HİNDİ DİLLƏRİ – hindilәrin dillәrinin ümumi adı. Şimali vә Cәnubi Amerikada yayılmışdır. Dilçilik kontekstindә H.d.-nin yayılma arealını daha çox 3 yerә bölürlәr: Şimali Amerika (ABŞ, Kanada), Mezoamerika (Meksika vә Mәrkәzi Amerika) vә Cәnubi Amerika. H.d.-nin müxtәlifliyi böyükdür, onların dәqiq sayını göstәrmәk vә әtraflı siyahı tәrtib etmәk mümkün deyil. Birincisi, müasir vә müstәmlәkәlәşdirmәdәn әvvәlki dil mәnzәrәsi әhәmiyyәtli dәrәcәdә fәrqlәnir. Müstәmlәkәlәşdirmәdәn әvvәl Şimali Amerikada tәqr. 400 dil olmuş, 21 әsrin әvvәllәrindә isә onlardan 200-dәn bir qәdәr çoxu qalmışdır. Bir çox dil qeydә alınmadan әvvәl yox olmuşdur. Amerikanın dil xәritәsindә elә qaranlıq mәqamlar var ki, onlar haqqında mәlumat almaq artıq mümkün deyildir. Digәr tәrәfdәn, keçua dillәri kimi elә dillәr dә vardır ki, son yüz ildә öz yayılma bazalarını әrazi vә etnik cәhәtdәn xeyli genişlәndirmişlәr. Bir çox dil isә, xüsusilә Mezoamerika vә Cәnubi Amerikada, tam sәnәdlәşdirilmәmişdir. Nәhayәt, bir sıra hallarda dil vә dialektә hәdd qoyulması problemi hәll olunmamışdır. Dil situasiyası H.d.-nin yayılma әrazisinә görә fәrqlәnir. Şimali Amerikada bir neçә min, hәtta bir neçә yüz insanın danışdığı kiçik dil qrupları üstünlük tәşkil edir. On minlәrlә insanın danışdığı yalnız bir neçә dil var (o cümlәdәn, navaho, dakota, kri, ocibva, çeroki). Bir çox hindi tayfası 18–20 әsrlәrdә tamamilә yox olmuş, yaxud etnik qrup kimi saxlanılmış, lakin öz dillәrini itirmişdir; belә itmiş dillәrin sayı tәqr. 120-dir. İ.Qoddard, M.Krauss, B.Qrayms vә başqa amerikalı tәdqiqatçıların mәlumatlarına әsasәn, çox sayda uşaq tәrәfindәn doğma dil kimi mәnimsәnilәn 46 yerli dil qalmışdır. 91 dili böyüklәr, 72 dili isә yalnız bәzi yaşlı adamlar bilir. 20 әsrin sonu–21 әsrin әvvәllәrindә ABŞ vә Kanadanın bir sıra rayonlarında hindi fәallar vә dilçilәr yerli dillәrin bәrpa olunması üçün cәhd göstәrmişlәr. Dillәrin ölmәsi prosesinin dayandığını iddia etmәk mümkün deyil, lakin bir sıra hallarda bu, dayanmışdır vә dillәrin dirçәlmәsi şansı var. Mezoamerikada yüz minlәrlә daşıyıcısı olan dillәr mövcuddur: Meksikada otomangey dili masaua (250–400 min) vә yuto-astek dili uastek nauatl (tәqr. 1mln.); Qvatemalada mayyan dillәri – kekçi (420 min) vә kiçe (1 mln.-dan çox); Meksikada yukatek dili (500 min). Bir Mezoamerika dili orta hesabla daşıyıcılarının sayına görә Şimali Amerika dillәrindәn üstün olsa da, H.d.-nin sosial statusu Mezoamerikada olduqca aşağıdır. Cәnubi Amerika üçün polyarlaşmış dil vәziyyәti sәciyyәvidir. Bir tәrәfdәn Şimali Amerikada olduğu kimi, әksәr dillәrin daşıyıcılarının sayı azdır (bir neçә min, yüz, hәtta on nәfәr). Bir çox dil yox olmuşdur (әksәr böyük dil ailәlәrinә daxil olan dillәrin dörddә ikisi artıq ölmüşdür) vә bu proses davam edir. Eyni zamanda, yerli dillәrdә danışanların sayı 20 mln.