HİPERBARİK OKSİGENLƏŞDİRMƏ (hiper...+ yun. βάρος – ağırlıq + lat. Oxygenium – oksigen), o k s i b a r o t e r a p i y a, h i p e r b a r i k t e r a p i y a, o k s i g e n k o m p r e s s i y a s ı – müalicәvi vә profilaktik mәqsәdlәrlә yüksәk tәzyiq altında oksigendәn istifadә olunması. 19 әsrdә fransız alimlәri V.T.Jüno (1834), Ş.Q.Pravas (1836), P.Ber (1878), Rusiya alimlәri A.P.Katalinski (1862), P.İ.Smirnov (1869), A.İ.Simonov (1876) H.o. yönündә mühüm işlәr görmüşlәr. Lakin H.o.-nın tarixi әslindә 20 әsrin 2-ci yarısından başlayır. 1956 ildә Niderland cәrrahı İ.Burema tәrәfindәn yüksәktәzyiqli oksigen kamerasında heyvanlar üzәrindә aparılan tәcrübәnin nәticәlәri o qәdәr ümidverici oldu ki, artıq 1960 ildә Amsterdamda barocәrrahiyyә otağı yaradıldı vә burada H.o. şәraitindә dünyada ilk dәfә ürәkdә cәrrahi әmәliyyat hәyata keçirildi. H.o.-nin әsasında orqanizmin maye mühitlәrindә (plazmada, limfada, toxumalararası mayedә vә s.) oksigenin parsial hissәvi tәzyiqinin (pO2) yüksәlmәsi durur, bu isә onların oksigen tutumunun artmasına sәbәb olur. Tәnәffüs zamanı qaz qarışığında oksigenin tәzyiqini tәnzimlәmәklә orqanizmin daxili mühitlәrindә onun konsentrasiyasını dozalarla artırmaq olur. Udulan oksigenin tәzyiqinin 2, 3, 4 atm.-әdәk vә daha çox artırılması alveolyar pO2-nin 1433, 2193, 2953 mm c.süt. vә daha çox yüksәlmәsinә sәbәb olur. Ağ ciyәrlәrdә pO2-nin artması öz növbәsindә arterial qanda oksigenin artması gәrginliyi ilә nәticәlәnir. Normada qanın oksigen tutumu hәcmә görә tәqr. 20,3% tәşkil edir: 20%-i oksigenin hemoqlobinlә birlәşir, 0,3%-i isә plazmada hәll olur. Tәbii şәraitdә orqanizmin hәyat fәaliyyәti hemoqlobinlә daşınan oksigenlә tәmin edilir. Alveolyar pO2-nin artması plazmada hәll olmuş oksigeni kәskin dәrәcәdә yüksәldir. Nәticәdә 3 atm. tәzyiq altında oksigenlә tәnәffüs qanda әlavә tәqr. 6% oksigenin hәll olmasına sәbәb olur, bu isә orqanizmin sakit halda oksigenә olan normal tәlәbatına uyğundur vә hәyat tәminatı üçün tamamilә kifayәtdir (“qansız hәyat” fenomeni). H.o.-nin “himayәsi” ilә baş vә onurğa beyinin qan tәchizatını uzun müddәt dayandırmaq mümkündür, bu da hәmin üsulun kardio vә neyrocәrrahiyyәdә tәtbiqini әsaslandırır. Orqanizmin pO2-nin yüksәlmәsinә fizioloji reaksiyası adәtәn müәyyәn ardıcıllıqla baş verir. Arterial pO2-nin artması periferik xemoreseptorların normal hipoksiya aktivliyinin kәnar edilmәsinә, tәnәffüs mәrkәzinin qıcıqlanmasının azalmasına vә ağ ciyәr ventilyasiyasının pozulmasına sәbәb olur, bu isә baş beyinin qan damarlarının genişlәnmәsini törәdәn karbon dioksidin (pCO2) arterial parsial tәzyiqinin yüksәlmәsi ilә müşayiәt olunur. Eyni zamanda qanda oksigenin konsentrasiyasının artması oksihemoqlobinin dissosiasiyasının pozulmasına sәbәb olur, qanın turşuluğunu qaldırır, tәnәffüs mәrkәzi daxil olmaqla başbeyin toxumalarında CO2 vә hidrogen ionlarının daşınmasını çәtinlәşdirir. Hiperkapniya (qanda karbon dioksidin miqdarının artması) tәnәffüsün dәqiqәlik hәcminin artmasına vә hiperventilyasiyaya sәbәb olur. Nәticәdә arterial qanda pCO2 düşür, beyin damarları daralır vә beyin toxumalarında oksigenin konsentrasiyası azalır. Sıxılmış hava ilә terapiya H.o.