HİNİ (Heaney) Şeymas Castin (13.4.1939, Şimali İrlandiya, Londonderri qraflığı, Kasldoson – 30.8.2013, Dublin) – irland şairi. Nobel mükafatı laureatı (1995). Katolik ailәsindә doğulmuşdur. 1957 ildә Belfasta köçmüş, orada Kral un-tinin filologiya fakültәsini bitirmişdir (1961). Dublindәki Kerisford kollecindә (1972–82), Harvard (1982–89; 1984 ildәn prof.) vә Oksford (1989–94) untlәrindә müәllim işlәmişdir. Erkәn şeirlәri jurnallarda dәrc olunmuşdur; “Naturalistin ölümü” (1966) ilk şeirlәr toplusudur. Üslub vә dil aydınlığı, elegiya әhvali-ruhiyyәsi, irland mәnzәrәsinә vә kelt miflәrinә diqqәt, hәyat, ölüm, tale haqqında, hәmçinin zorakılıq vә fanatizmә dair fәlsәfi mühakimәlәr H.-nin bәdii yaradıcılığını sәciyyәlәndirir: “Cәhalәtә qapı” (1969), “Şimal” (1975), “Çöl işlәri” (1979), “Tövbә adası” (1984), “Yemişan fәnәri” (1987),”Elektrik işığı” (2001) topluları vә s. Çox sayda esselәrin, o cümlәdәn “Əvәzödәyәn poeziya” (1966) kitabının, pyes vә tәrcümәlәrin (o cümlәdәn 7–8 әsrlәrә aid Beovulf” epik poemasının müasir ingilis dilinә tәrcümәsinin) müәllifidir.