-dan çoxdur. Bir neçә Cәnubi Amerika dili hindilәrin, yaxud hәtta bir çox ölkәnin etnoslar arası ünsiyyәt dili, özünüeynilәşdirmә vasitәsi olmuşdur. Bir sıra dövlәtlәrdә H.d. rәsmi status qazanmışdır (keçua, aymara, quarani). Amerika dillәrinin böyük müxtәlifliyinә görә “H.d.” termini çox şәrtidir: bәzәn onun әvәzinә “yerli amerikalıların dili” ifadәsindәn dә istifadә olunur. Eskimosaleut dillәrini dә bu qrupa aid edirlәr. H.d.-ndә danışanların ümumi sayı 32 mln.-dan çoxdur (21 әsrin әvvәllәri), o cümlәdәn, Cәnubi Amerikada tәqr. 21 mln., Mezoamerikada 10 mln.-dan çox, Şimali Amerikada 500 mindәn çox adam bu dildә danışır. Amerika dilçisi R.Austerlitsin müşahidәlәrinә әsasәn, Amerikada genealoji birliklәrin (genealoji sıxlıq) sayı orta hesabla Avrasiyadan xeyli çoxdur. Amerikalı tәdqiqatçı C.Nikolsun mәlumatına görә (1990, 1992), Avrasiyada genealoji sıxlıq tәqr. 1,3, Şimali Amerikada 6,6, Mezo amerikada 28,0, Cәnubi Amerikada 13,6-dır. Amerikada yüksәk genealoji sıxlığı olan әrazilәr (qapalı dil әrazilәri) var. Dağlar vә okeanlar arasında yerlәşәn Kaliforniya vә Şimali Amerikanın şm.-q. sahilindә genealoji sıxlıq әn yüksәk hәddә çatır (Kaliforniyada 34,1). Əksinә, Şimali Amerikanın mәrkәzi (Böyük Düzәnliklәr) müәyyәn ölçüsü olan mәntәqәdir, burada olduqca böyük sahәdә yalnız bir neçә ailә yayılmışdır, genealoji sıxlıq 2,5-dir. Aşağıda H.d.-nin şm.-dan c.-a yerlәşdiklәri sıraya görә böyük genealoji birliklәri sadalanır. Canlı dillәrlә ölü dillәr arasındakı fәrq verilmir; dillәrin göstәrilmiş sayı daha çox müstәmlәkәlәşdirmәdәn әvvәlki vәziyyәtә yaxındır. Ş i m a l i A m e r i k a . Şimali Amerikada 34 dil ailәsi mәlumdur, onlardan 20-si tәcrid olunmuş dillәrdir, tәqr. 7-si tәsnif edilmәmişdir. Na-dene dillәrinә Alyaska vә Kanadanın q. hissәsindә, ABŞ-ın Sakit okean sahillәrindә (Vaşinqton, Oreqon ştatlarında, Şimali Kaliforniyada) vә Şimali Amerikanın c.-q.-indә yayılmış tlinqit, eyak vә atabask dillәri (tәqr. 40) daxildir. Cәnubi atabask (apaçi) dillәri yaxın qohum dillәrdir vә Şimali Amerikanın daşıyıcılarının sayının çoxluğuna görә seçilәn navaxo dili dә buraya aiddir. E.Sepir hayda dilini na-dene dillәrinә aid etmiş, lakin dәfәlәrlә yoxlandıqdan sonra bu fәrziyyә әksәr mütәxәssislәr tәrәfindәn qәbul edilmәmiş vә hayda dili tәcrid olunmuş dil sayılmışdır. Na-dene dillәri ilә Avrasiya dillәri, xüsusilә yenisey dillәri arasında genealoji әlaqәlәr araşdırılır. Saliş dillәri (20-dәn çox) Kanadanın c.-q.-indә vә ABŞ-ın şm.-q.-indә geniş yayılmışdır. Bu dillәrin xarici genealoji әlaqәlәri sübut olunmamışdır. Onların yayılma sahәsindәn q.-dә çimakum dillәri (2), ş.-dә isә tәcrid olunmuş kutenai dili mövcuddur. Vakaş dillәri (6) Kanada vә ABŞ-ın q.