meşәlәr sәciyyәvi idi: tozağacı (Litva dilindә béržas, qәdim hind dilindә bhu̅rjá- vә s.) vә ehtimal ki, palıdın (lat. quercus – palıd, Pәncab dilindә pargāi – daş palıd vә s.) adları bәrpa olunur. Güman ki, H.-a.-ın mәskunlaşma arealı atın [lat. equus, Luviya heroqlifik yazısında azu(wa)] әhlilәşdirilmәsi regionu ilә üst-üstә düşürdü. Bu yәqin ki, Şimali Qara dәniz yanıdakı çöllәr idi. Yaxın Şәrqin bәzi qәdim dillәrindә at adının, ehtimal ki, hind-Avropa mәnşәli olması H.-a.-ın Ön Asiyaya atlarla gәlmәsini dә tәxmin etmәyә imkan verir. H.-a.-ın rekonstruksiya olunan mәdәniyyәti Son Neolit, Eneolit, Erkәn vә Orta Tunc dövrü üçün sәciyyәvidir: H.-a. Arpa (qәdim yuxarı alman dilindә gersta, yun. κρῑθή vә s.) vә buğda (Avesta dilindә gantuma-, hett dilindә kant- vә s.) әkir [rus. сеять, hett dilindә sā(i) vә s.], torpağı xüsusi alәtlә şumlayır (qәdim Prussiya dilindә aketes – dırmıx, hett dilindә akkala – şırım), mәhsulu oraqla (rus. серп, hett dilindә GISsarpa- vә s.) biçir, atdan başqa inәk (ing. cow, Luviya heroqlifik yazısında wawi- vә s.), qoyun (lat. ovis, toxarca B a̅uw vә s.), donuz (lat. sūs, toxarca B suwo vә s.), it [yun. κύων, Luviya heroqlifik yazısında zú/sù-wa/i-ni- vә s.] bәslәyir, tәkәrli arabalar (ing. wheel – tәkәr, toxarca B kokale – araba vә s.) sürür, toxuculuğu (qәdim yuxarı alman dilindә weban, toxarca B wa̅p- vә s.) mәnimsәyәrәk qoyun yunundan (lat. la̅na, hett dilindә hulana- vә s.) istifadә edirdilәr. Onların baltaları (qәdim ing. adesa, hett dilindә ates- vә s.) vә qılıncları (lat. e̅nsis, qәdim hind dilindә así- vә s.) vardı. Son H.-a. kotan (qәdim slavyanca орало, lat. ara̅trum vә s.), avarlı qayıq (yun. ναῦς, qәdim hind dilindә na̅u- vә s.) vә ya gәmilәr (Litva dilindә rklas, qәdim hind dilindә arítra- vә s.) düzәldir, metalı (qәdim hind dilindә áyas- mis, dәmir, lat. aes – mis vә s.) mәnim sәmişdilәr. Onlar çevik hәyat tәrzi sürәrәk hәmçinin torpaq, yaxud hörmә divarları olan davamlı yaşayış mәskәnlәrinә dә malik idilәr. Şaxәlәnmiş qohumluq әlaqәlәrinin mövcudluğu geniş işlәnmiş qohumluq terminologiyası ilә tәsdiqlәnir. Başçılar (qәdim hind dilindә ra̅j, lat. re̅x, qәdim irland dilindәri vә s.) institutu da mövcud idi. J.Dümezilin fәrziyyәsinә görә, H.-a.-ın cәmiyyәti kahinlәr, döyüşçülәr vә әkinçilәr zümrәlәrinә bölünürdü. Sәma vә işıq allahı *diếus (hәrfәn işıqlı, parlaq; qәdim hind dilindә dyáus-, yun. Ζεύς, lat. Iup-piter; ehtimal ki, onun adından “allah” mәnasını daşıyan ümumi termin yaranmışdır: qәdim hind dilindә devá-, lat. deus, Litva dilindә diẽvas) baş allah hesab olunurdu. Kultu palıdla bağlı olan ildırım allahı da mühüm yer tuturdu. H.-a.-ın dinindә әkizlәr kultu (hindlәrdә Aşvinlәr, yunanlarda Dioskurlar) ilә sıx bağlı olan at kultu xüsusi rol oynayırdı. Canavar (İran, italyan vә alman әnәnәlәrindә tayfanın ulu әcdadı) kultunun izlәri dә qalmaqdadır. Tәqr. 200 sabit hind-Avropa poetik formulu bәrpa olunur.










