HİPNÓZ (yeni lat. hypnosis, yun. ύπνόω – yatırtmaq + ... oz) – insanı huşunun xüsusi dәyişilmiş vәziyyәtinә salma proseduru; bu zaman tәlqinә yüksәk hәssaslıq bütün digәr amillәrin tәsirinә hәssaslığın kәskin azalması ilә müşayiәt olunur. H. hipnozolunanla hipnozçu arasında xüsusi yanaşma kontekstindә mümkündür: hipnozolunan hipnozçunun avtoritetinә etibar edir vә hipnozçu rapport (fr. rapport – әlaqә) qurmağa – hipnozolunanın vә ziyyәtinә uyğunlaşmağa çalışır. Hipnotik transın (yuxuyabәnzәr vәziyyәtin) yaranması vә onun dәrinliyi hәm hipnozçudan (mәs., onun intonasiyasının sәmimiliyindәn vә tәsirliliyindәn), hәm dә sınanılandan, onun hipnozolunma, hipnotik transa dalmaq qabiliyyәtindәn asılıdır. Hipnotik trans halında olan insan üçün mәntiqi uyğunsuzluqlara fikir vermәmәk qabiliyyәti – trans mәntiqi sәciyyәvidir. Texniki üsul kimi H.-un isti fadәsi hipnotik fenomenlәrin tәbiәtinin müasir izahını xeyli qabaqlayır. Heyvanların H.-a salınmasının mümkünlüyü mәsәlәsi hәlә dә aydın deyildir: bir sıra tәdqiqatçılara görә “H. vәziyyәtinә salınmış” heyvan sәrbәstliyә çıxmaq imkanını gözlәyәrәk sadәcә tәrpәnmәz qalır, onun beyninin elektrik aktivliyi ayıqlıq vәziyyәtindәki adi aktivlikdәn fәrqlәnmir.
H. vә onun müalicәvi xassәlәri qәdim zamandan mәlumdur. H.-un tәbiәtinin izahının ilk cәhd edәnlәrdәn biri 18 әsrdә F.Mesmer olmuşdur. O, iddia edirdi ki, kainat “heyvani maqnetizm” qüvvәsi ilә dolmuşdur, onun kömәyi ilә bir insan digәrinә tәsir edә bilәr, mәs., ondan xәstәliyi “çıxara” bilәr. H.-un öyrәnilmәsin dә elmi yanaşmanı şotlandiyalı cәrrah C.Breyd (1795–1860) “Neyrohipnologiya” (1843) kitabında nümayiş etdirmiş vә ilk dәfә olaraq “maqnetizm” әvәzinә “H.” terminini işlәtmişdir; Breyd H.-u yuxunun növü hesab edirdi. 1880-ci illәrdә fransız nevropatoloqu J.M.Şarko (1825–1893) H.-u histeriyanın tәzahürü kimi düşünәrәk onun histeriyalı xәstәlәrә tәsirini vә kliniki istifadәsini öyrәnmişdir. Başda İ.Bernheym (1837–1919) olmaqla Nansi mәktәbinin nümayәndәlәri hesab edirdilәr ki, H.-un mәrhәlәlәri hipnotik vәziyyәtin patoloji xarakteri ilә deyil, hipnozçunun tәlqini vә olunan hipnozolunanın tәlqinәqabilliyi ilә şәrtlәnir.
H. probleminin işlәnib hazırlanmasında R.Kraft-Ebinq (hipnotik yaş reqressiyasını – uşaq davranışı tәrzinin, unudulmuş emosiya vә xatirәlәrin qismәn bәrpasını kәşf etmişdir), O.Forel, Z.Freyd, V.M.Bexterev, İ.P.Pavlov vә b.-larının böyük xidmәtlәri olmuşdur.