- indә, Britaniya Kolumbiyasının sahil әrazisindә vә Vankuver a.-nda yayılmışdır. Alq dillәrinin әsas hissәsini Kanadanın bütün ş.-i vә mәrkәzini, hәmçinin Böyük Göllәrin әtraf rayonları (irokez dillәri arealından başqa) vә ABŞ-ın Atlantik sahillәrinin şm. hissәsini (c.-da Şimali Karolina ştatına qәdәr) әhatә edәn alqonkin dillәri (tәqr. 30) tәşkil edir. Bәzi alqonkin dillәri (blekfut, şeyenn, arapaxo) Böyük Düzәnliklәrdә yayılmışdır. Bәzi tәdqiqatçıların fikrincә, indiki beotuk ölü dili dә alqonkin dillәrinә aid ola bilәr (Nyufaundlend a.). Alqonkin dillәrindәn başqa, alq dil ailәsinә bәzәn ritvan dillәri adlandırılan viyot vә yurok dillәrini dә (Şimali Kaliforniya) aid edirlәr. Siu dillәri (siuan dillәri; tәqr. 20) Böyük Düzәnliklәrin әsas hissәsindә sıx (hәmçinin Atlantik sahili vә Şimali Amerikanın c.-ş. hissәsindә dә bir qәdәr) yayılmışdır. Onların içәrisindә әn böyük qrup dakota dialektlәrinin dә aid olduğu Missisipi vadisi dillәridir. Siuan dillәri ilә irokez vә kaddoan dillәrinin qohum olduğu ehtimal edilir. İrokez dillәri (tәqr. 12) Eri, Quron vә Ontario Böyük Göllәri rayonlarında, Müqәddәs Lavrenti çayı axını, hәmçinin c. tәrәfdәn ABŞ-ın Atlantik sahillәrindә (şm. qrupu) yayılmışdır; c.-q.-dә isә çeroki dillәri mövcuddur. Kaddoan dillәri (5) anklav şәklindә Böyük Düzәnliklәr әrazisindә şm.-dan c.-a doğru uzanmış bir sıra yerlәrdә yayılmışdır. Onların irokez dillәri ilә qohumluğu isbat olunmuşdur. Muskogey dillәri (tәqr. 7) Şimali Amerikanın c.-ş.-indә yığcam bölgәdә yayılmışdır (Florida daxil olmaqla Missisipinin aşağı axınından ş.-ә doğru). M.Xaasın (ABŞ) onların eyni arealdan olan digәr 4 dil ilә (natçez, atakapa, çitimaşa, tunika) qalf makroailәsindә birlәşmәsi haqqındakı fәrziyyәsi müasir dilçilikdә әsassız hesab olunur; göstәrilәn 4 dil tәcridi dillәr kimi nәzәrdәn keçirilir. Kayova-manoan dillәri kayova dilini (Böyük Düzәnliklәrin mәrkәzi hissәsi) vә pueblo xalqının mәdәniyyәtini әks etdirәn Şimali Amerikanın c.-q.-indә 6 dili әhatә edir (keres dillәri, yuto-astek dili xopi vә tәcridi zuni dili ilә yanaşı). 20 әsrin әvvәlindә Kaliforniya antropoloqları A.L.Kryober vә R.Diksonun penuti dillәri makroailәsini ayırması olduqca tәxminidir vә әksәr mütәxәssislәr tәrәfindәn qәbul edilmir. Bu birlik daxilindә klamat, molala (hәr ikisi Oreqonda) vә saxaptin dillәri (Oreqon, Vaşinqton) arasında genealoji әlaqәlәrin olması daha çox ehtimal edilir. Mivok (7 dil) vә kostanoan (8 dil) dillәri arasında da bәnzәr genealoji әlaqә var [uti dil ailәsini әmәlә gәtirir (Şimali Kaliforniya)]. Penuti dillәrinә daha 9 dil ailәsini dә aid edirlәr: simşian (2 dil), şinuk (3 dil), alsey (2 dil), siuslau dili, kus (2 dil), takelma-kalapuyan (3 dil), vintuan (2 dil), mayduan (3 dil) vә yokuts (minimum 6 dil). E.Sepir kayuse dilini (Oreqon) vә Meksika penuti dillәrini – mixe-soke dillәri ailәsini vә uave dilini dә penuti makroailәsinә daxil etmişdir. Koçimi-yuman dillәri (ABŞ vә Meksika arasındakı sәrhәd boyu rayonu) koçimi (Aşağı Kaliforniyanın orta hissәsi) vә yuman (tәqr. 10 dil; Qәrbi Arizona, Cәnubi Kaliforniya, Aşağı Kaliforniyanın şm.