HİZBULLAH (әr.
– Allahın partiyası) – Livan hәrbi-siyasi tәşkilatı. Livanın dağınıq fәaliyyәt göstәrәn islamçı hәrәkatları 1982 ildә İsrailin Livan әrazilәrini işğal etmәsindәn sonra vahid cәbhәdә birlәşdilәr. Hәmin il 5 nәfәrdәn ibarәt Livan Şurası yaradıldı. Şuranın şüarlarında tez-tez işlәnәn “H.” sözü 1984 ilin mayında tәşkilatın rәsmi adı elan edildi. 1984 il noyabrın 11-dә İsrail hәrbi qüvvәlәrinә qarşı ilk kamikadze әmәliyyatı hәyata keçirildi. 1985 il yanvarın 14-dә İsrail tәrәfi üç mәrhәlәdә Livanı tәrk etmәk qәrarını açıqladı. Fevralın 16-da İsrail hәrbi qüvvәlәri Seyda ş.-ndәn çıxdı. Hәmin gün H. bәyannamә dәrc edәrәk özünü rәsmәn elan etdi. Siyasi mәramnamә sәciyyәli bәyannamәdә tәşkilatın ideoloji xәttinin әsasını tәşkil edәn üç prinsip – islamçılıq, müsәlmanların azadlığı uğrunda mübarizә vә vilayәti-fәqih vurğulanırdı. H. 1992 ildә ilk dәfә Livan parlamenti seçkilәrindә iştirak edәrәk 128 yerdәn 12-sini qazandı. 1993 il iyulun 25-dә İsrail Livanın c.-unda “Hesabların bәrabәrlәşdirilmәsi” adlı hәrbi әmәliyyata başladı. Hәrbi müdaxilәnin qarşısı H.-ın İsrailin şm.-ına raket hücumu ilә alındı. ABŞ vә Suriyanın vasitәçiliyi ilә tәrәflәr arasında әldә olunan razılaşma hәrbi toqquşmaya son qoydu. 1996 il aprelin 11-dә İsrail Livanın c. rayonlarında “Qәzәb salxımları” adlı genişmiqyaslı hәrbi әmәliyyata başladı. 16 gün davam edәn ağır döyüşlәr aprelin 27-dә imzalanmış atәşkәslә bitdi. İsrailin Livanda ardıcıl hәrbi uğursuzluqları BMT-nin İsrail qüvvәlәrinin Livandan çıxarılmasına dair 425 saylı qәtnamәsinin (1978) icrasını qaçılmaz etdi. 2000 il mayın 24-dә İsrail qoşunları, Şәba fermaları adlı әrazi istisna olmaqla, Livanı tәrk etdi. H. İsraildә saxlanılan әsirlәri azad etmәk mәqsәdilә oktyabrda Şәbada әmәliyyat keçirәrәk israillilәri әsir götürdü. Mübadilә zamanı 400 fәlәstinli әsir dә geri qaytarıldı. İsrailin әsirlәrin bir qismini qaytarmaqdan imtina etmәsinә cavab olaraq H. 2006 il iyulun 12-dә İsrail әrazisindә әmәliyyata başladı. 33 gün davam edәn müharibә BMT TŞ-nin 11 avqust tarixli qәtnamәsi әsasında avqustun 14-dә bitdi.
H. Livanın müdafiәsi ilә yanaşı, ölkәnin siyasi, mәdәni vә iqtisadi hәyatında da mühüm rol oynayır. Siyasi partiya kimi әhali tәrәfindәn geniş dәstәklәnәn H. mәktәb, xәstәxana vә s. müәssisәlәr tәsis edir, sosial proqramlar hәyata keçirir. 1991 ildәn H.-ın “Əl-Mәnar” televiziya kanalı fәaliyyәt göstәrir. H.-ın nәzdindә siyasi, icraiyyә, mәhkәmә, parlament vә cihad komitәlәri fәaliyyәt göstәrir. H.-ın işinә Mәrkәzi Şurarәhbәrlik edir.
H. 2011 ildәn başlanan Suriya böhranında B.Əsәdi fәal dәstәklәyir. İraqda İŞİD-lә mübarizәdә iştirak etmişdir. H. ABŞ, İsrail vә bir sıra başqa dövlәtlәr tәrәfindәn terrorçu tәşkilat elan olunmuşdur.










