HİPERVİTAMİNOZLAR (hiper... + vitamin + ... oz) – vitaminlәrin orqanizmә fizioloji tәlәbatdan xeyli artıq dozada daxil olması nәticәsindә baş verәn intoksikasiya. Adi şәraitdә vitaminlәrin әksәriyyәtinin alimentar (qida ilә) yolla qәbul edilmәsi zamanı H. praktiki olaraq mümkün deyil. Vitaminlәrin dozaları fizioloji tәlәbatdan yüz vә min dәfәlәrlә artıq olduqda onların zәhәrliliyi özünü göstәrir.
Bәzi vitaminlәr orqanizmin spesifik reaksiyasını törәdә bilir vә bu, bәzәn sәhv olaraq H. tәzahürü kimi qiymәtlәndirilir. Mәs., nikotin turşusu dozadan hәtta az miqdarda artıq olduqda periferik damarların genişlәnmәsinә sәbәb ola bilәr vә bu, boynun, üzün dәrisinin qızarması ilә özünü göstәrir. Belә fizioloji (qeyri-zәhәrlәyici) effekt vitamin qәbulunu dayandırmaqla vә ya dozasını azaltmaqla aradan qaldırılır.
Yağda hәll olan A (retinol) vә D (kalsiferol) vitaminlәrinin H.-ı real tәhlükәlidir, bununla әlaqәdar onları sutkalıq dozanın 50%-indәn artıq qәbul etmәk lazım deyil.
A hipervitaminozu bu vitaminlә zәngin mәhsulları müntәzәm qәbul etdikdә, habelә onu müalicә mәqsәdilә uzun müddәt qәbul etdikdә inkişaf edә bilәr. Kәskin A hipervitaminozu yuxululuq, başağrısı, dәrinin zәdәlәnmәsi, öyümә, qusma ilә sәciyyәlәnir; uşaqlarda kәllәdaxili tәzyiqin yüksәlmәsi, hidrosefaliya, әmgәyin qabarması, iştahanın tam olmaması qeyd edilir. Xroniki H.-ın simptomları: gicişmә, dәrinin qabıq vermәsi, seboreya, başağrısı, yuxusuzluq vә s.
D hipervitaminozu (çox vaxt erkәn yaşlı uşaqlarda) raxitin müalicәsi vә profilaktikası zamanı, sistem eritematoz qurdeşәnәyindә, dәri vәrәmindә vә s. dәri zәdәlәnmәlәrinin müalicәsi hallarında onun dozası artıq olduqda baş verir. İştahanın azalması, ürәkbulanması, susuzluq, sidik ifrazının artması, qızdırma, qan tәzyiqinin yüksәlmәsi, böyrәklәrdә kalsiumun çökmәsi, böyrәk çatışmazlığı ilә özünü göstәrir.