-ı) dillәrini birlәşdirir. Yuman dillәri әvvәl hokan dillәri makroailәsinә aid edilirdi. Müasir dilçilikdә koçimi-yuman dillәri bu hipotetik birlәşmәnin әsası kimi nәzәrdәn keçirilir. Koçimi-yuman dillәri ilә Şimali Kaliforniyada yayılmış pomoan dillәrinin (tәqr. 7 dil) genealoji әlaqәlәrinin olması daha çox inandırıcıdır. Yeni mәlumatlara görә, penuti dil birliyi fikri xokan dil birliyindәn daha düzgündür. Yuto-astek dillәri (60) Böyük Hövzә әrazisindә, Kaliforniyada, Meksikanın şm.- q.-indә vә mәrkәzindә (hәmçinin astek dillәri) yayılmışdır. ABŞ әrazisindә tәqr. 22 dil var. Komançe dili Böyük Düzәnliklәrin c.-unu әhatә edir. Yuto-astek dillәrinin dilçilik әdәbiyyatında verilmiş çoxsaylı xarici әlaqәlәri dәqiq deyil. Koçimi-yuman vә yuto-astek dil ailәlәri Şimali Amerika ilә Mezoamerika arasında keçid rolunu oynayır. 17 tәcrid olunmuş, yaxud tәsnif olunmamış dil vә kiçik dil ailәlәri Şimali Amerikanın c. әyalәtlәrindә yayılmışdır: Floridanın şm.-ında timukuan dil ailәsi; Meksika körfәzinin şm. sahili boyunca kalusa, tunika, natçez, çitimaşa, adai, atakapa, karankava, tonkava, aranama; c.-ş.-ә tәrәf daha uzaqda kotoname, koaviltek, solano, naolan, kiniqua, maratino; Kaliforniya y-asının c.-unda quaykuri dil ailәsinin (8) daşıyıcıları yaşamışdır. Koçimi-yuman vә yuto-astek dil ailәlәrindәn başqa M e z o a m e r i k a d a 9 dil ailәsi vә 3 tәcrid olunmuş dil dә var. Otomangey dillәri (150-dәn çox) Mәrkәzi vә Cәnubi Meksikada yayılmışdır. Onlara әvvәllәr müstәqil dillәr kimi baxılmış subtiaba-tlapanek dillәri dә daxildir. T o t o n a k d i l l ә r i (tәqr. 10) Meksikanın mәrkәzi-şәrqi hissәsini әhatә edir vә 2 qolu var (totonak vә tepeua). M i x e - s o k e d i l l ә r i (Meksikanın c.-u) tәqr. 12 dili birlәşdirir; 2 әsas qolu var (mixe vә soke). Mayya dillәri (mayyan) Meksikanın c.-unda, Qvatemalada vә Belizdә әn böyük dil ailәsidir; müxtәlif tәsnifata görә tәqr. 30-dan 80-ә qәdәr dil daxildir. Bundan başqa, Mezoamerikada 4 kiçik dil ailәsi dә var – şinkan (şinka), tekistlatek (oaxak-çontal), lenkan, xikak (tol) vә 3 tәcrid olunmuş dil – tarasko (purépeça), kuitlatek vә uave. Çibça dillәri (24) Mezoamerika ilә Cәnubi Amerika arasında keçid dil ailәsidir. Honduras, Nikaraqua, Kosta-Rika, Panama, Venesuela vә Kolumbiyada yayılmışdır. Kiçik misumalpan dil ailәsinin (4 dil; әrazisi – Salvador, Nikaraqua, Honduras) onlarla genealoji әlaqәsinin olduğu ehtimal edilir. Nәzәrdәn keçirilәn digәr dil ailәlәri tamamilә C ә n u b i A m e r