-nin bir növüdür vә tәnәffüs çatışmazlığının bәzi formalarında sıxılmış hava tәmiz oksigendәn daha effektiv ola bilәr. H.o. praktik olaraq hemoqlobinin tәnәffüs prosesindәn tam vә ya qismәn kәnar edildiyi, yәni kәskin hipoksiyanın anemik (massiv qanaxmalarda) vә zәhәrlәyici (karboksimet vә sulfhemoqlobinin әmәlә gәlmәsi ilә baş verәn zәhәrlәnmәlәrdә) formaları zamanı kәskin vә xroniki oksigen çatışmazlığının bütün hallarında istifadә edilir. H.o.-nın müalicәvi tәsiri tәkcә toxuma hipoksiyasının aradan qaldırılması ilә deyil, hәm dә yüksәk oksigen toplanmasının orqanizmin bu vә ya digәr strukturlarına bilavasitә tәsiri ilә şәrtlәnir. Mәs., oksigenin beyin damarlarına damar büzücü tәsiri beyin ödemi ilә mübarizәdә istifadә olunur. Bәzi növ patologiyalarda H.o. kömәkçi rol oynayır (mәs., bәdxassәli şişlәrin radiohәssaslığını güclәndirmәk üçün H.o.-nin şüa terapiyası ilә kompleksdә tәtbiqi). Kәskin ürәk çatışmazlığının, ürәyin, beynin, böyrәklәrin, qara ciyәrin, әtrafların yumşaq toxumalarının vә s. işemik zәdәlәnmәlәrinin kompleks intensiv terapiyasında H.o. xüsusi yer tutur.H.o. cәrrahlıq praktikasında (cәrrahi infeksiyalar – abses, sepsis, qazlı qanqren; cәrrahi әmәliyyatdan sonrakı dövrdә bәrpa proseslәrinin stimulyasiyası, toxumaların ödeminin azaldılması, köçürülmüş toxumaların uyğunlaşmasının yüngüllәşdirilmәsi), habelә terapiya praktikasında, o cümlәdәn kardiologiyada (kәskin vә xroniki tac damar çatışmazlığı, hipertoniya xәstәliyi vә s.), qastroenterologiyada (eroziv-xoralı qastrit, xroniki kolit, qıcıqlandırılmış yoğun bağırsaq sindromu, hepatitlәr vә qaraciyәr sirrozu), pulmonologiyada (ağ ciyәrin vә plevranın irinli-destruktiv xәstәliklәri, ağ ciyәr-ürәk çatışmazlığı ilә keçәn ağ ciyәrin xroniki qeyri-spesifik xәstәliklәri); hәmçinin endokrinologiyada (şәkәrli diabet, diffuz-zәhәrli ur), pediatriyada (reanimasiya vәziyyәti, qara ciyәrin, ürәk-damar sisteminin, ağ ciyәrlәrin müxtәlif zәdәlәnmәlәri vә s.), nevrologiyada vә kliniki tәbabәtin digәr sahәlәrindә geniş tәtbiq edilir. H.o.-nın tәtbiqinin terapevtik rejimi hәr bir halda hәkim tәrәfindәn fәrdi şәkildә tәyin edilir vә oksigen tәzyiqi 1–3 atm. intervalında olmaqla 40–60 dәq ekspozisiyada barokamerada aparılır. Müalicә barokameraları çox yerli vә biryerli, o cümlәdәn sәyyar (mәs., tәcili yardım maşınında quraşdırılmış), daşınan (çöl şәraitindә istifadә olunan) vә stasionar olur. Çoxyerli barokameralar bir neçә bölmәdәn ibarәtdir, intensiv terapiya vә reanimasi yada, o cümlәdәn xilas etmә işlәrinin aparılmasında, müxtәlif növ cәrrahi müdaxilәlәrdә (cәrrahi barokameralar) istifadә olunur. H.o. zamanı müxtәlif ağırlaşmalar: mәrkәzi sinir sisteminin zәdәlәnmәsi (hiperbarik epilepsiya, Ber effekti), ağ ciyәrlәrin (oksigen pnevmoniyası, ağ ciyәr yanığı), orta qulağın zәdәlәnmәsi (barootit), ve getativ krizlәr (dәrinin qızarması, tәrlilik, tezlәşmiş tәnәffüs vә ürәkdöyünmә, arterial tәzyiqin qalxması, qorxu hissi) oksigen dözülmәzliyi tәzahürü kimi baş verә bilәr. Bax hәmçinin Baroterapiya, Barotravma, Oksigen müalicәsi.










