HO Şİ MİN (Ho Chi Minh; әsl adları Nquyen Şin Kunq; Nquyen Tat Than; 19.5. 1890, Hqean әyalәti, Hamdan qәzasının Kimlyen k. – 2.9.1969, Hanoy) – Vyetnam dövlәt vә siyasi xadimi. Kәnd müәllimi ailәsindәndir. Huedә Milli kollecdә tәhsil almış, sonra fransız vә Vyetnam dillәrindәn dәrs demişdir. 1911 ilin iyununda Vyetnamı tәrk etmiş, 1912 ildә Fransa vә Britaniya şirkәtlәrinin gәmilәrindә işlәmiş, 1912–13 illәrdә ABŞ-da, 1915 ildәn B.Britaniyada, 1917 ildәn Fransada yaşamışdır. 1920 ildә Fransa Kommunist Partiyasının üzvü olmuşdur. Vyetnamın müxtәlif kommunist qrupları әsasında Vyetnam inqilabçı gәnclәrinin yoldaşlığı tәşkilatını (1925), Vyetnam Kommunist Partiyasını (1930) yaratmışdır. Dәfәlәrlә hәbs olunmuş, 1929 ildә qiyabi şәkildә ölüm cәzasına mәhkum edilmişdir. 1934–38 illәrdә Moskvada Şәrq zәhmәtkeşlәrinin kommunist un-tindә oxumuş, Kominternin 7-ci konqresinin (1935) işindә iştirak etmişdir. 1941 ildә vәtәnә qayıdıb fransız müstәmlәkәçilәrindәn vә yapon işğalçılarından azad olmaq vә müstәqil Vyetnam uğrunda mübarizә liqasını (Vıetmin) yaratmışdır. Avqust inqilabının (1945) qәlәbәsindәn sonra Vyetnam Demokratik Respublikasının başçısı, Vyetnam hökumәtinin sәdri (1945, avqust – 1946, mart), 1946 ilin martından Vyetnamın prezidenti, eyni zamanda baş nazir (1946–55) olmuşdur. 1951 ildә Vyetnam Zәhmәtkeşlәr Partiyası adlandırılmış Vyetnam KP MK-nın sәdri seçilmişdir. “Vyetnam müharibәsi”nin başlanğıcından hәrbi tәcavüz şәraitindә hәr hansı danışıqları rәdd etmiş, mübarizә mövqeyini tutmuşdur. Badin meydanındakı (Hanoy) mavzoleyindә dәfn olunmuşdur. Sayqon ş. onun şәrәfinә Hoşimin adlandırılmışdır (1976).