i k a d a yayılmışdır (lakin bәzilәrinın Mәrkәzi Amerikadada nümayәndәlәri var). Bütün Cәnubi Amerikada 48 dil ailәsi, 47 tәcrid olunmuş, 80-dәn çox tәsnif edilmәmiş dil mәlumdur. Aravak dillәri (maypur; 65) Cәnubi Amerikanın böyük hissәsindә, Mәrkәzi Amerikanın bir sıra ölkәsindә (әvvәllәr Karib dәnizi a-rında da) yayılmışdır; onların qәdim әrazisi Qәrbi Amazoniya olmuşdur. Tukanoan dillәri (15–25), çapakur dillәri (9), aravan (8 dil), puynav (5 dil), dyapan (katukin; 5 dil), tiniquan, otomak dil ailәsi, 3 tәcrid olunmuş vә bir neçә tәsnif edilmәmiş dil Qәrbi Amazoniyada yayılmışdır. Karib dillәri (25–40) Cәnubi Amerikanın şm.-ını әhatә edir. Yanomam (4 dil), salivan vә quaxib dil ailәlәri, 2 tәcrid olunmuş, bir neçә tәsnif edilmәmiş dildә ora daxildir. Barbakoan (8 dil), çokoan (5 dil), xiraxar (3 dil), timotey (3 dil) dil ailәlәri, 4 tәcrid olunmuş vә bir neçә tәsnif edilmәmiş dil Cәnubi Amerikanın şm.-q.-indә yayılmışdır. Andın (Ekvador, Peru, Venesuela, Kolumbiyanın c.-u) şm. dağәtәyi yerlәrindә bora-uitot dillәri (10), xivar (4 dil), yaquan (peba), kavapan, sapar dil ailәlәri vә 9 tәcrid olunmuş dil mövcuddur. And regionu keçua dillәrinin (onlarla dil) vә aymara (xaki) dil ailәlәrinin (3 dil, o cümlәdәn aymara dili) arealıdır. Bir çox mütәxәssis bu dillәrin qohum olduğunu vә keçumara makroailәsini әmәlә gәtirdiyini ehtimal edir, lakin digәr dilçilәr bu dillәrin oxşarlıqlarını alınma sözlәrlә izah edir. Hәmçinin And d-rı әrazisindә seçura-katakao (3 dil), uru-çipaya vә çolon dil ailәlәri, 5 tәcrid olunmuş dildә var. Andın c. dağәtәyi bölgәsi (Boliviyanın şm.-ı, Perunun ş.-i, Braziliyanın q.-i) pano-takan dillәri (33 dil; 2 qolu var: panoan vә takan), çon dil ailәsi (3 dil), yurakare vә moseten tәcrid olunmuş dillәrin әrazisidir. H.d. Braziliyanın şm.-ş.-indә o qәdәr tez yoxa çıxmışdır ki, yalnız tәqr. 8 tәsnif edilmәmiş dil haqqında mәlumat qalmışdır. J e d i l l ә r i (әn azı 13), әsasәn, Braziliyada yayılmışdır. Bu dillәrdәn başqa, 12–13 kiçik dil ailәsini (1-dәn 4-ә qәdәr dili olan), o cümlәdәn, kamakan, boror, maşakali, botokud, puri, karir, karaja, çikitano, rikbaktsa vә s. dillәri birlәşdirәn m a k r o j e d i l l ә r i haqqında fәrziyyә mövcuddur. Makro-je dillәri arealı periferiyasında (bütün Braziliyada vә yaxın ölkәlәrdә, o cümlәdәn Argentinanın şm. hissәsindә) t u p i d i l l ә r i yayılmışdır (70-dәn çox). Onların әsas hissәsini Cәnubi Amerikanın böyük dillәrindәn olan paraqvay quaranisi dilinin dә aid olduğu t u p i - q u a r a n i d i l l ә r i tәşkil edir. Heç vaxt geniş işlәdilmәmiş, indi isә ölü olan tupinamba (qәdim tupi), yaxud linqua jeral (“ümumi dil”) dili tupi-quarani dillәrinә aiddir. Tupi birlәşmәsinә tupi-quaranidәn başqa, genealoji statusu müәyyәn olunmamış 8 ayrıca dili dә daxil edirlәr. Bundan başqa, Mәrkәzi Amazoniyada (Braziliya, Argentinanın şm.