HİTLER Adolf (20.4.1889, Avstriya-Macarıstan, Braunau – 30.4.1945, Berlin) – nasist diktaturası dövründә Almaniya dövlәtinin başçısı (1933–45), baş hәrbi cani. Gömrük mәmuru ailәsindә doğulmuşdur. Valideynlәri Alois Hitler (1837–1903) vә qızlıq soyadı Pöltsl olan Klara Hitler (1860–1907) avstriyalı idilәr. H.-in atası 1842 ildә İohann Georq Hidlerә (Hiedler) әrә getmiş Mariya Anna Şiklqruberin (Schicklgruber; 1795–1847) nikahdankәnar oğlu idi. 1876 ildә vәrәsәlik hüququ әldә etmәk mәqsәdilә Alois Şiklqruber Hitler soyadını götürmüşdür. Hidler soyadının tәhrifolunma sәbәblәri tam aydınlaşdırılmamışdır. H. Passau, Lambax, Leondinq, Lins, Ştayrda orta mәktәbә getmişdir. Yalnız rәsm, tarix, coğrafiya vә bәdәn tәrbiyәsi dәrslәrinә maraq göstәrmişdir. 9-cu sinfi bitirdikdәn sonra (1905) ağ ciyәr xәstәliyi bәhanәsi ilә mәktәbdәn uzaqlaşmışdır. 1905–07 illәrdә anası ilә birlikdә Linsdә yaşamış, anasının ölümündәn sonra Vyanaya köçmüş vә Vyana Rәssamlıq Akademiyasına daxil olmağa çalışsada, akademiyaya qәbul edilmәmişdir. Vyanada qalan H. (yaşayış xәrclәrini valideynlәrinin mirası, dövlәt müavinәti vә öz rәsmlәrinin satışı hesabına ödәyirdi) panalman dairәlәrlә yaxınlaşmışdır. Onların tәsirilә H.-in qatı millәtçiliyi, antisemitizmi, marksizm vә liberalizmә qarşı düşmәn münasibәtilә seçilәn dünyagörüşü formalaşmışdır. Avstriya millәtçilәrinin bir çoxu kimi, çoxmillәtli Avstriya-Macarıstan imperiyasının alman dilli әhalinin mәnafelәrini qәtiyyәtlә müdafiә etmәdiyini düşünәn H. Habsburqlar monarxiyasına qarşı mәnfi münasibәt bәslәmiş, almanların vә avstriyalıların Almaniyanın himayәsi altında birlәşdirilmәsinin tәrәfdarı olmuşdur. Mәfkurәsinә görә Avstriya-Macarıstan ordusunda xidmәt etmәk istәmәyәn H. çağırışdan yayınaraq 1913 ilin mayında Münxenә köçmüşdür. Birinci dünya müharibәsi (1914–18) әrәfәsindә Avstriya hәrbi idarәsinin tәlәbi ilә çağırış mәntәqәsinә gәlsә dә, tibbi komissiyanın rәyinә әsasәn hәrbi xidmәtә yararsız hesab edilmişdir. 1914 ilin avqustunda könüllü olaraq Almaniya ordusunun piyada qoşunlarında xidmәtә başlamış, yefreytor rütbәsini almışdır. 1918 ilin avqustunda 1-ci dәrәcәli “Dәmir xaç” ordeni ilә tәltif edilmişdir. 1918 ilin oktyabrında Flandriyada qaz hücumu nәticәsindә müvәqqәti olaraq görmә qabiliyyәtini itirmişdir. Noyabr inqilabını (1918) vә Almaniyanın barışıq sazişi imzalamasını “marksistlәr vә yәhudilәr” tәrәfindәn alman ordusuna vurulmuş “arxadan zәrbә”kimi qiymәtlәndirmişdir. 1919 ilin mayında ordudan tәrxis edilmiş vә keçmiş komandirlәr tәrәfindәn siyasi işә cәlb olunmuş, vәtәnә qayıdan hәrbi әsirlәr arasında tәşviqat aparmış, sonra isә Münxendәki kiçik sağ partiyaların fәaliyyәtinә nәzarәt etmişdir. 1919 ilin payızında onlardan birinә – 1920 ildә Nasional-sosialist alman fәhlә partiyası (NSAFP) adlandırılmış Alman fәhlә partiyasına qoşulmuşdur. Natiqlik qabiliyyәti sayәsindә tezliklә partiya liderlәrindәn birinә çevrilmişdir. H.-in Versal sülh müqavilәsi (1919) vә ölkәdәki vәziyyәtlә bağlı tәnqidi çıxışları partiyaya yeni üzvlәrin axınını tәmin etmişdir. 1921 ilin iyulunda NSAFP-nin sәdri (“fürer”) seçilmişdir. 