HİRŞFELD (Hirschfeld) Maqnus (14.5.1868, Kolberq, indiki Polşada Kolobjeq – 14.5.1935, Nitsa) – alman hәkimi, seksologiyanın banilәrindәn biri. Sanitar hәkim ailәsindә anadan olmuşdur. 1887 ildәn Breslau (indiki Vrotslav) Untindә linqvistikanı, sonra (1892 ilә qәdәr) Strasburq, Münxen, Heydelberq vә Berlin un-tlәrindә tibbi öyrәnmişdir. Maqdeburq vә Berlindә hәkim işlәmişdir. 1896 ildә özünün seksologiya üzrә birinci әsәri olan “Sapfo vә Sokrat”da tәsbit etmişdir ki, homoseksuallıq insan seksuallığının bir hissәsidir; Prussiya cinayәt mәcәllәsindәn homoseksuallıqla әlaqә dar nәzәrdә tutulan cәza bәndinin götürülmәsi tәklifini vermişdir. 1897 ildә dünyada seksazlıqların hüquqlarının müdafiәsi üzrә ilk tәşkilatı – “Elmi-humanitar komitә”ni yaratmış vә ona rәhbәrlik etmişdir. 1899–1923 illәrdә aralıq seksual vәziyyәt mәsәlәlәri üzrә mәcmuә nәşr etdirmişdir. 1-ci dünya müharibәsi illәrindә lazaretdә hәkim kimi xidmәtdә olmuşdur. Berlindә dünyada ilk Seksologiya İn-tunun banilәrindәn biridir (1919; 1933 ildә nasistlәr tәrәfindәn bağlanmışdır). H. 1932 ildә İsveçrәyә, sonra Fransaya mühacirәt etmişdir. Seksologiya ilә yanaşı irqi gigiyena, yevgenika mәsәlәlәri ilә dә mәşğul olmuşdur. 2008 il dә Berlindә Şpre çayının sahil küçәlәrindәn biri onun adı ilә adlandırılmışdır.