-ı, Boliviya) nambikvar (5 dil), muran (4 dil), jabuti (3 dil) dil ailәlәri, 7 tәcrid olunmuş, bir neçә tәsnif edilmәmiş dil var. Quaykuru dillәri (7 dil), matakoan dillәri (4-dәn 7-yә qәdәr), maskoy dillәri (4), samuk vә çarruan dil ailәlәri vә 2 tәcrid olunmuş dil Çako regionunda (Argentinanın şm.-ı, Boliviyanın c.-u, Paraqvay) yayılmışdır. Bәzi fәrziyyәlәrә görә, onlar vahid makroailәni tәşkil edir. Cәnubi Amerikanın c. hissәsindә (Çili vә Argentinanın c.-u) uarpey dil ailәsi, 5 tәcrid olunmuş dil (araukan dili, alakaluf, yamana, çono, puelçe) yayılmışdır. Qohum olmayan H.d., hәmçinin Amerikadakı hindilәrin vә avropalıların dillәri arasındakı qarşılıqlı tәsir nәticәsindә bir sıra ünsiyyәt dillәri meydana gәlmişdir. Mәs., 17 әsrdә Müqәddәs Lavrenti çayının mәnsәbindә mikmak hindilәrinin ünsiyyәt qurduğu vә Atlantikanı keçәrәk Cәnubi Amerikaya gәlәn bask balıqçılarının baskalqonkin dillәrindәn p i c i n d i l i formalaşmışdır. 19 әsrdә Şimali Amerikanın şm.-q. sahilindә şinuk dili әsasında müxtәlif tayfalardan olan hindilәrlә yanaşı, avropalıların da istifadә etdiyi şinuk jarqonu yayıldı. Şimali Amerika çöl hindilәri arasında (siu, alqonkin vә s. dillәrdә danışan) etnoslararası ünsiyyәt vasitәsi kimi istifadә olunan jest dili yayılmışdı. H.d.-nin genealoji müxtәlifliyini geniş şәkildә izah etmәk üçün Amerikanın daha әvvәlki mәskunlaşdırılma tarixini, hәmçinin Asiyadan çoxsaylı miqrasiya axını ehtimalını әsas götürmәk lazımdır. H.d.-nin genealoji müxtәlifliyini nәzәrә alaraq, onların struktur xüsusiyyәtlәrinin ümumilәşdirilmәsini azaltmaq mümkündür. Amerika dil tipini müәyyәn edәn әlamәtlәr, adәtәn, polisintetizm adlanır. Dünya dillәrindә adlar vә kömәkçi nitq hissәlәri ilә ifadә olunan bir çox mәna polisintetik H.d.-ndә feil ilә bildirilir. Şimali Amerika vә Mezoamerikanın böyük dil ailәlәrinin әksәriyyәtindә polisintetizmә meyil aydın ifadә olunur: na-dene, alqonkin, irokez, siuan, kaddoan, mayya vә s. Bir sıra digәr dil ailәlәri (xüsusilә qitәnin q. vә c. hissәsindәki) orta sintetizm ilә xarakterizә olunur. Polisintetizm Cәnubi Amerikanın bir çox dili üçün dә xarakterikdir. H.d.-nә xas mühüm polisintetizm xüsusiyyәtlәrindәn biri feil tәrkibindә әvәzlik әlamәtlәrinin olmasıdır. Bir çox H.d. üçün feilә tәkcә әvәzlik morfemlәrini yox, hәm dә ad köklәrini birlәşdirmә xarakterikdir. Bir sıra H.d.-ndә (mәs., alqonkin dillәrindә) proksimativ (yaxın) vә obviativ (uzaq) üçüncü şәxs arasında qarşılaşma ifadә olunmuşdur. İspan istilasından әvvәl bәzi hindi xalqlarının öz yazı sistemi olmuşdur: asteklәr piktoqrafiyanı tәtbiq etmişlәr (bax Astek yazısı); mayyalar Mezoamerikanın daha әvvәlki yazısından yaranan çox inkişaf etmiş loqo-sillabik sistemә malik olmuşdur (Qәdim Misir vә Mesopotomiya yazılarından әmәlә gәlmәyәn, tam funksionallığı olan yeganә yazı olmuşdur). Sekvoyya adlı hindi 19 әsrin 1-ci rübündә öz dili üçün yazının orijinal heca sistemini, zahirәn latın әlifbasının hәrflәrinә bәnzәyәn işarәlәri yaratmışdır. 