HİNDEMİT (Hindemith) Paul (16.11.1895, Frankfurt-Mayn yaxınlığında, Hanau – 28.12.1963, Frankfurt-Mayn) – alman bәstәkarı, musiqi nәzәriyyәçisi, dirijor. 1913 ildә Frankfurt konservatoriyasını bitirmişdir (A.Rebnerin violin vә B.Zeklesin kompozisiya siniflәrini; 1912 ilә qәdәr A.Mendelsondan dәrs almışdır). 1915–21 illәrdә Rebnerin kvartetindә 2-ci violinçi, 1921–29 illәrdә L.Amarın kvartetindә alto ifaçısı kimi çıxış etmiş vә bir çox ölkәdә qastrolda olmuşdur. Donaueşingen müasir musiqi festivalında 3-cü simli kvarteti müvәfәqiyyәtlә ifa etmәsi, hәmçinin qalmaqallı ekspres sionist “Qatil, qadınların ümididir”, “Nuş-Nuşi” (hәr ikisi 1921) vә “Müqәddәs Susanna” (1922; hamısı Ştutqartda) operalarının premyerası bәstәkar kimi H.-ә mәşhurluq gәtirmişdir. 1927–37 illәrdә Berlindә Ali Musiqi Mәktәbindә dәrs demişdir (kompozisiya, musiqi nәzәriyyәsi). Nasistlәrin hakimiyyәtә gәlmәsi ilә H.-in bәzi әsәrlәrinin Almaniyada ifasına qadağa qoyulmuşdu. 1938 ildә İsveçrәyә mühacirәt etmişdir. 1940 ildә ABŞ-a köçmüş vә 1940–53 illәrdә Yel un-tindә müәllimlik fәaliyyәti ilә mәşğul olmuşdur. 1946 ildә Amerika vәtәndaşlığını qәbul etmiş, lakin 1953 ildә Avropaya qayıtmışdır (әsasәn, İsveçrәdә yaşamışdır). 1947 ildәn dirijorluq fәaliyyәtinә başlamış, Vyana, Berlin vә Nyu-York filarmonik ork.-lәri, Çikaqo vә London simfonik ork.-lәri ilә çıxış edәrәk, әsasәn, öz әsәrlәrini ifa etmişdir. H. 20 әsrin 1-ci yarısı aparıcı Avropa bәstәkarlarından biri olmuşdur. Dövrünün, demәk olar ki, bütün musiqi janrlarında işlәmişdir. Musiqili teatr üçün әsәrlәri: “Rәssam Matis” (M.Qrünevald haqqında; 1935, quruluş 1938, Sürix), “Kardilyak” (E.T.A. Hofmanın novellası üzrә; Drezden, 1926; 2-ci redaksiyası Sürix, 1952), “Günün yeniliklәri” (Berlin, 1929), “Dünyanın harmoniyası” (Münxen, 1957) vә s. operaları; “Üçlü balet” (üç şәkil, üç әsas rәqqas, rәqs, musiqi vә kostyumun üçlük vәhdәti vә s.; Ştutqart, 1922), “Ən nәcib xәyal” (Fransisk Assizilinin hәyatı haqqında; London, 1938), “İrodiada” (Vaşinqton, 1944) baletlәri. Ork. üçün әn mәşhur әsәrlәri: “Rәssam Matis” simfoniyası (1934, eyniadlı operanın mövzusu әsasında), “Veber mövzularının simfonik metamorfozları” (1943), “Ən nәcib xәyal” baletindәn süita (1938). Vokal musiqilәrdәn soprano vә fp. üçün “Mariyanın qissәsi” silsilәsi (R.M.Rilkenin şeirlәrinә; 1922; 2-ci redaksiyası 1948), fp.musiqisindәn “Ludus tonalis” silsilәsi (1942) daha çox mәşhurdur. Müәllif adı “Kammermusik” (1922–27) olan yeddi әsәrdәn altısı solo alәtlәr (fp., violonçel, violin, alto, viol d’amur, orqan) ilә kamera ork. üçün konsertlәrdәn ibarәtdir. H.-in geniş alt repertuarından tez-tez ifa olunan“Matәm musiqisi”dir (1936). Parlaq melodic istedadı olmasa da, H. çox vaxt iqtibas etdiyi xalq (alman, ingilis, fransız), tәtbiqi (qriqorian vә lüteran xoralları, Vyana valsı) vә bәstәkar (L. van Bethoven, K.M. fon Veber, P. Siger) musiqisi mövzularını effektli tәrzdә işlәmişdir. Onun bәzi әsәrlәri, әnәnәvi olaraq, neoklassik sayılır (mәs., “Kamera musiqisi №1; “Rәssam Matis” operası). H. “Kompozisiya dәrsliyi” (c.1–3, 1937–70), “Bәstәkarın alәmi” (1952) әsәrlәrinin müәllifidir. Ölümündәn sonar İsveçrәdә (Blone ş.) “Hindemit fondu” – bәstәkarın irsini toplayan vә öyrәnәn mәrkәz yaradılmışdır.
Əd.: Л е о н т ь е в а О. Т. П. Хиндемит. Жизнь и творчество. М., 1974.










