HİNDU MÁHA SÁBHA (HMS; Hinduistlәrin Böyük Mәclisi) – Hindistanda ictimai tәşkilat. Müsәlman liqasının meydana çıxmasına etiraz әlamәti olaraq, hinduistlәrin maraqlarının müdafiәsi mәqsәdilә 1906 ildә yaradılmışdır. Əvvәlcә Pәncab әyalәti miqyasında olan HMS 1921 ildә bütün Hindistana yayılmışdır. HMS liderlәri Madan Mohan Malaviya (1861–1946) vә Lala Lacpat Ray tәşkilatın siyasәtdә iştirak etmәsinә tәrәfdar idilәr. K.B.Hedgevar 1925 ildә HMS-dәn çıxmış vә ruhәn ona yaxın Raştriya Svayamsevak Sanqh tәşkilatının әsasını qoymuşdur. HMS-yә bu tәşkilatı fәal anti-ingilis kampaniyasından imtina etmәyә çağıran V.D.Savarkar başçılıq etmişdir. 1948 ildә HMS-nin üzvü Nathuram Qodsenin M.K.Qandini öldürmәsi tәşkilatın populyarlığının azalmasına vә onun hinduist millәtçilәrinin marjinal qrupuna çevrilmәsinә sәbәb olmuşdur.










