HİNDİSTAN MİLLİ KONQRESİ (HMK) – Hindistanın әn böyük siyasi partiyası. Hindistanın müxtәlif rayonlarında mövcud olan ictimai-siyasi birliklәrin ümumhind millәtçiliyi ideologiyası әsasında birlәşdirilmәsi mәqsәdilә 1885 ilin dekabrında yaradılmışdır. Əvvәllәr milli sahibkarlığın vә hind müstәmlәkә cәmiyyәtinin ziyalı tәbәqәsinin maraqlarını tәmsil edirdi. Tәdricәn sosial, kasta vә etnikdini mәnsubiyyәtindәn asılı olmadan hind milli qüvvәlәrinin birlәşdiyi hәrәkatın özәyinә çevrilmişdir. 19 әsrin sonunadәk HMK müstәmlәkә rejiminә qarşı loyal müxalifәt çәrçivәsindәn kәnara çıxmırdı. Partiyaya liberal qanadın nümayәndәlәri D.Naoroci, Q.K.Qokhale, S.Banerci vә b. rәhbәrlik edirdilәr. HMK tәrkibindә B.Q.Tilak, A.K.Qhoş, L.L.Ray vә b.-nın başçılıq etdiyi radikal qanad da formalaşmışdı. 1906 ildә partiyanın hәdәfinin Hindistan üçün dominion statusu vә daxili işlәrdә muxtariyyәt әldә etmәk olduğunu elan edәn qәtnamә qәbul edildi. 1918–22 illәrdә Hindistanda milli azadlıq hәrәkatının yüksәlişi ilә HMK inkişafının yeni mәrhәlәsinә qәdәm qoydu vә getdikcә kütlәvilәşdi. Onun ideoloqu M.Qandi idi. Qandinin başçılığı ilә HMK “qeyri-zorakı әmәkdaşlıq etmәmә” vә vәtәndaş itaәtsizliyi kampaniyalarına başladı. 1920-ci illәrin әvvәlindә HMK daxilindә parlamentdә tәmsil olunmaq uğrunda mübarizә aparan svaracistlәr fraksiyası yarandı (bax Svaracistlәr partiyası). 1920-ci illәrin sonu – 1930-cu illәrin әvvәlindә milli azadlıq hәrәkatının yeni mәrhәlәsindә HMK-da C.Nehru vә S.Ç.Bosun başçılıq etdiyi sol milliyyәtçilәr qanadı mühüm rol oynamağa başladı. 1927 ildә HMK tam müstәqilliyә vә respublika quruluşunun yaradılmasına nail olmaq şüarı ilә çıxış etdi. 1934 ildә HMK daxilindә sosial-demokrat mövqeyindә dayanan Konqres-Sosialist partiyası yarandı. 1947 ildә Hindistanın müstәqilliyi elan olunduqdan sonra HMK aparıcı siyasi partiyaya çevrildi vә 1977 ilәdәk bu mövqeyini qoruyub saxladı. 1964 ildә C.Nehrunun ölümündәn sonra HMK-da mәrkәzdәn qaçma tendensiyası güclәndi. 1969 ildә HMK iki partiyaya bölündü: İ.Qandinin başçılıq etdiyi HMK vә keçmiş maliyyә naziri M.Desainin başçılıq etdiyi Hindistan Milli Konqresi Tәşkilatı – HMKT. 1977 il seçkilәrindә HMKT-nin dә birlәşdiyi Canata parti birliyinә mәğlub olan HMK müxalifәtә keçmәk mәcburiyyәtindә qaldı. 1978 ildә İ.Qandinin partiyada keçirdiyi islahatlar prosesindә konqresçilәrin bir hissәsi partiyadan ayrıldı. İ.Qandi öldürüldükdәn sonra 1984 ildә keçirilmiş seçkilәrdә onun oğlu R.Qandinin başçılığı ilә HMK qәlәbә qazandı vә 1996 ilәdәk hakim partiya mövqeyini saxladı. 1996–2004 illәrdә әsas müxalifәt partiyası oldu. 2004 il seçkilәri Birlәşmiş Mütәrәqqi Alyans (BMA) koalisiyasını yaradan konqresçilәrin qәlәbәsi ilә başa çatdı. Konqresçilәr koalisiyası hökumәtinә Manmohan Sinqh başçılıq etdi. Hazırda HMK Hindistanın siyasi hәyatında mühüm rol oynayır.