1928 ildә O.Forel hipnotik vәziyyәtinüç mәrhәlәsinin ayırd olunmasını tәklif etmişdir: yuxululuq, hipotaksiya vә somnambulizm. Yuxululuq mәrhәlәsindә hipnozolunan zәiflik vә dinclik hiss edir, istәsә rahatca gözlәrini açıb seansı dayandıra bilәr. Hipotaksiya mәrhәlәsi dәrin әzәlә üzgünlüyü vә tәlqin olunmuş katalepsiyanın baş vermәsinin mümkünlüyü ilә fәrqlәnir. Somnambulizm mәrhәlәsindә hipnozolunan kәnar qıcıqları, demәk olaraq ki, qәbul etmir. Bu mәrhәlәdә yuxudagәzmә (mәrhәlәnin adı buradandır), hallüsinator hәyәcan tәlqin etmәk, tәlqinolunmuş vәziyyәtә uyğun hәrәkәtlәr yerinә yetirmәyә vadar etmәk (әgәr onlar, hipnozolunanda güclü daxili ixtilaf törәtmirsә), yaş reqressiyasına, ağrı qıcığına qarşı hissiyyatın itirilmәsinә nail olmaq (bu, H.-dan ağ rısızlaşdırma üçün istifadә etmәyә imkan verir), hipnozdansonrakı tәlqinlәr (hipnotik transdan çıxdıqdan sonra fәaliyyәtә başlamağa dair әmrlәr) etmәk olar.
H. üsulları tәbii yuxulama prosesinә bәnzәyir: görmә, eşitmә, taktil analizatorların onlara müvafiq zәif monoton qıcıqlandırıcılara qarşı yorulması; onların tәsiri formullaşdırılmış sakitlәşdirici vә yuxugәtirici sözlәrlә müşayiәt olunmalıdır. Klassik H.-la yanaşı, Amerika psixoterapevti E.Erikson tәrәfindәn tәklif olunmuş Erikson H.-u vә ya qeyri-direktiv H. da istifadә olunur. Erikson H.-unda әsas rolu hipnozçunun vәziyyәtә vә hipnozolunana uyğunlaşmasıdır, sonuncu tәdricәn hipnozçunun sәsini daxili istәk kimi qәbul etmәyә başlayır.
Sözlә tәsir etmәklә hәyata keçirilәn vә bilavasitә pasiyentә ünvanlanan H. birbaşa psixoterapiyanın geniş yayılmış üsullarından biridir. H. sinir sisteminin, daxili orqanların xәstәliklәrindә, bәzi psixi pozulmalarda (xüsusilә psixogeniyalar zamanı), cәrrahi әmәliyyatlarda, dәri xәstәliklәrindә, alkoqolizmdә, narkomaniyada, psixoaktiv maddәlәrin qәbulu ilә әlaqәdar olan pozulmalarda, mama-ginekoloji praktikada geniş istifadә olunur.
Psixoterapiya metodikası olan hipnozistirahәt nevrotik pozulmaların, reaktiv vәziyyәtlәrin, psixosomatik pozulmaların müalicәsi üçün istifadә olunur. Xәstә axşam hipnotik vәziyyәtә salınır vә bu vәziyyәt qeyri-iradi tәbii yuxuya keçir, yaxud psixoterapevt sәhәr tәbii yuxunu lazım olan müddәtә hipnotik yuxuya keçirir.
Psixoterapiyada hәmçinin özünühipnoz da geniş yayılmışdır (bax Autogen mәşq). Tәlqinetmә psixoterapiya üsullarına narkohipnoz da aiddir, bu zaman H. seansından qabaq pasiyentә narkotik maddә vurulur.
H.-dan istifadәyә dair mütlәq әksgöstәrişlәrә sayıqlama, histerik şәxslәrdә kәskin psixozlar vә hipnomanik göstәrişlәr aiddir.
H. şәxsiyyәtin, motivasiyaların, emosiyaların, yaddaşın, qavramanın vә s. elmi tәdqiqindә vasitә kimi istifadә olunur. Kliniki tәdqiqatlarda unudulmuş tәcrübәni yada salmağa, hәyatın travmatik epizodlarını yenidәn yaşamağa imkan verәn hipnoanaliz (hipnotik transda olan subyektlә müsahibә) istifadә olunur.