19 әsrin ortalarında amerikalı missioner C.Evans kri dili üçün gәlәcәkdә regionun digәr dillәrinin dә (alqonkin, atabask, eskimos) işlәdәcәyi vә qismәn indiyә qәdәr istifadә olunan orijinal heca yazısını icad etmişdir. H.d.-nin böyük әksәriyyәtinin yazısı latın әlifbası әsasındadır. Bir sıra hallarda bu sistemdәn orfoqrafiyada, lakin H.d.-nin әksәriyyәtindә yalnız elmi mәqsәdlәrlә istifadә edilir. Şimali Amerika dillәrinin dilçilik tәdqiqatları mәhz 19 әsrdә başlamışdır. 1838 ildә P.S.Dyuponso (ABŞ) dillәrin çoxunun tipoloji oxşarlıqlarına (mәhz polisintetizminә) diqqәt çәkmişdir. K.V. fon Humboldt bәzi H.d.-ni tәdqiq etmişdir. H.d.-nin kataloqlaşdırılması vә sәnәdlәşdirilmәsindә C.U.Pauellin böyük rolu olmuşdur. Yeni mәrhәlә 19 sәrin sonu – 20 әsrin 1-ci yarısında müxtәlif dil ailәlәrindәn olan onlarla H.d.-ni tәdqiq vә tәsvir edәn, mәtnlәrin yazılması vә öyrәnilmәsinә әsaslanan Amerika antropoloji-linqvistik әnәnәsinin әsasını qoyan vә bir sıra mәşhur amerikalı dilçilәr hazırlayan F.Boasın fәaliyyәti ilә bağlıdır. F.Boasın tәlәbәsi E.Sepir Şimali Amerikanın bir çox dil ailәsinin istәr sinxron-struktur, istәrsә dә müqayisәli-tarixi cәhәtdәn elmi tәdqiqatının banisi olmuşdur. H.d.-nin öyrәnilmәsindә mühüm rol oynamış dilçilәr yetişdirmişdir (B.Uorf, M.Svodeş, M.Xaas vә b.). H.d.-nin öyrәnilmәsi ilә amerikalı vә kanadalı dilçilәr, digәr ölkәlәrdәn olan alimlәr mәşğul olur. Mezoamerika vә Cәnubi Amerikanın dillәri Şimali Amerika dillәrinә nisbәtәn daha zәif sәnәdlәşdirilmişdir. Bu, qismәn Latın Amerikası dilçiliyindә yerli dillәrin öyrәnilmәsi әnәnәsinin olmaması ilә bağlıdır. Yalnız bәzi Cәnubi Amerika dilçilәri 20 әsrdә H.d.-nin öyrәnilmәsi ilә mәşğul olmuşdur. Müasir dövrdә H.d. tәdqiqatçıları professional birlikdә – Amerikanın yerli dillәrinin öyrәnilmәsi cәmiyyәtindә birlәşmişdir. H.d.-nin ilk genealoji tәsnifatının müәlliflәri amerikalı tәdqiqatçılar A.Qallaten (1848) vә D.H.Trumbull (1876) olmuşdur. Hәr şeyi әhatә edәn vә olduqca mötәbәr hesab olunan tәsnifat (1891) D.U.Pauellә vә onun Amerika etnologiyası bürosundan olan әmәkdaşlarına mәxsusdur. Cәnubi Amerika dillәrinin ilk әtraflı tәsnifatı 1935 ildә çex dilçisi Ç.Loukotka tәrәfindәn verilmişdir. 113 dil ailәsini әhatә etmişdir. Bundan sonra Amazoniya dillәrinin tәsnifatı üzrә A.Rodriges tәrәfindәn böyük iş aparılmışdır. T.Kaufman tәsnifatına (ABŞ; 1990, 1994) 118 dil ailәsi daxil etmişdir; L.Kempbellin (1997) tәsnifatında Cәnubi Amerikada 145 dil ailәsinin olduğu tәxmin edilir.










