HİPÓFİZ (yun. ύπόφυσις – çıxıntı), p i t u i t a r v ә z i, beyinin alt artımı – onurğalıların daxili sekresiya vәzisi. Baş beynin әsasında yerlәşir; paxlaya bәnzәr formadadır (kütlәsi tәqr. 0,5–0,6 q), fibroz pәrdә ilә örtülüdür. H. trop (periferik endokrin vәzilәrin fәaliyyәtini tәnzimlәyir) vә effektor (bilavasitә hәdәf orqanlara vә hәdәf toxumalara tәsir göstәrir) hormonlar sekresiya edәrәk böyümәyә, mübadilә proseslәrinә, çoxalmaya vә orqanizmin digәr funksiyalarına tәsir göstәrir. H.-in funksiyalarını vahid hipotalamus-hipofiz sistemi ilә әlaqәli hipotalamus tәnzimlәyir.
H.-dә mәnşәyinә vә funksiyalarına görә iki müxtәlif şöbә ayırd edilir: oral boşluğun üst hissәsindәki epitelial qabardan – hipofizar cibdәn inkişaf edәn adenohipofiz vә baş beynin neyroqlial qıfabәnzәr qabarından (beynin üçüncü mәdәciyi boşluğunun dibi sәviyyәsindә) formalaşan neyrohipofiz. Bundan әlavә, H.-dә bir neçә pay fәrqlәndirilir. Ön (distal) vә aralıq paylar adenohipofizin tәrkibinә daxildir, funksional vә struktur cәhәtcә müxtәlif asidofil, bazofil vә xromofob hüceyrәlәrlә tәmsil olunmuşdur. Ön payın hüceyrәlәri kortikotropin, qonadotropinlәr, tireotropin, somatotropin, prolaktin vә lipotropin, aralıq payın hüceyrәlәri melanotropinlәr sekresiya edir. Aralıq pay suda-quruda yaşayanlarda vә sürünәnlәrdә yaxşı, primatlarda zәif inkişaf etmiş, balinalarda, suitilәrdә, fillәrdә vә bәzi digәr mәmәlilәrdә vә quşlarda isә yoxdur. Bәzi onurğalılarda, o cümlәdәn mәmәlilәrin adenohipofizindә bir dә tuberal pay ayırd edilir ki, hәlәlik onun rolu bәlli deyildir. Neyrohipofizdә orta yüksәklik vә dal neyrohipofiz, yaxud H.-in dal payı ayırd edilir. H.-in şöbәlәri arasında funksional qarşılıqlı әlaqә çox mühümdür, belә ki, adenohipofizin funksiyasında iştirak edәn vә onu tәnzimlәyәn vazopressinin vә oksitosinin biosintezi hipotalamusda, toplanması vә ifraz edilmәsi isә neyrohipofizdә baş verir. Adenohipofizin vә onun ifraz etdiyi hormonların aktivliyi hәmçinin hipotalamusun damarlarının portal sistemindәn daxil olan rilizinq hormonlarla da müәyyәn edilir. H.orqanizmin somatik vә vegetativ funksiyalarının koordinasiyası sistemindә әsas halqadır; müxtәlif sәbәblәrdәn (şişlәr, qan tәchizatının pozulması, infeksion xәstәliklәr vә s.) asılı olaraq fәaliyyәtinin pozulması orqanizmin bütün sistemlәrindә dә yişikliklәr törәdir.










