HİRUDOTERAPİYA (lat. hirudo – zәli + terapiya) – tibb zәlisinin müalicә mәqsәdilә istifadә olunması. Çoxlu növlәri olan zәlilәrdәn ancaq bir növü – tibb zәlisi istifadә olunur. O, hәr qansorma zamanı 1 saatda 15 ml-ә qәdәr qan “içә” vә bunun hesabına iki ilәdәk yaşaya bilir.
H. e.ә. 14 әsrdәn mәlumdur vә bunu Misir fironlarının sәrdabә freskaları sübut edir. 18 әsrin sonu –19 әsrin birinci yarısında H.-nın populyarlığı kәskin şәkildә artdı. Bununla әlaqәdar tәbiәtdә tibb zәlisinin sayı xeyli azaldı vә onun çoxaldılması ilә ixtisaslaşdırılmış tәsәrrüfatlar (hazırda biofabriklәr) mәşğul olmağa başladı.
H. zamanı әsas tәsiredici maddә hirudindir, hәrçәnd müәyyәn edilmişdir ki, bir H. seansı zamanı zәlinin insan orqanizminә yeritdiyi yüzә qәdәr biol. aktiv maddә iltihab әleyhinә tәsir göstәrir, yerli kapillyar qan dövranını aktivlәşdirir, toxumaların oksigen vә qidalı maddәlәr ilә tәchizatını yaxşılaşdırır. Lakin H.-da әsas mәqsәd tromb әmәlәgәlmәsinin qarşısını almaq vә tәzә trombları hәll etmәkdir.
H.-nın kliniki effekti ürәk ağrılarının, ödemlәrin aradan qalxması, baş beynin vә digәr orqanların pozulmuş qan dövranının bәrpa olunması ilә tәzahür edir. H. ürәk-damar sisteminin (hipertoniya xәstәliyi, stenokardiya, ürәk çatışmazlığı), ağciyәr (bronxit, bronxial astma), mәdә (xora, qastrit), qara ciyәr (hepatit, sirroz) xәstәliklәri, bәzi cәrrahi xәstәliklәrin (furunkulyoz, abseslәr, tromboflebit, trofik xoralar vә yaralar, kәskin mastit) vә travmaların nәticәlәri, ginekoloji xәstәliklәr (kistalar, endometrioz, mastopatiyalar vә s.), göz xәstәliklәri (qlaukoma) vә s. zamanı göstәrişdir. H. yüksәk qanaxma, anemiyalar, hamilәlik, kәskin arıqlama zamanı әks göstәrişdir.
H. seansını aparmaq üçün zәdәlәnmiş orqan nahiyәsindә (ürәk, qara ciyәr vә s.) әvvәlcә spirtlә tәmizlәnmiş dәriyә 4–12, bәzәn 20-yәdәk zәli qoyulur. Əgәr 1 saatdan sonra zәli özü qopmursa, onun üzәrinә duz sәpilir, yaxud o, duzlu su ilә isladılır (zәlini dәridәn qoparmaq olmaz). H. seansından sonra zәlilәr mәhv edilir.