1923 ilin sentyabrında E.Lüdendorfla birlikdә Alman hәrbi ittifaqı adı altında ifrat sağ partiyaların vә tәşkilatların birliyini yaratmış, 1923 il noyabrın 8–9-da Bavariyada hakimiyyәti әlә keçirmәyә (bax “Pivә qiyamı”) vә İtaliya faşistlәrinin nümunәsinә әsaslanaraq paytaxta yürüş edәrәk bütün ölkәdә hakimiyyәti әlә keçirmәyә cәhd etmişdir. Qiyamın yatırılmasından sonra hәbs olunmuş vә 5 il müddәtinә hәbs cәzasına mәhkum edilmişdir. Landsberqdәki hәbsxanada saxlanılmışdır; 1924 ilin dekabrında vaxtından әvvәl azadlığa buraxılmışdır. Hәbsdә olarkәn özünün әsas mәqsәdlәrini (yәhudilәrin vә bolşevizmin kökünün kәsilmәsi, Avropanın ş.-indә “alman millәti üçün yeni hәyati mәkanın” fәthi, Almaniyanın dünya ağalığının qurulması vә s.) bәyan edәn “Mayn kampf” (“Mәnim mübarizәm”) kitabının 1-ci cildini yazmışdır. Azadlığa çıxdıqdan sonra 1923 ilin sonunda qadağan olunmuş, sonra isә bәrpa edilmiş NSAFP-nin başçısı olmuş, sağ partiyalar vә sәnaye-maliyyә dairәlәri ilә sıx әlaqәlәr qurmuşdur. Dünya iqtisadi böhranı (1929–33), kütlәvi işsizlik vә әnәnәvi partiyaların ölkәdәki vәziyyәti bәrpa etmәk iqtidarında olmadığı bir şәraitdә seçicilәrin çox hissәsinin NSAFP-nin tәrәfinә keçmәsinә nail olmuşdur (1932 il dә NSAFP reyxstaqın әn çoxsaylı fraksiyası idi). 1932 ilin fevralında H. Almaniya vәtәndaşlığını almışdır. Hәmin ildә prezidentliyә namizәdliyini irәli sürsә dә, seçkilәrdә P. fon Hindenburqa mәğlub olmuşdur. 1933 il yanvarın 30-da sәnayeçilәrin vә mühafizәkar siyasi dairәlәrin tәzyiqi ilә Hindenburq H.-i reyxskansler tәyin etmişdir. Hindenburqun 28 fevral 1933 il vә 24 mart 1933 il tarixli fәrmanları ilә kommunistlәrin, sosial-demokratların vә burjua demokratik partiyaların nümayәndәlәrinin tәqibi mәqsәdilә H.-ә fövqәladә sәlahiyyәtlәr verildi; Almaniyada hәbs düşәrgәlәri yaradılmağa başladı. H. 1934 il iyunun 30-dan iyulun 1-dәk NSAFP-nin sol qanadı rәhbәrliyinin mәhvini tәşkil etmәklә partiya daxilindәki müxalifәti susdurdu. Hindenburqun ölümündәn sonra reyxskansler vә prezident (1934, 2 avqust) vәzifәlәrini öz әlindә birlәşdirәrәk Almaniyada terrorçu diktatura rejimini qurdu vә öz siyasi proqramını hәyata keçirmәyә başladı. H.-in fәrmanı ilә NSAFP-dәn başqa bütün siyasi partiyalar qadağan edildi, nasist partiyası ilә bağlı olmayan bütün siyasi, ictimai tәşkilatlar vә hәmkarlar ittifaqları buraxıldı, 1935 ildә yәhudilәrә qarşı yönәlmiş irqçi Nürnberq qanunları qәbul olundu, yәhudilәrә mәxsus mülkiyyәtlәrin “arilәşdirilmә”-sinә başlanıldı. H.-in rәhbәrliyilә Almaniya iqtisadiyyatı hәrbi yönә keçirildi, güclü tәcavüzkar ordu yaradıldı, digәr dövlәtlәrә hücum planları işlәnib hazırlandı. 1936–39 il lәrdә Almaniya İspaniya Resp.-na hәrbi müdaxilә etdi, 1938 ildә Avstriyanı ilhaq etdi (bax Anşluss) vә Çexoslovakiyaya mәxsus Sudet vil.-ni, 1939 ilin yazında Çexiyanı vә Litvanın Memel vil.-ni әlә keçirdi. Tәcavüzkar blok yaradan Almaniya H.-in rәhbәrliyi ilә İkinci dünyamüharibәsinә (1939–45) başladı. 1941 ilin dekabrında H. Almaniya silahlı qüvvәlәrinin baş komandanı oldu. O, Almaniya ordusunun cinayәtkar üsullardan istifadә etmәklә müharibә aparmasına, dinc әhalinin vә hәrbi әsirlәrin kütlәvi şәkildә qırılmasına, işğal olunmuş ölkәlәrdә yәhudi mәsәlәsinin “qәti hәlli” (bax Holokost) planının hәyata keçirilmәsi zamanı alman hәrbçilәrinin vә xüsusi bölmәlәrinin dәhşәtli cinayәtlәr törәtmәlәrinә icazә verdi. 1945 il aprelin 30-da qaçılmaz hәrbi mәğlubiyyәtin vә nasist Almaniya –sının iflasının yaxınlaşması şәraitindә H. vә onun arvadı Y.Braun әvvәlcәdәn öz meyitlәrinin mәhv edilmәsi haqqında göstәrişverәrәk Berlindәki imperiya dәftәrxanasının zirzәmisindә intihar etdilәr. Nürnberq beynәlxalq hәrbi tribunalı H.-i nasist Almaniyasının baş hәrbi canisi kimi tanıdı.











